Gələn həftə qurumun insan haqları komitəsində siyasi məhbus problemiylə bağlı gərgin müzakirələr olacaq
Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində keçiriləcək Insan Haqları və Hüquq Məsələləri üzrə Komitənin iclasının gündəliyinə Azərbaycanda siyasi məhbuslar məsələsi də əlavə olunub.
Bu barədə “Insan Haqları Uğrunda” Ictimai Birliyinin sədri Eynulla Fətullayev məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, bu təşəbbüslə AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser şəxsən özü çıxış edib və onun təşəbbüsü komitənin rəhbərliyi tərəfindən təsdiq edilib: “Azərbaycanda siyasi məhbuslar məsələsi komitənin gündəliyindədir. AŞ PA-nın müvafiq komitəsinin rəhbəri mənə rəsmi dəvətnamə göndərərək iclasda məruzə ilə çıxış etmək üçün Strasburqa dəvət edib. Mən də artıq bu dəvəti qəbul etmişəm və məruzəmin üzərində işləyirəm”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da komitəyə məruzəçi qismində dəvət edilib.
Məhbuslar məsələsinin komitənin gündəliyinə K.Ştrasserin Azərbaycana gözlənilən səfəri ərəfəsində salınmasına gəlincə, E.Fətullayev hesab edir ki, Avropa Şurasının rəsmiləri sentyabrda buraxdıqları səhvin girovuna çevriliblər: “Artıq Ştrasserin mandatı yalnız Azərbaycanla məhdudlaşmır. Azərbaycan iqtidarı da elə bu amildən yararlanır və manipulyasiyalar edir”.
E.Fətullayev komitədəki müzakirələrin gərgin keçəcəyini ehtimal edir: “Ola bilər ki, bir xəbərdarlıq tipli bəyanat qəbul edilsin, növbəti iclasda isə qətnamə verilsin. Komitə qətnamə qəbul etməlidir ki, məsələ artıq AŞ PA-nın gündəliyinə çıxarılsın. Zənnimcə, bu yaya qədər Ştrasser Bakıya gələ bilməsə, AŞ PA-nın müvafiq qətnaməsini gözləməyə dəyər”.


