Maliyyə naziri «agent qalmaqalı»nda meydanda tək qaldı
Bir neçə gündür ki, maliyyə naziri Samir Şərifovla bağlı məsələ gündəmi zəbt edib. Cəmiyyət rəsmi orqanlardan bir açıqlama gözlərkən, hakimiyyət müəmmalı bir susqunluq nümayiş etdirir.
Məsələylə bağlı “Azadlıq”a açıqlama verən Turan Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu məsələlərin hökumətin iradəsindən kənarda baş verdiyini söyləyir. Mehman Əliyevə görə, maliyyə naziriylə bağlı baş verənlər əslində gözlənilməz olub. O, qeyd edir ki, məsələ Samir Şərifov Azərbaycandan çıxandan sonra baş verib: “Təkcə hakimiyyət üçün deyil, bu məsələ hamı üçün gözlənilməz olub. Ona görə də hökumət rəsmiləri buna təcili reaksiya verə bilmirlər. Bu, MTN, daha sonra maliyyə sektoru ətrafında baş verənlərin davamıdır. Hakimiyyət son vaxtlar baş verənlərə müqavimət göstərmək istəyir. Bilirlər ki, bütün bunların dalınca başqası da olacaq. Ona görə də hakimiyyət müqavimət göstərməyə çalışır”.
Samir Şərifovla bağlı “agent qalmaqalı”nda diqqətçəkən məqamlardan biri də onun meydanda tək qoyulmasıdır. Adətən hakimiyyətdə hansısa yüksək post tutan məmur haqqında gündəmi zəbt edəcək səviyyədə neqativ xarakterli iddialar səsləndirələndə YAP-çı deputatlar və iqtidarın nəzarətində olan KIV-lər deyilənlərin əsassız olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Lakin Samir Şərifovla bağlı məsələdə bu baş vermədi. Faktiki olaran hakimiyyət düşərgəsindən heç kim maliyyə nazirini müdafiə etmədi. Iqtidarın nəzarətində olan KIV-də susdu. Məlumat üçün deyək ki, iqtidaryönümlü KIV-lər iki qrupa bölünür: birbaşa Prezident Administrasiyasının kurasiya etdiyi və oliqarxların nəzarətində olan media quruluşları. Hər iki kateqoriyaya aid mətbuat orqanları Samir Şərifovu müdafiəsinə yönəlik materiallar dərc etmədi.
Görünür, hakimiyyət daxilində Samir Şərifova münasibət o qədər müsbət deyil. Bu da böyük ehtimalla baş nazir savaşı ilə bağlıdır. Azadlıq ötən sayında yazmışdı ki, Samir Şərifov da bu savaşa qoşulub və ola bilər ki, “agent qalmaqalı”nda rəqiblərinin də əli var.



