Hökumət manatı müdafiəsiz buraxmağa qərarlıdır

oqtay-haqverdiyevNatiq Əmirov: «Manat artıq öz fundamental məzənnəsini tapmaqdadır»

Oqtay Haqverdiyev: «Dolların manata nisbətdə real qiyməti 3-5 manat arasındadır»

Ilham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov “Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı bir sıra maraqlı etiraflarda bulunub. Bu etiraflardan biri manatın gələcəyi ilə bağlıdır. N.Əmirovun açıqlaması manatı gələcəkdə nəyin gözlədiyini deməyə əsas verir.

N.Əmirov deyib ki, Azərbaycan dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş, açıq iqtisadiyyatlı ölkə kimi, qlobal çağırışlardan kənarda qala bilməzdi: “Neftin qiymətinin kəskin enməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutasının devalvasiyaya uğraması milli valyutamızın devalvasiyasını zəruri edib. Lakin aparılan məqsədyönlü işlər nəticəsində hazırda valyuta bazarlarında sabitlik müşahidə olunur ki, manat da artıq öz fundamental məzənnəsini tapmaqdadır” (APA).

Bununla da etiraf olunur ki, hökumətin hazırda iqtisadi siyasəti manatın real məzənəyə düşənə qədər davam edəcək. Milli valyutanın real məzənnəyə düşməsi isə həm də uzunmüddətli və ağrılı proses sayıla bilər. Real məzənnə MB-nin heç bir müdaxiləsi olmayan kursdur. Bəs, manatın dollar qarşısında real gücü nədər ibarətdir?

Iqtisadçı Oqtay Haqverdiyev hesab edir ki, dolların manata nisbətdə real qiyməti 3-5 manat arasındadır. Amma bu o demək deyil ki, bu məzənnəyə bir neçə gün ərzində çatılacaq. “Bu məzənnə özünü iki-üç il ərzində tapacaq. Səudiyyə Ərəbistanının iqtisadiyyatı məgər bizdən azdır? Iki ölkənin iqtisadi strukturu bir-birinə bənzərdir. Onların milli valyutası dollardan bir neçə dəfə ucuzdur. Necə ola bilər ki, Azərbaycanda dollar manatdan ucuz olsun. Neftin qiyməti hətta 100 dollara çatsa da, dolların manata nisbətdə məzənnəsi 0.78 olmayacaq”.

Manatın dollara nisbətdə real məzənnəyə çatmasının iqtisadiyyata nə vəd etdiyinə gəlincə isə, O.Haqverdiyev bildirdi ki, iqtisadiyyat kreditsiz inkişaf edə bilməz. Ona görə iqtisadiyyatın kreditləşməsinə xüsusi diqqət yetirilməlidir.

Xəyal