Təkcə son bir ildə 50 min insan həyatını itirib
2015-ci il Suriya münaqişəsi tarixində ən uğursuz il olub. “Oxfam”, “Care” və “Save the Children” təşkilatları da daxil olmaqla 30 humanitar qurumdan ibarət beynəlxalq birlik bu barədə dünən məlumat yayıb. Suriya müharibəsinin beşinci ildönümünə həsr edilmiş məruzədə qeyd olunur ki, son 12 ayda yardıma ehtiyacı olanların, qaçqınların və mühasirəyə alınmış şəhərlərin sakinlərinin sayı xeyli artıb.
Humanitar təşkilatlar Suriyada vəziyyətə təsir göstərən Rusiya, ABŞ, Fransa və Böyük Britaniya kimi əsas qüvvələri bu ölkənin ərazisində aparılan hərbi əməliyyatlar vasitəsilə humanitar fəlakəti daha da kəskinləşdirməkdə, həmçinin Suriya münaqişəsinin tərəflərinə effektiv siyasi təzyiq göstərməməkdə təqsirləndirirlər.
Ölkədən qaçanlar, aclıq çəkənlər…
2015-ci ildə Suriya ərazisində azı 50 min nəfər həlak olub. Bir neçə milyon suriyalı ölkədən qaçmağa məcbur olub, 1,5 milyon Suriya vətəndaşı yalnız humanitar yardım ümidinə qalıb.
Ötən il ölkədə 200 min bina dağıdılıb. Bu, 2014-cü ildəkindən 20 faiz çoxdur. 112 xəstəxanaya və başqa tibb məntəqələrinə hücum edilib. Bu da 2014-cü ilin müvafiq göstəricisindən 44 faiz çoxdur.
2015-ci ildə daha 400 min suriyalı uşaq məktəbə getmək imkanından məhrum olub. Beləliklə, ibtidai və orta təhsil almaq imkanını itirmiş suriyalı uşaqların sayı iki milyona çatıb.
Bu gün Avropa ölkələrinə miqrantlar daha çox Suriya və Iraqdan gəlirlər. Bunu Macarıstanın sabiq baş naziri Peter Medeşi dünən “Çoxqütblü dünyaya doğru” mövzusunda keçirilən Qlobal Bakı Forumu çərçivəsində “Qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu. Birgə fəaliyyətə necə nail olmalı?” mövzusuna həsr edilən panel iclasında çıxışı zamanı deyib:
Avropaya ən çox qaçqın haradan gəlir?
“Bu gün Avropa ölkələrinə miqrantlar daha çox Suriyadan, Iraqdan gəlirlər. Ərəb baharı yetişməmişdi və yerli mədəniyyətlərlə ziddiyyət təşkil edirdi, nəticə isə tarazlığın pozulması kimi meydana çıxmışdı. Miqrasiyaya diqqət yetirmək lazımdır, amma ənənələrə, mədəniyyətlərə hörmət etmək vacibdir”.
Sabiq baş nazir deyib ki, müharibələrin olmaması miqrasiya axınına fasilə verə bilər, amma bu da məsələnin tam həlli yolu deyil: “Çünki miqrantlar getdikləri ölkələrdə artırlar, buna görə də bu məsələlər yerlərdə həll edilməlidir”.
Moldovanın sabiq prezidenti Petru Luçinski bildirib ki, miqrantlar daha çox, yaşayış şəraiti yaxşı olmayan 50-yə qədər ölkədən çıxırlar: “Əgər bəşəriyyət tədbirlər görməsə, bunun qarşıısnı ala bilmərik. Bunun üçün plan hazırlamaq olar. Miqrasiyanın mənşə ölkələrini müəyyən etmək lazımdır. Beynəlxalq qurumlar bu işlə məşğul olmalıdırlar, çünki heç hir ölkə bunu tam olaraq, öhdəsinə götürməyəcək”.
P.Luçinski deyib ki, BMT xalqların təhlükəsizliyi üçün yarandı, onda Təhlükəsizlik Şurasının 5 üzvü tərəfdaş idi, indi isə hər bir ölkənin öz mövqeyi var: “Indi çoxqütblü dünyada yaşayırıq. Ona görə də bunun üçün müəyyən koordinasiya işləri aparılmalıdır”.
Onminlərlə miqrant çətin vəziyyətdə
Miqrasiya böhranının həlli üzrə koordinasiya mərkəzindən verilən məlumata əsasən, hazırda Yunanıstanda 41973 qaçqın yerləşir. Bir həftə əvvəl – koordinasiya mərkəzinin fəaliyyətə başladığı gün bu ölkədə 32 min qaçqın qeydə alınmışdı. Fevral ayının sonlarında miqrasiyanın “Balkan marşrutu” bağlandıqdan sonra Yunanıstanda qaçqınların sayı sürətlə artmağa başlayıb. Son günlər ərzində Türkiyədən Yunanıstan adalarına 2373 mühacir gəlib.
Koordinasiya mərkəzindən verilən məlumata görə, Makedoniya ilə sərhəddə yerləşən Idomeni buraxılış məntəqəsi yaxınlığında quraşdırılmış müvəqqəti yerləşmə düşərgəsində ölkəni tərk etmək istəyən 12 min qaçqın toplaşıb.



