Qısqanc müttəfiqlər, narahat düşmənlər…

iran-bayraq1«BBC Monitorinq» Cənubi Qafqazın sanksiyalardan sonrakı İrandan gözləntilərini təhlil etdi

Məlum nüvə anlaşmasından sonra dünya iqtisadiyyatına yenidən qoşulan Iran Cənubi Qafqazın hər üç ölkəsinin gündəmində geniş yer alıb. Mövzu ilə bağlı təhlil aparan “BBC Monitorinq” bu mərhələdə Azərbaycan, Ermənistan və Gürcüstan mətbuatında dərc olunan materialları izləyərək qiymətləndirmə aparıb:

Hər 3 ölkə nümayəndə heyəti göndərdi

“Azərbaycan, Ermənistan və Gürcüstan Irana yüksək səviyyəli nümayəndə heyəti göndərərək sanskiyalardan sonrakı Tehranın onların böhran vəziyyətində olan iqtisadiyyatlarına kömək edəcəyinə ümid etdiklərini vurğulayıblar. Sanksiyaların bitməsi razılığın əldə olunması üçün ümidləri artırır. Son bir il ərzində hər üç ölkənin milli valyutasının məzənnəsi devalvasiyaya uğradığına görə investisiya və yeni ticarət əlaqələrinə can atmaqdadılar. Xüsusilə də, rəsmilər Tehranın dəstəyini, enerji və tranzit sektorlarında mühüm infrastruktur layihələrinin maliyyələşməsində maddi köməyini qazanmağa diqqəti artırıblar.

Bundan əlavə, digər sahələrə investisiya yatırmaq üzrə danışıqlar aparılıb. Iranlıların yerli turizm sənayesini inkişaf etdirəcəyi, bölgəyə Avropa bazarlarına qapı kimi baxacağına ümidlər artıb”.

Uzunmüddətli əlaqələrin bərpası

Təhlildə qeyd olunur ki, sanksiyaların ləğvi hər üç ölkə üçün bölgənin vacib dövləti olan Iranla siyasi əlaqələrin yenidən qurulması üçün də bir şansdır: “Ermənistan son iki onillikdə öz cənub qonşusu ilə davamlı olaraq güclü əlaqələr qurub. Gürcüstan isə Qərbin bu recimə qarşı sanksiyalara qoşulmaq təzyiqi altında Iranla əlaqələrini üç il əvvəl məhdudlaşdırıb. Azərbaycanla Iran əlaqələri Sovet Ittifaqının dağılmasından sonra mürəkkəb olub. Irandakı çoxlu sayda azərbaycanlının olması hər iki ölkəni azad münasibətləri dəstəkləyən ikitərəfli əlaqələrə qarşı daha həssas edib. Müstəqil Azərbaycan isə teokratik Iranın bu ölkədə islamçı ideyalarını yayması cəhdlərinə qarşı müqavimət göstərib.

Lakin ekspertlerin fikrincə, Bakının hazırki iqtisadi çətinlikləri ölkə liderlərini Tehranla daha yaxın əlaqə qurmağa vadar edir. Eyni zamanda, Ermənistan ümid edir ki, Iran Moskvanın iqtisadi böhran yaşadığı bir dövrdə Rusiyanın buraxdığı büdcə boşluğunu doldurmaöa kömək edə bilər. Gürcü rəsmiləri də Iranla körpülərin bərpa olunması üçün bu ölkəyə üz tutub.

Fevral ayında rəsmi Tiflis iranlılar üçün viza rejimini ləğv etdiyini elan etdi və Gürcüstanın iqtisadiyyat naziri dövlətin Iranın tur operatorları və mətbuatı ilə “fəal əməkdaşlıq” etdiyini elan etdi. Iki ölkə, həmçinin elektrik enerjisi müqavilələrini və bəlkə də təbii qaz idxalını müzakirə ediblər.

Ermənilər nədən narahatdı?

“BBC Monitorinq” hesab edir ki, Iranla əməkdaşlıq bəzi narazılıqları meydana gətirib: “Erməni şərhçiləri qorxurlar ki, əzəli düşmənləri olan Azərbaycanın Tehranla daha yaxın əlaqə qurmaq kimi yeni marağı Irəvanın Islam Respublikası ilə ənənəvi güclü əlaqələrinə zərbə vurur. Bakı və Irəvan uzun müddətdir Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üzrə münaqişədədirlər. Ermənistanın digər narahatçılığı isə ondan ibarətdir ki, Moskva Irəvanın Iranla münasibətindən istifadə edərək ölkənin Rusiyadan asılılığını azaltmaq cəhdlərinin qarşısını alacaq.

Azərbaycanın narahatçılığı isə budur ki, Kreml Bakının Tehrana dost münasibətini, xüsusilə də Rusiyadan yan keçən nəhəng Cənub Qaz Dəhlizi layihəsində Iranın mümkün marağını sarsıda bilər.

Qərbyönümlü Gürcüstan üçünsə Iranla münasibətlər hələ də risklidir. Tbilisi ABŞ siyasətindəki dəyişikliklərə həssaslıqla yanaşır. Çünki Tehranla daha sıx əlaqə qurmaq cəhdi əvvəllər Vaşinqtonla gərginlik yaranmasına səbəb olub”.

Turizm, ticarət, enerji

Müəlliflər qeyd edir ki, Iranla dərinləşən əlaqələrdən doğan gərginliyə baxmayaraq, Cənubi Qafqazın hər üç ölkəsi görünür bu ölkə ilə daha sıx iqtisadi əlaqələr qurmaq niyyətindədirlər: “Bakıda nəşr olunan “Azadlıq qəzeti”nin məqaləsinə əsasən, fevral ayında Tehrana səfəri zamanı Azərbaycan prezidenti Ilham Əliyev 11 razılaşma, həmçinin Şimal-Cənub ticarət yolu haqqında plan imzalayıb. Ermənistan da Iranla danışıqlara can atır. Yerli turizm agentlikləri martın sonundan Novruz bayramında çoxlu sayda iranlının səfərini gözləyirlər və Ermənistanın Ictimai televiziyasının verdiyi xəbərə görə, Iranlılardan ibarət nümayəndə heyəti Ermənistanda səhiyyə sahəsində investisiyalar yatırmaq üçün danışıqlar aparıb. Elektrik və ticarət sahəsində müvafiq anlaşmalar da müzakirə olunmaqdadır.

Gürcüstan Iran qazını idxal etmək firkindən daşınsa da, deyilənlərə görə, hökumət elektrik enerjisi mübadiləsi üzərində işləməkdə qərarlıdır”.