Əliyev Samir Şərifovu pul dalınca göndərib

samir-serifov1Milyardları talan edənlər qəpik-quruşa möhtac qalıblar

Azərbaycan hakimiyyəti hələ də “kəndinə” qayıda bilmir.  Ölkədə vəziyyət hər gün daha da kəskinləşir və buna adekvat olaraq heç bir addım atımır. Yenə də imitasiya ilə məşğuldular, dünyanı gəzib borc pul axtarırlar. O qədər anti-xalq mahiyyətlidirlər ki, vəziyyətdən çıxmaq üçün qətiyyən oğurladıqları milyardlardan yararlanmaq istəmirlər.

Yenə də büdcədən milyardlar yayınır, yenə də azad sahibkarlıq mühiti yoxdur, yenə də monopoliya davam edir. Beynəlxalq öhdəliklərə əməl edilmir, demokratik idarəçilikdən imtina edilib. Və bütün bunlardan sonra elə bilirlər ki, dünyadan 5-3 milyard pul qopartmaqla problemi həll edəcəklər. Düşünürlər ki, gələcək nəsillərin çiyninə daha ağır yük qoymaqla, bu dəfə də məngənədən çıxacaqlar.

Ona görə də dünənə qədər söydükləri Avropadan, ABŞ-dan kömək istəyirlər. Dünənə qədər ölkədən qaçırtdıqları investorlardan ölkəyə qayıtmağı xahiş edirlər. Artıq “Avropanın bizə ehtiyacı var”, “heç bir böhran bizə təsir edə bilməz” təbliğatı iflas edib.

Bildiyiniz kimi, Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi, “Cənub Qaz Dəhlizi” Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin 2016-cı il 10-16 mart tarixlərində dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur. Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır. “Financial Times” yazır ki, Azərbaycan hakimiyyətinin nümayəndələri 2 milyard dollar vəsait əldə edilməsi məqsədilə cümə axşamı beynəlxalq investorlarla görüş keçiriblər.

Göründüyü kimi, nazirimiz ABŞ-ı qarış-qarış gəzib investor axtarır, 2 milyard pula görə əl-ayağa düşüblər.

Əvvəla, son 10 ildə ölkədən yüz milyardlarla vəsait oğurlanıb. Əgər bu ultramilyonerlərin, milyarderlərin hərəsi  bir az pul buraxsalar, problemi həll edərlər. Həm də bu pullar halal yolla qazanılmış, ağır əziyyətlə başa gəlmiş pullar deyil. Dövlətin vəsaitidir və asanlıqla oğurlanıb.

Ikincisi və daha mühümü budur ki, belə bərbad reputasiyası olan hökumətə heç kim pul verməz, heç bir investor belə bir ölkəyə sərmayə yatırmaz. Azərbaycan bütün reytinqlərdə sonuncu yerdədir. Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirib. Məhşur “Standard&Poor’s”, “Moody’s Investors Service” agentlikləri Azərbaycanın iqtisadi göstəricilərini mənfi qiymətləndirib. Eyni zamanda Azərbaycan səyahət edilməsi məsləhət görülən ölkələr sırasına salınmayıb, Azərbaycan ən çətin viza verən 10 ölkə siyahısındadır, Bakı keyfiyyətsiz şəhərlər siyahısına düşüb. Beynəlaxalq qurumlar ölkədə söz azadlığının olmadığını, repressiyanın hökm sürdüyünü, müstəqil məhkəmələrin sıradan çıxarıldığını, korrupsiyanın normaya çevrildiyini, monopoliyaların  olduğunu bildirirlər.

Belə bərbad imiclə ölkəni necə xilas etmək olar? Bütün bəşəri dəyərlərdən imtina edib, avtoritarizmə meydan açan hökumətə kim əl uzadar?

Samir Şərifov dünyanı qarış-qarış gəzsə də heç bir müsbət nəticə əldə edə bilməz. Əvvəlcə hökumətin imici düzəlməlidir, hökumət demokratik islahatlara hazır olduğunu bəyan etməlidir, şah qanun olmamalıdır, xarici investorlar  üçün ölkə cəlbedici olmalıdır və s.

Qısası, əvvəlcə evin içini səhmana salmaq lazımdır ki, kənardan baxanlar ev yeyəsinə müsbət qiymət versinlər.  Yoxsa, başdan-ayağa çirkaba batmış hökumətlə heç kim dostluq etmək istəməz.

Samir