«Messi bu dünyadan deyil»

Dünən gecə İsveçrənin Sürix şəhərində Lionel Messi ardıcıl olaraq üçüncü dəfə ilin oyunçusu seçildi. Daha doğrusu, onu seçdilər. Jurnalistlərin, milli komandaların kapitanlarının və baş məşqçilərin iştirakı ilə keçirilən seçkidə səslərin demək olar ki, yarısı argentinalı ulduza verilib. Lionel Messiyədək hollandiyalı Yohan Kroyf və Marko van Basten, habelə UEFA-nın hazırkı prezidenti Mişel Platini karyeraları ərzində 3 dəfə dünyanın ən yaxşı futbolçusu seçiliblər. Messinin bir üstünlüyü də odur ki, o, dalbadal 3 dəfə bu titula yiyələnib.

…Və 25 yaşı hələ iyunun 24-də tamam olacaq.

Fabrik fəhləsi və küçə süpürgəçisinin oğlu

Onun atası Xorxe Orasio Messi fabrikdə fəhlə işləyib. Anası Mariya Kuççittini isə küçə süpürgəçisi olub..

Futbolçunun şəxsi saytında yazılıb ki, ailədə kiçik Lionelin futbolçu olmasını heç kim istəmirmiş. Nənəsi Seliyadan başqa. Məhz nənəsi 5 yaşlı Lionelin əlindən tutub onu yerli «Qrandoli» klubuna gətirir. Amma məlum olur ki, ondan ümumiyyətlə futbolçu çıxmayacaq. Çünki xəstədir; boy artımı zəif inkişaf edir. Müalicə olunmaq üçün isə pul yoxdur. 900 dollar tapa bilmirlər. Amma…
Amma o, gecə-gündüz futbolla nəfəs alır. Nənəsinin, məhz nənəsinin aldığı topla yatıb durur.

Haydı, Barselonaya!

Günlərin bir günü, «Barselona»nın «kəşfiyyatçıları»na xəbər verirlər ki, Argentinada cılız, çəlimsiz bir uşaq var. Klubun skautları Martin Montero və Fabian Soldini dərhal bu ölkəyə yollanırlar. Onlar balaca Lioneli elə küçədə, «iş başında» yaxalayırlar. Atasını inandırılar ki, İspaniyaya köçsələr, həm oğlunun müalicəsi ilə məşğul ola biləcək, həm də özü normal iş tapacaq, həm də Lionel klubun Akademiyasında təhsil alacaq. Ata razılaşır. Onlar Barselonaya köçürlər. Lionelin ilk məşqindən sonra klubun prezidenti heç bir tərəddüdsüz-filansız ona müqavilə bağlamağı təklif edir; 13 yaşlı uşağın ilinə 90 min dollar müqabilində müqavilə bağlanılır…

«Bu uşağın texnikası Maradonanı xatırladır, sürəti Kroyfu, ötürmələri isə Ronaldinonu». Bunu 16 yaşı hələ tamam olmamış «Barselona»nın heyətində «Porto» ilə yoldaşlıq oyununda ilk dəfə meydançaya çıxıb və özü də qol vuran Messi barədə İspaniyanın məhşur «El Mundo» qəzeti yazırdı…

***

İlk rəsmi oyununda isə qol vuranda – «Albasate»nin qapısına- onun 17 yaşı vardı… Biz onun karyerasını sizlərə təqdim etməkdən uzağıq. Bu, bəlkə də yorucu olardı. «Barsa» ilə saysız-hesabsız titullar qazanan, 3 dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Lioneldən nə qədər desəz, yazmaq olar. Ondan artıq kitab belə yazıblar. Biz sizlərə tamam başqa məqamlardan söhbət açacağıq. Yox, söhbət heç də onun şəxsi həyatından, sevgisindən-filandan da getmir.
Əgər bilmək istəyirsinizsə, bəli, onun sevgilisi də var.
Hələ iki il əvvəl İspaniyanın Kanal 33 telekanılında yayımlanan «Hat Trick Barca» proqramında o, etiraf etmişdi ki, Antonella Rokkazzo adlı sevgilisi var.
Söhbət isə, dünyaca məşhur futbolçuların onun barəsində dediyi və az qala aforizmə çevrilən fikirlərindən gedir. Məncə, Messini onlardan yaxşı təqdim etmək mümkün deyil.

Elə isə başlayaq;

Arda Turan,İspaniyanın «Atletiko» klubunun oyunçusunun «Marka» qəzetinə müsahibəsindən:

– Sizcə, dünyanın ən yaxşı futbolçusu kimdir?
– Kriştiano Ronaldo.
– Bəs Messi?
– Messi bu dünyadan deyil…

Xosep Qvardiola:

– Mən hələ indiyədək nə onun kimisi ilə oynamışam, nə də məşqçisi olmuşam. O, dünyanın ən yaxşı oyunçusu deyil, Allah bilir, bəlkə də şeytandır.

Dieqo Maradona:

– Yalan deyirlər, o, futbolçu deyil. Sehrbazdır.

Joze Mourinyo. «Real»ın baş məşqçisi, «Barselona»ya ağır məğlubiyyətdən sonra yetirmələrinə belə deyir:

– Uşaqlar, siz əla oynadız. Sizdə heç bir problem yoxdur. Problem Messidədir.

Raul:

– Belə birisi hələ ki dünyada yoxdur. Top sanki onun ayağına yapışıb. Zavallı müdafiəçilər neyləsin?

Arsen Venger:

– Onun oyununa baxanda elə bil kompüterdə PlayStationdəki oyunçudur. Bu qədər dəqiqlik və fintlərə ancaq kompüter oyunlarında rast gəlmək mümkündür.

Biksant Lizarazyu:

– Messi adi geyimdə məktəb uşağına oxşayır. Amma «futbolka»da olanda ətrafındakılar məktəbliyə bənzəyirlər.

Paolo Maldini:

– Daha hər il nəyə görə ilin oyunçusunu seçirlər ki? Hələ uzun illər Messi olacaqsa…

Frank Raykard:

– Yox, onun etdikləri insan əməli deyil. İnsan olan kəs belə futbol oynaya bilməz.

Qurban Berdıyev, «Rubin»in baş məşqçisi:

– Bizimlə oyunda 5 müdafiəçimizi bir anda arxada qoyanda fasilədə oyunçularıma dedim ki, top onda olanda hamınız üstünə cumun. Yoxsa, işimiz fənadır.

Karlos Byanki:

– Jurnalistlər mənə sual verirlər ki, dünya futbol tarxində ən yaxşı oyunçu
kim olub, Maradona , yoxsa Pele? Dedim, hər həftə «Barselona»nın oyununa baxın.

Aleksandr Mostovoy, Rusiya yığmasının keçmiş üzvü:

– Mən başa düşürəm, bu adam qol vurur, ötürmə verir. Necə deyərlər, hər şey super! İş ondadır ki, bu adam tərləmir də axı?