Əhməd Əhmədzadəni infarkt vurub?

Sədrin köməkçisi “Elə bir şey yoxdur” deyir, QHT təmsilçisi isə onun son vaxtlar fəaliyyətini görmür

Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin səhhhətində son günlər ciddi problem yarandığı haqda xəbər yayılıb. Məlumatı “Hürriyyət” qəzeti yazıb. Qəzet qaynağına istinadən yazır ki, Ə.Əhmədzadəni həkimlər ölümdən qaytarıb: “Həkimlər Əhməd Əhmədzadəni ölümdən qaytarıb. O tam taqətsiz vəziyyətdədir. Həkimlər Melorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin bundan sonra vəzifəsini icra edə bilməyəcəyi qənaətindədirlər. Bu baxımdan da Əhmədzadənin yaxın günlərdə vəzifəsindən azad oluncağı gözlənilir”. Qəzet onu da qeyd edir ki, bu barədə “yuxarı”larda müəyyən informasiyalar səsləndirilir.
Məlumatla əlaqədar Melorasiya və Su Təsərrüfatı ASC ilə əlaqə saxladıq. Sədrin köməkçisi Ramiz Cəfərov məlumatın doğru olmadığını söylədi. Onun sözlərinə görə, Əhməd Əhmədzadə iş başındadır: “Hazırda Əhməd müəllim otağındadır. Elə bir şey yoxdur. Belə bir informasiya həqiqəti əks etdirmir”.
“Kür” Vətəndaş Qərargahının koordinatoru Oqtay Güləliyev su daşqınları ilə bağlı tez-tez Melorasiya və Su Təsərrüfatının nümayəndələri ilə görüşür. Bu baxımdan məlumatı üçüncü mənbə kimi onunla yoxlamaq istədik. Güləliyev bildirdi ki, qəzetin yazdığı barədə məlumatı yoxdur. Ancaq Əhməd Əhmədzadənin son zamanlar fəaliyyətini görmür. “Sonuncu dəfə dekabrın sonunda idarənin nümayəndəsi tədbirimizdə iştirak edib”, – deyə o bildirdi.

Ramin DEKO