Maski-şou

«Zamanla böyüklərdən çox şeylər öyrənir və öyrəndiklərimizi gənclərə aşılamaq istəyirik»

Bu, aktyor Elməddin Cəfərovun YAP-çı kimi “Səs” qəzetinə verdiyi ilk siyasi(!) bəyanatdır. Yalnız böyüklərimiz dedikdə kimi nəzərdə tutduğunu açıqlamadı. Eybi yox, öyrənəcək…
Mən bu yazını yazmamışdan əvvəl aktyorun baş rolda çəkildiyi, “Milçək”(!) filmindən bəzi kadrları seyr etmək əzabını yaşadım. Filmin qəhrəmanı bütün film boyu milçək öldürür, məlum olur ki, atası da bütün ömrünü buna sərf edib. Filmin əsas qayəsi odur ki, boş işlər görənlərə elə gəlir ki, onlar ciddi işlərlə məşğuldurdular. Vəssəlam…
Işin maraqlı tərəfi ondadır ki, indi bu filmlərə baxanlar və Elməddini kumir kimi qəbul edənlər də var. Bu, iqtidarın 18 illik zəhmətinin bəhrəsidir. Təsəvvür edin, qızlar kollecinin rayon filialında, qiyabi iki il təhsil alıb ibtidai siniflərdə müəllimliyə başlayan qızlarımızın sayı təkcə bir bölgədə 93 nəfərə çatır. Bu yaxınlarda məlum oldu ki, onların bir çoxunun diplomu saxtadır(!). Cəmi bir neçə ay təhsil alanlara ibtidai sinif kimi məsuliyyətli sahəni etibar etmək, doğrudan da cinayətdir.
…Bu yaxınlarda millət vəkili Rəbiyyət Aslanova qatıldığı elmi konfransda “Biz yeni, prezidentini sevən bir nəsil yetişdirməliyik” deyib. Adam az qalır qışqıra bunlara: “bu ”yeni nəsil”in nəyi sizi qane etmir? Daha bundan artıq nə istəyirsiniz, bostan zaddı bəyəm?”. Nə isə…
“Bu şəhərdə” və KVN teatrının tamaşaları zamanı diqqətimdən qaçmayan bir məqam var, ön sırada əyləşdirilən (!), görkəmli gülüş ustalarımız bu tamaşalar boyu çətin anlar yaşayırlar. “Uğunub gedən” zala və gözlərini onlara dikən hoqqabazlara sayğısızlıq etməmək üçün rola girmək məcburiyyətində qalıb gülümsəyirlər…
“3-cü sinifdə hamilə olduğum üçün məni məktəbdən qovdular” – bu, əməkdar artist Əkbərin monoloqudur, qızlar kollecinin rayon şöbəsini bitirən müəllimənin həyata vəsiqə verdiyi yeniyetmə üçün bu iqtidar təlxəyinin “tapıntısı” alqışlanır. Yəni dünyada 25 ildən bir təkrarlanan, “9 yaşlı hamilə uşaq rəzalətini” heç yaşamamış bir ölkədə adi hal kimi onlara çatdırılması tam doqquzluğa dəyir. Üstəlik, “Qızıl pillə” kimi verilişlərdəki erotik çağırışlar, aparıcının uzandığı yerdən, yarıçılpaq vəziyyətdə, televiziya ekranından hər evə boylanmasını da buraya əlavə etsək, yeni nəsil siyasətinin konturları aydın görünür.
“Gənc nəsil kütləşdikcə, ağıllı görünməyə çalışan” rejim isə bundan faydalanır. Onlara düşünən beyin, yaradıcı gənc lazım deyil, küt müəllimlər, təlxəklər lazımdır.
Onlara ev, fəxri adlar verilir, konsertlərinə inzibati üsullarla tamaşaçı yığılır, mənəvi dəstək üçün bəzən hakim elita da bu biabırçılığı izləməyə gəlir. Yaşayan korifey sənətkarlarımız, xalq artistlərimiz isə bir-bir işdən çıxarılır.
…Belə bir şəraitdə, şou-bizneslə, YAP-ın siyasi “izdivacı” bu günün ən böyük sürprizidir. Axı onların arasındakı mehribançılıq heç də qabardılmırdı, yalnız toy kasetlərində bu mehribançılığı görmək olardı. Bu taktiki gedişə ən müxtəlif şərhlər verilir. Mənim versiyam çox sadədir və fikrimcə, əndişələnmyə gərək yoxdur. Məsələ burasındadır ki, mən bir dəfə, iqtidar tanınmışlarının da iştirak etdiyi toy kasetinə baxmışam. Həyatımda ilk dəfə onları pul verən görürdüm. Icra başçısı, nazir müavini, deputatlar adları çəkilən kimi, canlarını dişinə tutaraq, gülümsəyə-gülümsəyə müğənniyə yaxınlaşırdılar. Amma onların üzündə, süni təbəssümlə ört-basdır etməklərinə baxmayaraq, bir qəzəb də var idi. Həmişə almağa öyrəşmiş bu insanlar, pulu müğənnilərin sinələrindəki “əlverişli” yerə (başqa cür ifadələri məqbul saymadım – Ə.X.) bərkidməklə, qəribə nəzərlərlə onları süzərək bununla təsəlli tapırdılar. Nəhayət, şabaş üzüntüsü çözüldü, hətta əvvəlkilərin də üzvlük haqqı kimi geri qayıtması məsələsi də gündəmə qondu(!) desək, yanılmarıq….      
…Dahilərdən kimsə, mədəniyyətin xaos üzərində varlığını qoruyan nazik alma qabığı olduğunu soyləmişdi. Yəni, cəmiyyət kataklizmlər yaşasa da, mədəniyyətin özünü bu bəlalardan qorumaq instinkti var…
Başqa bir ümidimiz isə, övladlarını qətiyyətlə bu ötəri dövrün eybəcərliklərindən qoruyan vətəndaşlarımızdır.