Ölkə dağılan durumda

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Inanın, ölkə prezdenti sayılan Ilham Əliyev bu ölkənin hara gedtiyini bilmir. Bilsəydi, ən azı indi, gecdən gec olsa da, çıxış yolu axtarar, konkret, kəskin addımlarla nəsə etməyə çalışardı. Elə bil bu ölkənin başında duran o deyil, bir başqasıdır. Elə bil “o bir başqası” deyilən ona yalnız arabir televizora çıxıb üz-gözünü turşutmaqla, yalandan acıqlı görünməklə kimlərisə sözdə qorxutma göstərişi verir: “Eləcə çıx, acıqlı danış, asacam-kəsəcəmlə qorxut, sonra da get özün üçün yaşa”. Bu gün görünən budur: I.Əliyev məmur qudurğanlığına son qoyulmasına çağırır, məmur qudurğanlığı daha geniş, daha ötkün xarakter alır. Rüşvət, korrupsiya, monopoliyalara son qoyma gərəyindən danışır, bunlar daha açıq xarakter alır. Gömrüyü “düzəltmək” istəyir, düzəldə “bilmir”. Özünün dediyinə görə, ölkədə qayda-qanun yaratmağa çalışır, yarada “bilmir. Gənc, bunlara görə ”səriştəsiz” M.Saakaşvili vur-tut iki prezidentlik dönəmində (10 ildə!) Gürcüstan kimi rüşvət, korrupsiya, oğrluq bataqlığına batmış ölkəni o bataqlıqdan çıxarıb QURULU YAYA BƏNZƏR GERÇƏK-GÜCLÜ  DÖVLƏTƏ çevirdi.

“Dünyanın ən güclü, taysız dövlət başçıları” olan ata-bala Əliyevlər əlli ildi “rüşvətlə, korrupsiya ilə mübarizə” axarında Azərbaycanın axırına çıxıblar. Dönə-dönə yazdığımızı bir daha vurğulamaq gərəkir: rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya Azərbaycanda çoxdan DÖVLƏT SIYASƏTINƏ dönüşüb! Indi qəzetlər, saytlar durmadan Maliyə naziri Samir Şərifovun üçqat agent olduğundan yazır. Özü də bundan sensasiya yaratmağa çalışırlar. Gülüncdən də gülünc görsənişdir: yuxarıda sözügedən neqativ görsənişlərin hamısının deyil, bircəciyinin – korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ dönüşməyi faktı – bircə bu fakt – ölkədə ikiqat, üçqat, beşqat, onqat agentlərin yuxarı eşelonu doldurması gerçəyini qaçılmaz edir.

Indiyədək mənə çox deyiblər: korrupsiyadan çox yazırsan. Bilirəm, çox yazıram. Burasını da bilirəm: korrupsiya Ulusu, Ölkəni, Dövləti aşındırıb yenmə faktoru olduğundan, gerçək, üstəlik, öldürücü epidemiya xarakteri daşıdığından kökü kəsilənədək ondan yazmaq, onu doğuran nədənlərlə sonadək çarpışma aparamaq bizim Azərbaycana – sevgili Azərbaycan ölkəmizə sonsuz sevgi borcumuzdur! Belə yazılarla kimləri bıqdırırıqsa, qoy onlar bizi oxumasınlar, ancaq burasını bilsinlər: ölkədə DÖVLƏT SIYASƏTINƏ dönüşdürülən korrupsiya sunamisi gec-tez onları da yıxıb-yenəcək…

Rejimin ünlü ideoloqu, administrator-filosof bir çağlar, üç-dörd il qabaq, sevimli hakimiyət qəzetində bütün Yer üzünü ayağa qaldıracaq yekə yazı yazmışdı: “Inkişafın Azərbaycan modeli”. Elə ondaca o yazıyla bağlı sözümüzü qəzetdə demişdik. Onda kimlərsə bizi “müxalifətçi” damğasıya qınaya bilərdilər: “gözləri götürmür”. Indi – ölkə neft milyardlarının təpəsindən uçuruma yumbalanırkən soruşuram: hanı o dediyiniz “inkişafın Azərbaycan modeli?” Elə bir “inkişaf” var idisə, neft milyardlarının azalmasıyla yaranan bu aciotac nə deməkdir? Gerçəkdən elə bir “inkişaf” var idisə, “dünyanın lider dövlətinin” manatı nədən ardıcıl devalvasiya dönəmi yaşamalı olur? Elə bir “inkişaf” var imişsə, nədən biz indi doğal resurslar baxımından yoxsul bir ölkədən – Macarıstandan 200 milyon dollar borc alırıq? Yer ölçüsü, adam sayı, eləcə də sosialist keçmişi baxımından biz bu ölkə ilə tən gəlirik, ancaq doğal resurslara gəlincə, Macarıstan Azərbaycana yaxın gələ bilmir. Belədə, axı, Macarıstan bizə deyil, biz Macarıstana kredit verməliydik.

Nədən belə oldu? 1993-dən bu yana korrupsyanın DÖVLƏT SIYASƏTINƏ dönüşdürlməyindən! Yüksək yetkili korrupsiya axarında ölkə dağılır, dövlət yenilir… 20 ilin korrupsiya komandası eləcə toxunulmaz qalır. Baş prokuror yanında Antikorrupsiya idarəsi yüksək dövlət qurumlarını qoyub küçədə-bazarda korrupsioner axtarır. Bəlli olduğu kimi, korrupsiya küçə-bazarda deyil, yüksək dövlət qurumlarında ortaya çıxan görsənişdir!