Ölkə başçısı daha bir sərəncamını ləğv etdi
Azərbaycan prezidenti Ilham Əliyev 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması haqqında 2011-ci il 11 iyul tarixli 1624 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
Ümumiyyətlə, son dövrlər ölkə başçısının imzaladığı sərəncamları ləğv etməsi adi hal alıb. Həm də bu “ləğvetmə əməliyyatı” qısa vaxt ərzində baş verir. Amma təhsillə bağlı sərəncamın ləğv olunması ayrıca müzakirə tələb edir. Təhsilin bu bərbad vəziyyətində inkişaf strategiyasının ləğv edilməsi hansı zərurətdən doğub? TQDK-nın rəsmi açıqlamalarına istinad etsək, təhsilin nə qədər biabırçı vəziyyətdə olduğunu aydın görərik. Hər il 9-11-ci sinif şagirdlərinin imtahan nəticələri açıqlanır və məlum olur ki, onmilnərlə şagird “2″ qiymət alıb. Hətta orta məktəbi qurtaranlar arasında hərf tanımayanların da siyahısı var idi. Azərbycanın əksər bölgələrində şagirdlər 0-100 bal arası nəticə göstərmişdi. Ali məktəblərə qəbul faizləri də ürəkaçan deyil. Biabırçılığı sığortalamaq üçün hər il qəbul balını aşağı salırlar. Digər tərəfdən rəsmi etiraf olundu ki, 555 müəllimə saxta diplom verilib. Yəni ümumilikdə təhsil sistemində ciddi problemlər var və bunun nəticəsidir ki, Azərbyacan Universitetləri dünya reytinqlərində son yerləri tutur. Təbii ki, təhsil verən dilənçi maaşına möhtac qalıbsa, təhsil alan repetitordan asılı vəziyyətdədirsə, pul müqabilində attestat, diplom almaq mümkünüdürsə, nəticə acınacaqlı olmalıdır.
Belə olan halda təhsillə bağlı ciddi addımlar atmağa, yeni strategiya müəyyənləşdirməyə ehtiyac var. Amma ölkə başçısı imzaladığı sərəncamın icrasını tələb etmək əvəzinə, sərəncamın ləğvinə qərar verir.
Ötən il buraxılış imtahanlarında iştirak edənlərin yalnız 37 nəfəri maksimum nəticə göstərmişdi. Buraxılış imtahanında iştirak etmiş 9-cu sinif şagirdlərinin 6229 nəfəri (21,65 faizi) ana dili fənni üzrə, 7746 nəfəri (26,74 faizi) riyaziyyat fənni üzrə “2″ qiyməti almışdı. Şagirdlərin 12 933 nəfəri (44,96 faizi) ana dili, 11 475 nəfəri isə riyaziyyat (39,61 faizi) riyaziyyat fənnindən ”3″ qiyməti almışdı.ÿ
Bu nəticələr hökuməti həyəcanladırmır? Neft strategiyasını zibil gününə qoydunuz, heç olmasa düzgün təhsil strategiyası qurun.
Ixtisaslı kadr çatışmır, xaricdə təhsil alanlar ölkəyə qayıtmaq istəmir, kütləvi savadsızlıq hökm sürür.
Belə çıxır ki, hökumət məqsədli şəkildə təhsili məhv edir. Bu hökumətə yüksək təhsilli vətəndaş yox, elementar biliklərdən məhrum olmuş vətəndaş lazımdır.
Korrupsiyanı, monopoliyanı, hüquqsuzluğu, ədalətsizliyi ləğv etmək əvəzinə, Milli Təhsil Strategiyasını ləğv edirlər.
Beləliklə, hökumət “ənənə”yə sadiqdir. Əsas odur ki, talan etmə, mənimsəmə, vətəndaşı borc bataqlığına salma strategiyası davam etsin.
Samir