Nabatəli Qulamoğlu: «Bununla hakimiyyət bir daha sübut edir ki, təhsil prioritet sahə deyil»
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncama dəyişikliklər edilib. Yeni qaydalara əsasən, əyani təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli oxumalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə veriləcək.
Yəni təqaüd təhsil müəssisəsinə bu il həmin ixtisas üzrə dövlət sifarişilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə, yüksək akademik göstəricilərilə fərqlənənlərə təyin ediləcək. Lakin məsələnin digər bir tərəfi də var. Ödənişli əsaslarla oxuyan tələbə imtahanda ödənişsiz təhsil alan tələbədən çox bal toplayırsa, həmin təqaüd ödənişli əsasla oxuyan tələbəyə verilir.
“Azadlıq”a daxil olan məlumata görə, bu məsələ tələbələr tərəfindən heç də müsbət qarşılanmayıb. Mövcud iqtisadi böhrana görə yuxarı instansiyalardan tələbələrin təqaüdünə qənaət etmək tapşırılıb. Bir sözlə, böhranın nəticəsi tələbələrin təqaüdündə də özünü göstərib.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, tələbəyə təqaüd verilməsi təhsilin dövlət tərəfindən dəstəklənməsi anlamına gəlir. Ekspert hesab edir ki, müvəffəq qiymət almış hər tələbəyə dövlət təqaüd verməlidir:
“Tələbə yüksək bal toplayaraq ali məktəbə daxil olubsa, 1- ci semestrdə onun təqaüdü digərlərindən fərqlənməlidir. Növbəti semestrlərdə isə tələbənin nailiyyətlərinə görə təqaüd fərqi özünü göstərməlidir. Bu gün iqtisadi vəziyyəti bəhanə gətirib, tələbəyə verilən cüzi təqaüdün dairəsini daraltmaq, yalnız yüksək nailiyyət qazanan tələbələrə təqaüd vermək, digərlərini isə bundan məhrum etmək sosial ədalətsizlikdir. Bununla hakimiyyət bir daha sübut edir ki, təhsil prioritet sahə deyil. Müvəffəq qiymət almış bütün tələbələr təqaüd almalıdır, yüksək bal toplayanlara isə diferensial təqaüd verilməlidir”.
Nigar