Rauf Arifoğlu: «Mətbuatın əsas qaynaqlarından birinin çökdürülməsinə cəhd edilir»
Elçin Şıxlı: «Qəzetlərin tirajları bilərəkdən öldürülür»
Son zamanlar şəhərin mərkəzindən qəzet köşklərinin yığışdırılması qəzetlərin tirajına ciddi şəkildə təsir edir. Yaranmış problemlə bağlı Mətbuat Şurası Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşmək üçün müraciət edib. Amma hələ ki, bu görüşün nə zaman baş tutacağı barədə konkret məlumat yoxdur. Köşklərin yığışdırılması prosesi isə onsuz da ciddi iqtisadi problemləri olan qəzetləri hər ötən gün daha çətin durumda buraxır. Bu baxımdan media təmsilçilərinin özlərinin yaranmış situasiya ilə bağlı hansı addımlar atmaq niyyətində olduqlarını soruşduq.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da bildirdi ki, hazırda köşklərin yığışdırılması nəticəsində həqiqətən də qəzetlərin satışı ilə bağlı vəziyyət narahatedicidir. Ona görə gələn həftə bu məsələ ilə ciddi şəkildə məşğul olmağı düşünən R.Arifoğlu bu istiqamətdə Redaktorlar Birliyinin toplantısını çağırmağı və ya Mətbuat Şurası ilə birgə daha geniş formatlı toplantı keçirməyi vacib sayır. R.Arifoğlunun fikrincə, eyni zamanda durumun ciddiliyini nümayiş etdirmək üçün müəyyən aksiyalar da keçirmək olar: “Cəmiyyətdə tanınmış şəxslərin, qəzet redaktorlarının iştirakı ilə köşklərin yığışdırıldığı yerlərdə qəzet satışı aksiyası keçirmək olar. Bu həm bir protest aksiyası olardı, həm də bununla biz bir növ monitorinq həyata keçirmiş olardıq. Eyni zamanda biz bu tədbirimizə meriyadan, hüquq-mühafizə orqanlarından və Prezident Administrasiyasından nümayəndələri dəvət edərək vəziyyətin ciddiliyini göstərə bilərik. Hazırda söhbət mətbuatın əsas qaynaqlarından birinin çökdürülməsinə cəhddən gedir”.
Bakı meri ilə ayrıca görüşün keçirilməsi üçün təşəbbüsün ola bilmə ehtimalına gəlincə, R.Arifoğlu bu addımı yersiz sayır. Bakı merinin dialoq yox, daha çox monoloq adamı olduğunu deyən R.Arifoğlu düşünür ki, onunla danışıqlar nəticəsində hər hansı nəticəyə gəlmək mümkün deyil.
![]()
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı da hesab edir ki, ayrı-ayrılıqda təşəbbüslərlə çıxış etmək yanlış olardı. E.Şıxlının fikrincə, Mətbuat Şurasının müraciətinin hansı nəticə verəcəyini gözləmək lazımdır. Hər hansı nəticə olmazsa, o zaman daha sonrakı addımlar barədə düşünməyə dəyər: “Qəzet köşklərinin yığışdırılaraq yeni, amma mahiyyəti və məramı bilinməyənlərlə əvəz olunması olduqca narahatlıq doğurur. Çünki bu proses qəzetlərin tirajına mənfi təsir edir. Qəzetlərin tirajları bilərəkdən öldürülür”.
Xəyal


