Maliyyə Nazirliyi “agent” iddiasına cavab verdi – “Elə üç ölkə?!”

maliyye_nazirliyiMaliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev nazir Samir Şərifovun Rusiya, Türkiyə və ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi haqda keçmiş “KQB” zabiti Yuri Şvetsin səsləndirdiyi iddialara cavab verib. M.Piriyev APA-nın sorğusuna verdiyi cavabda məsələni lağlağıya çevirməyə çalışıb. Hər halda səslənən ittihamların ciddiliyi fonunda onun verdiyi cavab çox ironik görünür. “Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!”, – deyə mətbuat katibi bildirib.

Mətbuat katibinin ironiyası öz yerində, amma iddianın ciddiliyi və ağırlığı hökumətin, yaxud Maliyyə Nazirliyinin özünün ona adekvat münasibət bildirməsini tələb edir. Əgər bu iddialar yalandırsa, Azərbaycan hökuməti onun təkzib edilməsi üçün tədbirlər görməlidir. Maliyyə Nazirliyindən verilən bu cavabda isə iddianın təkzibi üçün hansısa addımlar atılacağına bircə işarə də yoxdur. Belə çıxır ki, Nazirlik ən azı indiki mərhələdə məsələni qeyri-ciddi müstəviyə çəkib unutdurmaq istəyir.

azadliq.info