“İctimai Platada tanınmış siyasi fiqurlar cəmləşib”

«Radio Free Europe» Azərbaycanda yeni yaradılan müqavimət hərəkatından da yazdı

“Azadlıq” radiosunun ingilis dili variantında keçmiş spiker, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevin təklifinə əsasən, Azərbaycanın 5 müxalifət partiyasının qatıldığı Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis edilməsi barədə məqalə dərc olunub. Məqaləni qısa ixtisarla təqdim edirik:

***

Azəbaycanda parlamentdən kənarda qalan 5 müxalif partiya yeni hərəkatın əsasını qoydu. Demokratiya Uğrunda Müqavimət Hərəkatına qoşulan partiyalar bunlardır: Mirmahmud Mirəlioğlunun sədrlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyası, 2008-ci ildə Qulamhüseyn Əlibəyli tərəfindən yaradılmış Aydınlar Partiyası, ölkə parlamentinin keçmiş spikeri Rəsul Quliyevin 2007-ci ildə təsis etdiyi Açıq Cəmiyyət Partiyası, Fuad Əliyevin sədrik etdiyi Azərbaycan Liberal-Demokrat Partiyası və Əhməd Orucun rəhbəri olduğu Azadlıq Partiyası.
Əhməd Oruc bildirir ki, yeni hərəkatın məqsədi ölkədə seçki qanunvericiliyinin formalaşdırılması və yeni ədalətli seçkilərin keçirilməsinə nail olmaqdır. Rəsul Quliyev hərəkatın təsis konfransına ABŞ-dan telefon vasitəsilə qoşuldu. Eks-spiker ölkədə hökm sürən qanunsuzluq, korrupsiyanın qarşısının alınması, ən əsası, Dağlıq Qarabağ probleminin həllinə dair təkliflərini səsləndirib. Hərəkatın liderlərindən olan Rəsul Quliyev və Mirmahmud Mirəlioğlu 1 il öncə təsis olunmuş Ictimai Palata ilə əməkdaşlığa hazır olduqlarını bildirirlər.
Yeni təsis edilən Müqavimət Hərəkatından fərqli olaraq, Ictimai Palatada Azərbaycanda kifayət qədər tanınmış siyasi-ictimai fiqurlar cəmləşib. Ictimai Palatada AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, “Demokratiyaya dinc keçid: Yol Xəritəsi”nin müəllifi Pənah Hüseyn, tanınmış dini xadim Ilqar Ibrahimoğlu və başqaları təmsil olunurlar. Ictimai Palatanın ötən ilin əvvəllərində təşkil etdiyi etiraz aksiyaları hökumət qüvvələri tərəfindən dağıdılıb. Aksiya fəalları müxtəlif müddətə azadlıqdan məhrum olundular.
Əli Kərimli Ictimai Palataya ölkənin bütün ictimai-siyasi qüvvələrini təmsil edən şəxslərin, müstəqil insanların, ziyalıların qoşula biləcəyini deyib. Ictimai Palatanın 2001-ci ilin yekunlarıyla bağlı toplantısında Müsavat başqanı Isa Qəmbər Azərbaycan prezidenti Ilham Əliyevin istefasının gündəmə gətirilməsini təklif edib. Həmin görüşdə çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, Ictimai Palatanın əsas məqsədi Azərbaycanda rejim dəyişikliyinə nail olmaqdır.