Gürcü prezident Bakıda Rusiyanı «işğalçı» adlandırdı

Giorgi MargvelashviliMartın 10-da IV Qlobal Bakı Forumunun açılışında çıxış edən Gürcüstan prezidenti Giorgi Margvelashvili Rusiyanı işğalçılıqda ittiham edib.

«Rusiya ərzimizin 20 faizini işğal edib. Əhalimizin 15 faizi gürcü olduqları üçün öz ölkələrində köçkünə çevrilib. Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik. Ötən il belə dramatik vəziyyəti dost Ukraynada gördük, Krım işğal olundu, ölkənin şərqində müharibə başladı. Qonşu ölkələr körpülərin yaradılmasına, tərəfdaşlığın formalaşdırılmasına çalışmalı, işğala yol verməməlidir. İşğaldan əziyyət çəkən ölkənin nümayəndəsi kimi deyirəm ki, Gürcüstan qlobal terrorizmə qarşı mübarizədə aktiv yer alır. Əfqanıstanda sülhyaratma missiyasında iştirak edirik», – deyə Gürcüstan prezidenti bildirib.