Necə xoşbəxt olmalı?

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Bugünlərdə bir məclisdə köhnə tanışlardan biri təzəlikcə yaxın qohumunun Azərbaycan həkimlərinin yanlış diaqnozu və müayinəsi nəticəsində dünyasını dəyişməsindən danışdı. Deyir, həkimlər mərhumun ailə üzvlərini sakitləşdirmək üçün “Allahın işidi, alın yazısı belə imiş, qədərdən artıq yaşamaq olmaz” söyləyirmişlər. Oxşar mənzərə ilə bir neçə il əvvəl bir dostum qarşılaşmışdı. Doğuşa çox az qalmış körpəsi həkim səhlənkarlığı ucbatından ana bətnində ölmüş, əvəzində isə ona belə demişdilər: “Allahın məsləhətidir, biz heç nə eləyə bilmərik…”

Əminəm bu cür örnəklər Azərbaycanda yüzlərlədir, elə bu sətirləri oxuyanların bir çoxunun özlərinin, yaxud tanıdıqlarının, yaxınlarının da başına bənzər hadisələr yəqin az gəlməyib.

Istər-istəməz fikirləşir adam: bir halda ki, bu ölkədə, hətta həkimlər də öz bacarıqsızlığını, səhlənkarlığını “Allahın işi”, “alın yazısı” hesab edir, “qəzavü-qədər”ə yozurlar, daha onlara nə gərək var, daha xəstəxanalar nə üçündür? Bəlkə elə adamlar da bir yerləri ağrıyanda xəstəxana əvəzinə məscidlərə getsinlər, bəlkə elə həkim axtaranda hamı bir-birinə Hacı Şahini, Hacı Sabiri, Hacı Qaməti nişan versin, bəlkə elə həkim reseptlərini də dua kağızı əvəz eləsin?!

Düzünə qalsa, Azərbaycanda bu cür çağdışı, cahil mənzərənin yaranmasında qeyri-adi, təəccüblü heç nə yoxdur, bir tərəfdən ölkədə təhsil bilərəkdən, məqsədli şəkildə yox edilib, elmin qol-qabırğası sındırılıb, dini rəvayətlər, hədislər hər cür modern bilginin önünə keçib, mental zehniyyət, aqrar təfəkkür çağdaşlığa qalib gəlib, o biri tərəfdən isə ölkə səhiyyəsi elə vəziyyətə salınıb ki, həyatını, sağlamlığını ona əmanət etmək bir növ elə allah ümidinə qalmaq kimi bir şeydir. Həm də təkcə səhiyyə sarıdan da yox, ümumi vəziyyətimiz məşhur bir lətifəni xatırladır. Bilənlər bilir, bilməyənlər üçün də yazaq, agah olsunlar. Ucqar kəndlərdən birinə Bakıya işləyən iki mərtəbəli avtobus gətirirlər. Günlərin bir günü ata ilə oğul Bakıya getmək üçün həmin bu iki mərtəbəli avtobusa minirlər. Ataya maraq güc gəlir, ikinci mərtəbədə getmək istəyir. Qalxır yuxarı. Oğul qalır aşağıda.

Gəlhagəl, gəlib Kürdəmirdə dayanırlar. Ata ilə oğul da digər sərnişinlər kimi, avtobusdan düşürlər. Ata oğuldan soruşur:

– A bala, sizin aşağıda şoferiniz var?

– Əlbəttə, var, – oğul cavab verir.

– Yenə şükür! Amma biz yuxarıda Allah ümidinə gedirik.

Bax indi biz də ölkə olaraq, təxminən bu vəziyyətdəyik. Qalmışıq Allah ümidinə!..

Siyasi məhbusların birinin məhkəməsində hakimin ona dediyini xatırlayırsınızmı: “Allah qapını açsın!”

Halbuki ədaləti təmin etmək, qondarma ittihamı prokurorluğun sifətinə çırpmaq, sifarişli həbsi dayandırmaq elə həmin hakimin borcudur. O isə Allahı nişan göstərir. Belə bir ölkədə yaşamağın zülmdən, zillətdən, dirigözlü ölümdən fərqi varmı?!

Hələ sadə, sıravi insanlara, orta statistik azərbaycanlılara nə deməli? Bu qədər zəngin torpaqlar üzərində niyə səfil, yoxsul, bir qarın çörəyə möhtac yaşamalı olduğunu sorğulamaq, bunun hesabını istəmək əvəzinə düşdüyü ağır, çətin, məşəqqətli vəziyyəti “Allahın təqdiri” kimi yozanlarla nə etməli? Bu cür şəriət kökənli təslimçi ruhla, kölə düşüncə ilə haracan getmək olar? Dini rəvayətlərlə yuyulmuş insan beyinləri müsəlman coğrafiyasındakı tiraniyalar üçün varoluşun, ayaqda qalmağın əsas şərtidir. Bəli, sizə bu dünyada hər cür zülmə, zillətə tab gətirməyin əvəzində başqa bir dünyada – qeyri-müəyyən, mücərrəd, xəyali bir dünyada cənnət vəd edilir, bunu vəd edənlər isə həmin cənnətin ləzzətini elə bu real, həqiqi dünyada görürlər.

Zülm edənin də, zülmə uğrayanın da dilində “Allah” sözünün bitdiyi, amma allahsızlığın da xirtdəyə çıxdığı bir yerdə hər kəsin oturub düşünməsi gərəkir: bəs problem hardadır, problem nədədir? Hamı “Allah” deyib durub, amma adını “allahsızlıq” qoyduğunuz zülm, zillət, haqsızlıq da başını alıb gedirsə, bu təzadı nə ilə, necə izah etməli?!

Inciməyin, amma Eynşteyni hansısa fars ayətullahı ilə müqayisə edib, axırda da üstünlüyü ikinciyə verən, Tomas Edisonu hansısa ərəb müftisi ilə eyni tərəzinin gözünə qoyub, sonra da ikincinin ağır gəldiyini düşünən insan topluluqlarının xoşbəxt olmaq şansı yoxdur, ola da bilməz.