Tikinti və çöküntü məsələsi

saadet-cahangir-koseSəadət Cahangir

Deyilənə görə Almaniyada tikintisi başa çatan körpülərin sınaq mərhələsini belə maraqlı bir təqdimatla keçirirlər. Tikinti layihəsinə məsul olan baş mühəndis yeni körpünün altında dayanır və hesablanmış yük təzyiqi əsasında onun “əsəri” yoxlanıb təsdiqlənir. Inanmıram ki, belə bir imtahan qarşısında hansısa canından bezmiş adam tikintidə hər hansı əliəyriliyə yol verib, özünü ölüm təhlükəsi qarşısında qoysun. Yəqin belə şey heç onların ağlının ucundan da keçməz. Hardasa on il əvvəl, tikinti bumu başlayanda bu üsulu bizim ölkədə tətbiq etsəydilər, bəlkə, bu qədər yeyinti-filan da olmazdı. Biz neçə ildir milyonlar bahasına başa gələn binaların, körpülərin, stadionların da çat verib getdiyinə öyrəncəli olduq artıq…

Iki gün əvvəl Bakı Avtovağzalına aparan yolda gördüyüm darmadağın mənzərə yenidən xatırlatdı bunları. Bilirsiniz, ötən ilin oktyabrında avtovağzal kompleksinin qarşısında qorxunc çökmə baş vermişdi. Bu çökmədən sonra Bakı-Sumqayıt yolunun əsas hissəsində dərin çatlar yaranmışdı. Indi orda təzədən bir tikinti meydançası açılıb. Traktorlar, buldozerlər qazıb tökür, maşınlar daşıyır. Sən demə, məlum sürüşmədən sonra ərazidə yamacın bərkidilməsi işləri aparılır. Indiyə qədər 16 metr uzunluğunda, 7 metr hündürlüyündə 5 ədəd istinad divarı tikilib. Təbii, avtovağzal ölkənin ən önəmli nəqliyyat obyektlərindən biridir. Onun yüksək təhlükəsizliyi də çox vacibdir. Yəni indi orda mövcud təhlükəni tam aradan qaldırmaq üçün hər şey edilməlidir. Bunun neçəyə başa gəlməsindən, nə qədər əlavə xərc aparmasından asılı olmayaraq.ÿSöhbət insan həyatından gedir, xırda bir boşluq böyük itkilər bahasına başa gələ bilər. Amma mənim vurğulamaq istədiyim məsələ işin başqa tərəfidir. Belə ölkə əhəmiyyətli bir obyekti necə başdansovdu tikib, milyonları havaya sovura bilərsiniz? Hansı məsuliyyətsizliyin, hansı başlı-başınalığın, hansı qanunsuzluğun nəticəsidir bu? 60 milyon manat xərclənmiş bir obyektin bu şəkildə yerin dibinə batması bağışlanmaz məsuliyyətsizliyin və böyük yeyintinin nəticəsi deyilmi? Belə yerdə deyərlər ki, insafınız və insanlığınız yerin dibinə batsın.

Indi o əraziyə yaxın tikilmiş yeni binaların da qəzalı sahəyə daxil edildiyini deyirlər. Hələ üstəlik, avtovağzala çəkilməkdə olan metrostansiyanın risk məsuliyyəti də var. Bunu kim boynuna götürəcək? Siz indi buna iş görməkmi deyirsiniz, Allah xatirinə? Az-çox məlumatlı adamlar bilir ki, belə strateji obyektlərin tikintisində layihə-tədqiqat mərhələsinə necə böyük önəm verilir. Tikintinin yeri, torpaq qatı, quruluşu, çökməyə və sürüşməyə meylliliyi necə zərgər dəqiqliyi ilə yoxlanıb təsdiqlənir. O zaman bu layihənin müəllifləri niyə heç bir cavabdehlik daşımır? Niyə bu işə məsul olan adamlardan heç bir hesab sorulmur? Indi yəqin ki, məlum tikintiyə gedən 60 milyonun üstündən nə qədər yeyilibsə, bu çökmənin fəsadları onun ikiqatını aparacaq. Sonra da “ölkənin milyardları hara getdi, bu böhran hardan çıxdı, niyə bu günlərə qaldıq” deyib fəryad edirik. Yaşadığımız bütün dərdlər işlərin içinə haram qatmaqdan, ayrılan pulun bir hissəsini mənimsəyib yeməkdən, bir işi iki etməkdən doğur. Dərdlərimiz belə cinayət işləmiş adamların cəzasızlığından, özbaşınalığından və himayə olunmasından dərinləşir hər gün. Bu biabırçılıqlardan, qorxunc təhlükələrdən, faciələrdən sığortalanmağın yolu yoxmu? Istək olsa, var, əlbəttə. Uzağa getməyin, elə alman təcrübəsini ölkəyə gətirsəniz yetər. Gərək körpü tikən körpünün altında dayansın ki, başqası da həyat riskini gözə alıb özünə çəki-düzən versin…