AXCP sədri Əli Kərimli professor Cəmil Həsənlini 60 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
Yanvarın 15-də dövrümüzün görkəmli ziyalılarından biri, tarix elmi sahəsində bir çox uğurlara imza atan, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin 60 yaşı tamam olur. Cəmil bəyin əsərləri öz doğma dilimizlə yanaşı rus, ingilis, alman, italyan, fars, polyak, yapon, koreya və başqa dillərdə çap olunub. Onun soyuq müharibə dövrü ilə bağlı tədqiqat əsərləri Bakı, Moskva, Harvard, Oksford, Nyu York, Toronto, İstanbul, Ankara, Tehran universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr Cəmil bəyi post sovet coğrafiyasının ən yaxşı tarixçisi adlandırıb. 2005-cı ildən bu yana Moskvada 5 monoqrafiyası, İstanbul və Ankarada 3 kitabı, Tehran və Təbrizdə 3 əsəri nəşr edilib. Cəmil Həsənli ictimai-siyasi xadim kimi də fəaliyyət göstərir. O, iki çağırış Azərbaycan Milli Məclisinin deputatı olub, Azərbaycan Xalq Cəbhəsi yaranandan 2005-ci ilə kimi onun üzvü olub. Uzun illər Bakı Dövlət Universitetində professor kimi çalışıb. Hazırda ölkədə yaxşı tanınan “Ziyalılar Forumu”nun təsisçilərindəndir.
Hörmətli Cəmil bəy! Sizi, müasir Azərbaycan tarixində öz ləyaqəti, yüksək savadı, dərin elmi araşdırmaları ilə seçilən, hər zaman hüquqları tapdalanan vətəndaşların müdafiəsində duran, demokratiyanın, söz azadlığının ölkəmizdə bərqərar olunması naminə haqq səsini qaldırmaqdan çəkinməyən vətənpərvər ziyalımızı 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycanda Milli Azadlıq hərəkatı başlayanda da xalqın yanında, AXC yarananda Əbülfəz Elçibəylə çiyin-çiyinə mübarizədə də, Milli Məclisdə millət vəkili kimi rejimin eybəcərliklərinə qarşı öz sərt çıxışlarınızla da, bir vaxtlar AXCP-də sədr müavini kimi fəaliyyətinizlə də, dünya tarix elmi sahəsinə verdiyiniz töhfələrinizlə də, beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etməyinizlə də daim nümunə olmusunuz. Hazırda korrupsiyaya, söz və yığıncaq azadlığına qoyulan məhdudiyyətlərə, vətəndaşlarımızın mülkiyyət hüquqlarının pozulmasına qarşı, siyasi məhbusların müdafiəsinə yönələn fəaliyyəti ilə xalqın böyük rəğbətini qazanan “Ziyalılar Forumunun” təsisçilərindən və fəal üzvlərindən biri kimi də öz sözünüzü cəsarətlə deməklə ictimai –siyasi xidmətlərinizi uğurla davam etdirirsiniz. Keçmişdə millət vəkili olaraq korrupsiyaya qarşı ardıcıl sərt çıxışlarınız, hökumətin hesabatları, büdcə məsələləri, ictimai-siyasi vəziyyətin müzakirəsi, Qarabağın düşmən tapdağından azad edilməsi, mətbuatın müdafiəsi və sair məsələlərlə bağlı həmişə sözünüzü çəkinmədən deməyiniz, bir alim kimi tarixin qaranlıq səhifələrinin yorulmaz əməyiniz sayəsində işıqlandırılması, hazırda bir vətəndaş kimi ölkədə baş verən qanunsuzluqlara qarşı əsil ziyalı mövqeyiniz bizi çox fərəhləndirir. İnanıram ki, sizin də təsisçilərindən biri olduğunuz son dövrdə çox məşhurlaşan “Ziyalılar Forumu” ölkənin indiki duruma salınmasına, simasızlaşdırılmasına, idarəçilikdə yol verilmiş ciddi nöqsanlara, xalqın hakimiyyəti formalaşdırmaq hüququnun əlindən alınmasına etiraz dalğasında yarandığığı kimi, gələcəkdə də hər zaman xalqımızın, haqqı pozulan vətəndaşlarımızın müdafiəsində duracaq, əsil ziyalının susmadığını, mənəviyyata, ədalətə, demokratiyaya gedən yolun işıqlandırılması üçün məşəl kimi yanması simvolu olduğunu millətimizə nümayiş etdirəcək.
Hörmətli Cəmil bəy, mən də sizin kimi zəhmətsevər, alicənab, mübariz, işıqlı bir şəxsiyyətlə bir vaxtlar cəbhədaş olmağımla qürur duyur, hazırda partiya sıralarından kənarda da apardığınız demokratiya uğrunda mücadilənizi dəstəkləyirəm. Xalqımız sizi bir elm adamı, ictimai-siyasi xadim , yetişdirdiyiniz gənc alimlər bir ustad kimi sizi yüksək dəyərləndirir və sevir, sizin kimi sayğılı insanın yubileyinin dövlət səviyyəsində qeyd olunmasını arzulayırlar. Sizə cansağlığı, uzun ömür, elmi yaradıcılığınızda və müqəddəs amallarınız uğrunda mübarizə yolunda uğurlar arzulayıram!
Hörmətlə, AXCP sədri Əli Kərimli



