Qarabağ veteranından şok müraciət

zulfuqarli-qardaslar-mektubNazirin icra başçısı olan qudası vətəndaşın mülkünü ələ keçirmək istəyir

“Qəbələdə mənim başıma gətirilənlər də Hacı Məmmədovun, Akif Çovdarovun əməllərində olan cinayət epizodlardan heç də fərqlənmir. Çünki, bu qanunsuzluqlar da vəzifəli şəxslər tərəfindən qrup halında törədilir”. Bu sözləri “Azadlıq”a müraciətində Qəbələ şəhəri, Xalid Qasımov küçəsi, 10 saylı ünvanda yaşayan Qarabağ veteranı Əliyev Nizami Cəlal oğlu bildlirib.

Qarabağ veteranının sözlərinə görə, Qəbələ rayonunda icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən törədilən qanunsuzluq onu və ailəsini son həddə çatdırıb: “Qəbələ rayonunun mərkəzində mənə məxsus qanuni torpaq sahəm var. Bu torpaq sahəsini mənim əlimdən alıb mənimsəmək üçün Rayon icra hakimiyyəti və Rayon Prokuroru bütün mümkün olan və ağla sığmayan vasitələrə ələ atırlar. 5 – ilə yaxındır ki, mənim günüm məhkəmələrdə, hüquq-mühafizə orqanlarının qapıları ağzında keçir. Bu torpaq sahəsinə dair mənim qanuni qüvvəyə minmiş məhkəmə qətnaməm də vardır. Dinc yolla mənimlə aparılan danışıqlar nəticə vermədikdən sonra ağzı-dolusu tərif etdiyimiz hüquqi dövlətimizdə qanuni qüvvəyə minmiş Ali Məhkəmənin qəbul etdiyi qətnaməsi adi kağız parçasına çevrilib. Əlbəttə, qanuna belə bir münasibət Qəbələ rayonunda təbiidir. Çünki qanunu pozan şəxs qanundan daha yüksəkdə duran Qəbələ rayon icra başçısı Səbuhi Abdullayev və xalası oğlu ardıcıl olaraq üç müddət Qəbələ rayonunda prokuror işləyən Məqsəd Orucovdur. Onlar hakimiyyətin ən yüksək pillələrində himayə olunurlar. Başıma gətirilən müsibətlərin qısa məzmunu isə belədir.

Mən alqı-satqı əsasında torpaq sahəsi almışam. Mülkiyyətə dair bütün sənədlərim var. Amma bu torpaq sahəsini rayon icra başçısı Səbuhi Abdullayev və prokuror Məqsəd Orucov ələ keçirmək üçün mümkün olmayan saxtakarlıqlara və fırıldaqlara əl ataraq həmin torpağın satılmasına dair Qəbələ bələdiyyəsinin 21 dekabr 2005 – ci il tarixli 12 saylı qərarı protokol məhv edilib.

Həmin protokolun qeydiyyata alınmasına dair jurnal məhv edilib. Yeni saxta protokol və yeni saxta qeydiyyat jurnalı tərtib olunub və həmin saxta protokolda mənə aid torpaq sahəsinin satılmasına dair məlumatlar çıxarılıb. Yeni tərtib olunan saxta protokola saxtalığı açıq-aydın görünən saxta imza atılır. Prokurorluq həmin jurnala baxış keçirib müəyyən edir ki, güya qeydiyyat jurnalında 2005-ci ilin sentyabrına qədər 9 – saylı protokolundan sonra başqa protokol güya qeydə alınmamışdır. Çünki mənim sahibi olduğum torpağa dair protokol 12 saylıdır. Bu Rayon Prokurorluğunun apardığı yoxlamaların nəticəsinə dair qərarda da öz əksini tapmışdır. Protokolun olmamasını Arxiv müdiri, Bələdiyyə sədri də imzaları ilə təsdiq ediblər. Belə nəticə hasil olur ki, 2005 – ci ildə 10, 11, 12 saylı protokollar ola bilməzdi. Çünki son nömrə 9-dur. Lakin ən dəhşətli biabırçılıq ondan ibarətdir ki, bu adamlar saxtakarlığı da səliqəli həyata keçirməyi bacarmayıblar. Yeni tərtib edilən saxta jurnaldakı məlumatlar 2005-ci ilə aid olduğu halda, yeni yazılan jurnalın çap tarixi 2006 cı ilin sonuna aiddir. Yəni saxta jurnalı doldurarkən jurnalın çap tarixinə baxmağı unudublar.

2006-cı ildə çap olunan 2005 -ci ildə necə doldurula bilərdi? Məndə həmin halı sübut kimi qeydə almışam, şəklini çəkmişəm. Istənilən orqana da təqdim edə bilərəm”.

Nizami Əliyev daha sonra yazıb ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına məhəl qoymadan nə yolla olursa olsun torpağını əlindən almaq üçün bu torpağa aid olan, lakin ləğv olunması üçün hələ vaxtı çatmayan sənədlər belə məhv edilib. “Arxivə od vurublar. Qəbələ rayon Prokurorluğun mənim torpağımı ələ keçirməklə bağlı yarıtmaz ”fəaliyətinə” Baş Prokurorluq da yarımçıq münasibət bildirib. Qəbələ rayon Prokurorluğunun qanunsuz müdaxiləsi pislənib, töhmət verilib, amma Qəbələ rayon Prokurorluğunun torpağımın əlimdən çıxarılması üçün qəbul etdiyi qanunsuz və əsassız qərar ləğv edilməyib”.

Hazırda yenidən məhkəməyə çəkildiyini deyən Qarabağ veteranı bildirir ki, ədalətli qərar çıxarılacağına inanmır: “Çünki sifarişçi Səbuhi Abdullayev Ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun qudasıdır. Fikrət Məmmədovun qudasını sonacan müdafiə etməsinə heç bir şübhəm yoxdur”.