Hökumət bu təbliğatla görüntü yaratmaq istəyir
Bu gün Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu öz işinə başlayacaq. Hər dəfə ölkəmizdə bu Forum keçiriləndə hökumətin təbliğatı “fontan” vurur. Hökumət mətbuatı, telekanallar bəh-bəhlə təqdimat verirlər. Sanki 3 qlobal forumda dağı dağ üstünə qoymuşuq və dördüncü forumda dünya birincisi olacağıq.
Təbii ki, ölkədə qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi, taleyüklü məsələlərin müzakirəyə çıxarılması müsbət haldır. Amma istənilən tədbir, konfrans, forum o zaman müsbət nəticə verə bilər ki, hökumət həqiqətən də dünyaya inteqrasiyada maraqlı olsun. Yəni Bakıda oturub dünyanın problemlərindən danışmaq, hələ dünya miqyaslı ölkəyə çevrilmək deyil.
Birincisi, hər dəfə bu forum təşkil olunanda məlum olur ki, iştirakçılar əsasən sabiqlərdən ibarətdir. Yəni keçmiş prezidentlər, keçmiş baş nazirlər gəlir. Bəli, bu forumda dünyanın tanınmış liderləri, ictimai-siyasi xadimləri iştirak etmir. Həmişəki kimi hökumət ərki çatan 5-10 adamı Bakıya yığır və 2 gün ərzində yeyib-içmək məclisi qurulur.
Ikincisi, artıq 4-cü mərhələyə qədəm qoyan bu Forum Azərbaycana nə verib? Bəlkə, bu Forumlardan sonra Qarabağ məsələsində irəliləyiş olub, bəlkə, iqtisadi qüdrətimiz artıb, bəlkə, Azərbaycanın hər hansı təkliflərini dünya ölkələri reallaşdırıb, bəlkə, hökumət real islahatlara, demokratik idarəetməyə start verib? Əminliklə demək olar, bu tədbirlər görüntü yaratmaq üçündür. Hökumət göstərmək istəyir ki, qlobal problemlərin həlli Azərbaycanda müzakirə edilir. Reallıq isə budur ki, Azərbaycan çoxqütblü dünyadan kənarda qalıb.
Maraqlısı budur ki, tədbirdə “Müasir dövrün qlobal çağırışı” adlı açılış sessiyası olacaq. Təsəvvür edin ki, müasir dövrün çağırışlarından qaçan, şəffaf seçki keçirməkdən imtina edən, 100-ə yaxın fəalı şərləyib həbsə atan, korrupsiyanı dövlət siyasətinə çevirən hökumət, “müasir dövrün qlobal çağırışı”nı müzakirə edir.
Yəqin ki, belə tədbirlərin ölkədə keçirilməsi, müxtəlif ölkələrdən sabiqlərin dəvət olunması da müəyən məbləğ hesabına başa gəlir. Yəni imitasiya üçün pul xərcləyirik.
Amma bu Qlobal Bakı Forumunda müsbət bir məqam da var. Daha doğrusu hökumətin nümunə götürəcəyi bir fakt var. Belə ki, hər dəfə bu Foruma gələnlər fərqli simalar olur, keçmiş prezidentlər, keçmiş baş nazirlər buyurur. Hökumət görməlidir ki, başqa ölkələrdə hökumətlər dəyişir, yeni qüvvələr hakimiyyətə gəlir və əbədi hakimiyyət qlobal çağırışlara yaddır. Yəni başqa ölkələrdə prezidentlər dəyişirsə, bizdə də bu olmalıdır. Başqa ölkədə hökumətlər asanlıqla keçmiş ola bilirsə, bizim hökumətimiz da özündə iradə tapıb keçmiş olmalıdır. Yoxsa, dəbdəbəli bina tikmək, Avropa Oyunları keçirmək, Qlobal Bakı Forumlarının sayını artımaq nəticəni dəyişməyəcək.
Bir sözlə, IV Qlobal Bakı Forumu özünü yetirsə də, hökumətimiz hələ də feodalizm quruluşunun ənənələrindən imitna edə bilməyib. Cənablar, özünüzü formaya salın, sonra Qlobal Forum haqqında danışarsınız.
Samir



