Nemət Pənahlının atası infarktdan dünyasını dəyişib

Nemət Pənahlının atası Əhəd infarktdan dünyasını dəyişib. Mərhumun oğlu Səməd Pənahlı deyib ki, ataları Nemətin günahsız həbsindən əsəb sarsıntısı keçirib. Üstəlik son günlər ailəyə qarşı bəzi haqsızlıqlar (məsələn, günlərə işıqlarının söndürülməsi) mərhuma pis təsir edib. Nəticədə o, infarkt keçirib və bundan xəstəxanada dünyasını dəyişib. Məlumatı mərhumun mərhumun yas mərasimində işştirak edən əməkdaşımız verib.

***

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, hazırda həbsdə olan Nemət Pənahlının atası artıq dəfn olunub. N.Pənahlı dəfndə iştirak edə bilməyib.
Qardaşı Səməd Pənahlının azadlıq.info-ya verdiyi xəbərə görə, atasının dəfnində iştirak üçün Nemət Pənahlının müvəqqəti azadlığa buraxılması üçün Penitensiar Xidmətə və Prezident Administrasiyasına müraciət ediblər. Hər iki instansiyadan deyiblər ki, bunun üçün 17 saylı Cəzaçəkmə Müəssisəsinə müraciət olunmalıdır. Ailə Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə də müraciət edib. Onlara cavab verilib ki, bununla bağlı prezidentin razılığı olmalıdır.
S.Pənahlı deyib ki, hazırda qardaşının müvəqqəti azadlığa buraxılacağını və atasının yas mərasimində iştirak edə biləcəyini gözləyirlər, lakin bu istiqamətdə hər hansı məlumatları yoxdur.

***

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, xalq hərəkatının liderlərindən biri olmuş Nemət Pənahlının atası vəfat edib. Onun ailəsindən “Azadlıq” radiosuna bildiriblər ki, atasının dəfnində iştirak edə bilmək üçün icazə verilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər.

Nemət Pənahlı 2011-ci il iyunun 17-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə günahkar bilinib.

Nemət Pənahlı və Ceyhun Fərzullayev bu ilin yanvarında Azərbaycan vətəndaşı Eldəniz Rzayevin şikayəti əsasında saxlanmışdı. Şikayətçi yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində hər iki şəxs tərəfindən döyüldüyünü iddia edirdi.