Rəsmi məlumata görə 2015-ci ildə 89 mətbu nəşr uçota götürülüb və beləliklə də ölkədə KIV-lərin sayı artaraq 5062-i olub. Yəqin ki, bu rəqəm hamını təəccübləndirdi. Çünki, bu ölkədə mətbuat adına 5 qəzet tapmaq müşüklə dönüb. Bu 5062 rəqəminin hardan peyda olduğu, bu KIV-lərin necə fəaliyyət göstərdiyi müəmmalıdır. Açıq şəkildə görünür ki, bu rəqəmlər sadəcə statistika yaratmaq üçündür. Yəni, dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda mətbuat azadlığı var, bu sahəyə axın güclüdür, informasiya mühiti sağlamdır və s.
Reallıq isə budur ki, azad mətbuat sıradan çıxarılıb, tanınmış jurnalistlər şərlənərək həbs olunub, ölkə vətəndaşları hökumətin əsarətində olan telekanalların ümidinə qalıb. Yəni, ölkədə yüzlərlə qəzet dərc olunsa da bu mətbuat orqanlarına tələbat yoxdur, belə qəzetlər məcburi abunə hesabına satılır. Sadəcə olaraq adı heç kimə məlum olmayan bu qəzetlər dövlətdən maliyyə dəstəyi alır, bu qəzetlər vasitəsilə pul silinir. Eyni zamanda iri məmurların media holdinqləri var və bu resurslar vasitəsilə cəmiyyətdə çaşqınlıq yaradılır, hökumətin yarıtmaz siyasəti müdafiə olunur.
Ümumiyyətlə, Azərbaycanda ən uzağı 300-ə yaxın media orqanı ola bilər. Bu media orqanlarının reklam bazarına diqqət edəndə isə acınacaqlı nəticə ortaya çıxır. Bu gün fəaliyyət göstərən media orqanlarının əksəriyyəti dotasiya hesabına, çirkli pullar vasitəsilə işıq üzü görür. Hansısa qəzet, jurnal qeydiyyatdan keçə bilər. Ancaq, bu orqanlar bir müddətdən sonra fəaliyyətini dayandırır. Bu qədər KIV-in yaşaması üçün reklam bazarı, real şərait yoxdur. Bu rəqəmlər yalnız kağız üzərində mövcuddur.
Bəli, hökumət uzun illər əvvəl dərc olunmuş, bir müddətdən sonra fəaliyyətini dayandırmış, yaxud ümumiyyətlə qeydiyyatdan keçib fəaliyyət göstərməmiş media nümunələrini ümumi saya salıb. Yəni, bu illər ərzində xeyli sayda qəzet, sayt, jurnal sıradan çıxıb ki, bu da rəsmi statistikada əksini tapmayıb.
Görünür, belə qeyri-real rəqəmlərlə həm də iş yerlərinin sayını artırırlar.
Istənilən halda bu rəqəm Azərbaycan reallığı üçün absurddur. Sadəcə olaraq ölkədə şəffaflıq, hesabatlılıq olmadığı üçün, belə astronomik rəqəmlər ortaya çıxa bilir. Necə ki, 23 ildir əhalinin sürətlə müflisləşməsini “sürətli inkişaf” kimi qələmə verirlər, eləcə də müstəqil mətbuatın sürətlə sıradan çıxamsını “söz azadlığının təntənəsi” kimi təqdim edirlər.
Təvazökarlıqdan uzaq olsa da bir həqiqəti əminliklə deyə bilərik ki, ölkədə yazılı mətbuat adına yalnız “Azadlıq” qəzeti qalıb. Bu qəzetin də üzləşdiyi problemlər göz önündədir. Hökumət yeganə müstəqil qəzeti sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edir.
Ona görə də cəmiyyət ikinci müstəqil qəzetin həsrətindədir. Bu ölkədə 2-ci, 3-cü, 4-cü müstəqil qəzet olmadığı halda, 5062 mətbuat orqanının varlığından danışmaq həyasızlıqdır.
Amma bir həqiqət var ki, hökumətin təsis etdiyi bir sıra saytlar var və bu saytlar müxalifət liderlərini ləkələmək, vicdanlı insanlara şər-bəhtan atmaq missiyasını həyata keçirirlər.
Bir sözlə, Azərbaycanda kağız üzərində 5062 KIV qeydiyyatdan keçə bilər, realıqda isə hökumət azad mətbuatın “qeydiyyat”ın ləğv edib. Bu da hökumətin növbəti media pripiskasıdır.
Samir