Məhəmməd Talıblı: «Büdcə xərclərinin şəffaf idarə edilməsinə nail olmasaq, onda qənaət rejiminə keçməkdən danışmağa dəyməz»
Maliyyə böhranı ölkənin iqtisadiyyatını iflic vəziyyətinə salsa da, hökumətin bu istiqamətdə addımları nəzərə çarpmır. Yaranmış vəziyyətdə məntiqlə hökumət ciddi qənaət rejiminə keçməlidir. Amma biz nə görürük? Bir-birini təkrarlayan dövlət strukturları yenə də qalmaqdadır. Halbuki hələ birinci devalvasiyadan sonra müstəqil ekspertlər vurğulayırdılar ki, bu istiqamətdə ciddi islahata ehtiyac var.
Lakin böhran yalnız özəl sektorda ixtisarlara səbəb oldu. Xırda və orta şirkətlər işçilərini ixtisar edərək fəaliyyətlərini qoruyub, saxlamağa çalışdılar. Bu arada isə hökumət islahatlar adı altında təqdim etdiyi addımlar tam əksinə dövlət strukturlarının yükünün artırılmasına səbəb oldu.
Məsələn, Nəqliyyat Nazirliyinin səlahiyyətləri əlindən alınsa da, yerlərdə yaradılan əlavə strukturlar əlavə xərc deməkdir. Bundan başqa bir çox dövlət idarələrində daxili istintaq şöbəsi fəaliyyət göstərir ki, bu qurumun da ləğvi dövlət aparatını əlavə yükdən götürə bilər.
Belə olan halda hökumət niyə dövlət aparatının əlavə yüklərdən götürülməsi istiqamətində addım atmır?
Məhəmməd Talıblı bildirdi ki, Azərbaycanda çox təəsüf ki, qənaət deyiləndə ailə büdcələrinin və ev təsərrüfatlarının məhdud imkanlarına necə qənaət edilməsi başa düşülür. M.Talıblının sözlərinə görə, əslində geniş imkanı olmayan insanın nəyə qənaət edəcəyi anlaşılmır: “Necə deyərlər, boş süfrəyə nə bisimillah? Mən şəxsən qənaət edilməsi deyəndə dövlət büdcəsinə, Neft Fondu və büdcədən kənar fondların xərclərinə qənaət edilməsini nəzərədə tuturam. Başqa sözlə makroiqtisadi konteksdə ölkənin maliyyə axın kanalları, başqa sözlə vəsaitin trayektoriyası üzərində nəzarət mexanimzinin yaradılmasını nəzərdə tutur. Əslində yüz milyon manatlarla qənaət edilməsi nəzərdə tutulmalıdır. O təşkilatlara ki, yenidən vəsaitin ayrılmasında problemlər var, bunlara yenidən vəsaitin ayrılması düzgün deyil. Əslində, biz proqram təyinatlı büdcə sisteminə keçməklə belə büdcə vəsaitlərinə qənaət etmək olar. Yəni, hansı sahəyə ki, dövlət büdcəsindən nə qədər vəsait ayrılırsa, həmin sahənin büdcə qarşısında dəyər yaratmaq imkanları da adekvat səviyyədə olmalıdır. Bizdə hansı təşkilatlara daha çox vəsaitlər ayırırlar ki, onların maliyyə pozuntuları və təyinatından kənar xərclərin gizlədilməsində daha böyük problemləri var”.
M.Talıblının vurğuladı ki, həmin vəsaitlərin ayrılması daha çox korrupsiya risklərini stimullaşdırır. M.Talıblının sözlərinə görə, Azərbaycan belə büdcə xərcləmələrindən qaçmalıdır: “Bizim qənaət rejimini daha çox sənayə, tikinti və infrastruktur xərclərinin ayrılmasında həyata keçirməliyik. Həmin sahələrdə şişirdilmiş smeta xərcləri, bahalı layihələrdən və müxtəlif oyunlara ev sahibliyi edəndə daha çox məruz qalırıq. Bir tərəfdən isə dövlət strukturlarının artması və idarəetmə xərclərinin çox olması zamanı həyata keçirilir. Bütün bu tip sahələrdə xərcləri optimallaşdırmalıyıq, regionlara ayrılmış xərclərə və dotasiyalara daha çox diqqət yetirməliyik. Bu xərclər daha çox yerli icra rayonun başçılarının imkanlarının artmasına xidmət edir. Biz büdcə xərclərinin şəffaf və hesabatlı idarə edilməsinə nail ola bilməsək, onda qənaət rejiminə keçməkdən də danışmaq yerinə düşməyəcək”.
Xəyal