Qətər əmirinin Azərbaycana səfəri nəylə bağlıdır?

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: «Qətərin Azərbaycanda görüşlərdə narahatlıqlarını dilə gətirməsinin əsasları  var»

Martın 8-də dövlət başçısı Ilham Əliyevin Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə təkbətək görüşü olub. Görüşdə ölkələr arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb. Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Belə təqdimat Azərbaycan mətbuatında gedib. Amma xarici mətbuatda müzakirələr zamanı qarşılıqlı narahat doğuran məsələlərə də toxunulduğu vurğulanıb. Bəs, bu məqamlar nədən ibarət ola bilər? Qətər Türkiyənin yaxın müttəfiqi və Iranın rəqibidir. Iranla sıx münasibətlərin qurulduğu bir zamanda Qətərlə də əlaqələrə diqqət yetirilməsi, onu potensial investor kimi ölkəyə dəvət etmək Azərbaycana nə vəd edir?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Qətər Türkiyə və Suriya münaqişəsində konkret olaraq tərəf tutub. Ümumiyyətlə Qətərin mövqeyinin Suriya xalqının haqlı mövqeyilə üst-üstə düşdüyünü deyən G.Hacıbəyli vurğuladı ki, bu dövlət Əsəd rejiminin getməsində maraqlıdır: “Bu baxımdan Qətərin mövqeyi Türkiyənin, Qərbin Suriya probleminə yanaşmasıyla üst-üstə düşür. Əksinə olaraq Əsədi böyük qurbanlar hesabına hakimiyyətdə saxlayan Rusiya və Iranın mənafeləri ilə ziddiyyət təşkil edir. Bu münasibətlərdə həlledici məqamlardan biridir. Qətərin eyni zamanda regionda baş verənlərlə bağlı maraqları da var. Qətər zəngin qaz ehtiyatlarına sahib bir ölkədir. Qətər bu qaz ehtiyatlarını Suriya üzərindən Avropaya çıxarmaq niyyətində olub. Amma Suriya münaqişəsi bu layihənin gerçəkləşməsinə mane olur. Nəticədə konflikt Qətərin iqtisadi perspektivlərinə ziyan vurur. Ona görə Qətərin Suriya konfliktində açıq, birmənalı mövqe tutmasında onun öz maraqları nəzərə alınmalıdır”.

Amma Azərbaycanın təəssüf ki, bu günə qədər Suriya konflikti ilə bağlı konkret mövqe sərgiləmədiyini deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycan Suriya münaqişəsinə münasibətdə gah Iranla bir mövqedən çıxış edir, gah da onu inkar edir. “Bu günə kimi Azərbaycanın kimin yanında Türkiyənin, Rusiyanın, yoxsa qatil Əsədin yanında olduğu bəlli deyil. Ona görə Qətərin Azərbaycanda görüşlərdə narahatlıqlarını dilə gətirməsinin əsasları  var”, deyə G.Hacıbəyli vurğuladı.

Xəyal