Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun 13 saylı məktəbdə keçirdiyi görüş belə qiymətləndirilir
Müzəffər Baxışov: «Siyasi partiyaları təmsil edən şəxslər təhsil müəssisələrində heç bir təbliğat, təşviqat işi apara bilməzlər»
Qanunla siyasi partiyaların təhsil ocaqlarında fəaliyyəti qadağan olunsa da, hakim Yeni Azərbaycan Partiyası heç zaman bu qanuna əməl etməyib. Ali təhsil ocaqlarında təşkilatın özəkləri rəsmi şəkildə fəaliyyət göstərir. YAP rəhbərliyi heç bu reallığı gizlətməyə çalışmır da.
Məsələn, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yasamal rayon Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbdə görüş keçirib. Görüşün keçirildiyi barədə məlumatı internetdə də yerləşdirilib. Görüşün təqdimatı belədir: “YAP Yasamal rayon təşkilatının sədri , Şöhrət ordenli, Respublikanın əməkdar mühəndisi Tağı Əhmədov ilə pedaqoji kollektivin görüşü keçirildi. Görüşdə məktəbin direktoru Yaqut Sadıqova çıxış edərək kollektivin 12 nəfər üzvünün YAP sıralarına qoşulmaq istədiyi üçün sənədlərini təqdim etdiklərini bildirdi. Qeyd etdi ki, neçə illərdi 13 saylı məktəbdə 20 nəfər YAP üzvü olduğu halda, artıq 2 il rəhbərlik etdiyi müddətdə YAP üzvlərinin sayı 63 nəfərə çatmışdır”.
Bəs, belə görüşlərin keçirilməsinə görə təşkilatçılar qanunla cəzalandırılmalıdırlarmı? Müxalifət düşərgəsinin icazəli mitinqlərində iştirak etdiyinə görə tələbələr təqibə məruz qalsalar da, hakim partiyanın qanunu bu formada kobud şəkildə pozulmasına açıq göz yumulur.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Siyasi Partiyalar Haqqında qanuna görə təhsil müəssisələrində siyasi partiyaların qurumları ola bilməz. M.Baxışovun sözlərinə görə, siyasi partiyaları təmsil edən şəxslər təhsil müəssisələrində heç bir təbliğat, təşviqat işi apara bilməzlər: “Əslində belə hərəkətlərə görə bu şəxslər cəzalandırılmalıdır. Amma Azərbaycan hüquq dövləti olmadığına görə, qanunun bütün müddəalarını kobud şəkildə pozurlar və buna görə heç bir məsuliyyət daşımırlar. Halbuki normal hüquqi dövlətlərdə bu şəxslərə qarşı cinayət işi də qaldırmaq olar. Çünki onlar vəzifələrindən sui-istifadə hallarına yol verirlər. Amma mən inanmıram Tağı Əhmədovu məktəbdə keçirdiyi görüşə görə məsuliyyətə cəlb etsinlər”.
Hikmət