Əli Kərimli Azərbaycan xanımlarını təbrik etdi

kerimli-amerikaninsesiAXCP sədri Əli Kərimlinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

Hörmətli xanımlar, əziz analar və bacılar! Sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Könül istərdi ki, siz bu bayramı hüquqlarınızın qorunduğu, azadlıqlarınızın təmin olunduğu, demokratik, firavan bir ölkədə keçirəsiniz, hazırda üzləşdiyiniz qayğılardan, haqsızlıqlardan, ehtiyaclardan, əzab-əziyyətdən uzaq olasınız. Bu əlamətdar günü şadlıq, əmin-amanlıq və firavanlıq içərisində, doğmalarınızla birlikdə istədiyiniz məkanda keçirmənizi də çox istərdim. Tarixən zəhmətkeş, bacarıqlı, cəsur olduqları qədər də incə, zərif, mehriban və qayğıkeş olan Azərbaycan xanımları dünyanın ən qiymətli hədiyyələrinə, ətirli, təravətli çiçəklərinə, ən xoş, tərifli sözlərinə layiqdirlər.

Bu illər ərzində siz xanımlarla çiyin-çiyinə apardığımız mübarizə də məhz vətənimizdə azadlığın, ədalətin, firavanlığın bərqərar olunması uğrundadır. Fədakar, mübariz qadınlarımız da diktaturaya qarşı mücadiləyə uzun illərdir öz misilsiz töhfələrini verməkdədirlər. Rejimin təzyiqlərinə, maddi və mənəvi sıxıntılara, həbslərə baxmayaraq, daim əzilənin, haqqı pozulanın, azad sözün yanındadırlar çətin mübarizə  yolunda olan qoçaq xanımlarımız…

Ölkəmiz üçün utancverici olsa da, hazırda həbsdə olan jurnalist Xədicə xanımla, onun əyilməzliyi, mərdliyi, cəsarəti ilə qürur duyuruq, hələ də şərti cəza altında olan dünyaca məşhur hüquq müdafiəçisi Leyla xanımın səhhətindən narahatıq, müalicə üçün ölkədən kənara buraxılmamasına təəssüflənirik… Ailə üzvləri, həyat yoldaşları, oğulları, ataları, qardaşları bu rejim tərəfindən şərlənərək həbs olunan, buna görə əzab-əziyyətə düçar olan qadınlar hamımızın əzizləridir, onlara diqqət, qayğı, ehtiram hər birimizin borcudur.

Sevinirəm ki, illərin mübariz qadınlarının sıralarına yeni nəsil, ağıllı, savadlı, cəsarətli, əqidəsinə sadiq, müasir gənc qızlarımız qoşulmaqdadır, onlar həm sosial şəbəkələrdə, həm də real həyatda çox fəaldırlar, demokratik dəyərlər, öz hüquqları və bərabər imkanları naminə şərəflə mücadilə edirlər. Bu da vətənimiz üçün işıqlı sabahdan, inkişafdan, gələcək nəsillərin daha xoş günlər görəcəyindən xəbər verir.

Əziz  xanımlar, sizi bir daha təbrik edir, hər birinizə uzun, sağlıqlı ömür, azadlığınızın təmin olunduğu, hüquqlarınızın qorunduğu, hər bir fərdinə dəyər verildiyi ədalətli, demokratik cəmiyyətdə firavan həyat, arzularınıza çatmaq üçün daha böyük əzm, mütəşəkkillik və təşəbbüskarlıq, əmək fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda səadət  diləyirəm!  Bayramınız mübarək!