Hacı İbrahim və digər müsəlmanlar

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Deputatlardan biri Azərbaycanda kazinoların fəaliyyətinin bərpa olunmasını təklif edib, guya bu turist axını yaradacaq, nəticədə qaz vurub qazan dolduracağıq, böhrandan çıxacağıq. “Hacı” titullu Ibrahim Nehrəmli adlı bir biznesmen də təklifi dəstəkləyib, deyib kazinolar yenidən açılsa, ölkəyə milyardlarla manat pul gətirə bilər.

Əlbəttə, son 10 ildə ölkəyə axan yüzmilyardlarla neft dollarının başına daş salıb, düz-əməlli iqtisadi infrastruktur yarada bilməyənlərin Azərbaycanı kazinolar hesabına böhrandan çıxaracağını düşünmək sadəlövhlükdür. Üstəlik, bir zamanlar neft hesabına pula pul deməyənlərin, özlərinə təntənə düzəldənlərin indi qumarxanalardan mədət umacaq duruma düşməsinin özü də ibrətlik hadisədir, necə deyərlər, hardan haraya.

Bütün bunlar öz yerində. Amma mənə başqa bir məqam gülməli gəldi. Indi xeyli adam məlum açıqlamasına görə Nehrəmlini topa tutur ki, heç belə də “hacı” olar ki, kazinoların açılması fikrinə qahmar çıxsın, nə var-nə var, Islamda qumar haram buyurulubmuş!

Hə nə olsun? Ona qalsa, hansı müsəlmanı dindirsən deyəcək, “bizim dinimizdə rüşvət haramdır. Yalan danışmaq günahdır. Başqasının haqqını tapdayanın yeri cəhənnəmdir”. Amma heç kim bir suala ağlabatan cavab vermir: bəs niyə istənilən müsəlman ölkəsi xirtdəyəcən zülm, qan, göz yaşı içindədir? Niyə bir dənə də müsəlman ölkəsi göstərmək mümkün deyil ki, orada rüşvət, talan, sosial ədalətsizlik olmasın, bir ovuc adam bütün xalqın sərvətini basıb yeməsin?

Elə bizim ölkənin özündə niyə bir tərəfdən hacıların, məşədilərin, kərbəlayıların sayı artır, o biri tərəfdən də haqsızlıq çoxalır? Niyə Islamda müqəddəs hesab olunan yerləri ziyarət edənlərin sayı artıqca, həqiqəti deyənlərin, zülmə dirənənlərin, Şər aparatına qarşı qarşı səsini ucaldanlar sayı azalır? Bu absurdun, bu təzadın sirrini kimsə açıqlaya bilərmi?

Hansısa hacı kazinoların bərpası təklifini dəstəkləyəndə halal-haram söhbətini, Allahın buyruqlarını xatırlayanlar eyni prinsipiallığı, aqressivliyi, qəzəbi taleyüklü ictimai-siyasi məsələlərdə niyə göstərmirlər? Niyə seçkinin saxtalaşdırılmasına, büdcə talançılığına, saxta, sifarişli məhkəmələrə, ədalətsiz həbslərə qarşı da eyni reaksiyanı vermirlər, əksinə, zülmə züy tuturlar, çağdışı rejimin ətrafında sıx birləşirlər? Səmimi olun və cavab verin: bir hacının Islamda haram sayılan kazinoların açılmasını istəməsi ilə özünü müsəlman hesab edən hər hansı birinin rüşvət alması, günahsız adamların üzünə durması, yaxud siyasi həbslər üçün rejimin əlində alətə çevrilməsi arasında hansı fərq var? Allaha şərik qoşmağı küfr sayanların “şəxsiyyətə pərəstiş” bataqlığına yuvarlanması ilə hansısa hacının qumarxanaların tərəfini tutması mahiyyətcə çoxmu fərqlənir?

Elə həmin bu Hacı Ibrahimin özü indiyədək nə qədər insanın haqqını yeyib, çörəyinə bais olub. Internet üzərindən kiçik bir axtarış aparsanız, bu haqda kifayət qədər material oxuya bilərsiniz. Həmin vaxt səsini çıxarmayıb, etiraz etməyib indi kazino məsələsinə görə ona qəzəb püskürmək nə qədər məntiqlidir, ya da səmimi müsəlmançılıqdır?

Şərabı haram buyuran bir dinin buyruğunu yerinə yetirib sünnət toyu edən, o toyda yer üzündə bir müsəlmanın da artdığına sevincək olub sonra da onun sağlığına şərab dolu badə qaldıran toplumuq, daha hacıibrahimlərdən nə umuruq, anlamıram.

Yox, yox, qətiyyən şəriətin toplum üzərində üstünlük əldə etməsi gərəkdiyi fikrində deyiləm, hətta sadiq və diqqətli oxucular dinə, şəriət məsələlərinə münasibətimi hiss etməmiş, bilməmiş olmazlar. Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilasının, bütün sahələrdə yüksəlişinin yeganə yolu onun sözün həqiqi mənasında dünyəvi, modern bir ölkəyə çevrilməsində, bəşəri dəyərlərə qovuşmasındadır.

Sadəcə, bu yazı ilə istədim, hər kəs bir az da özü ilə üzləşsin, öz imanını sorğulasın, öz inancında nə qədər səmimi olduğunu test etsin, ən azı bu suala cavab tapmağa çalışsın: mənim hacıibrahimlərə irad tutmağa haqqım çatırmı?!