Dövləti dilənçiyə dönüşdürənlər

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

23 illik korrupsiya rejiminin ardıcıl antixalq siyasətləri Azərbaycanı durmadan batırmaqdadır. Illərlə dönə-dönə yazmışıq, bir daha yazırıq: rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq kimi dağıdıcı faktorların DÖVLƏT SIYASƏTINƏ DÖNÜŞDÜRÜLMƏSI ölkəni bu günə qoydu. Böyük dövlətlər qarşısındakı “Azərbaycan xalqının demokratiya mədəniyəti yoxdur” prezident yalanıyla ölkə demokratiya yolundan diktatura yoluna döndərildi. Demokratiya qanunçuluğunun yerini bir ailənin buyruğuna bağlı diktatura “qanunçuluğu” tutdu.

Böyük, aldadıcı yalanlar içində xalqa sırınan “Əsrin müqaviləsi” sonucda bir ailənin bütün dünya güclərini satın ala bilməyədək varlanması, xalqınsa yerdə sürünməyədək yoxsullaşdırılıb yolsuzlaşdırılması ilə sonuclandı. Bir ailə üçün “uğurlu neft-qaz strategiyası” bir ölkə üçün uğursuzluq faktoru oldu.

Qarabağ adına yalanlarla qarabağır xalq gerçəyi yaradıldı. Qarabağ illərlə xalqla alver obyektinə çevrildi, bu gün də belə olaraq qalır. “Azərbaycan ordusu regionun ən güclü ordusudur” yalanının yerini indi başqa bir yalan tutur: “Azərbaycan ordusu dünyanın ən güclü 60 ordusu sırasındadır. Olsun, ancaq bütünlüklə yiyələndiyiniz televiziyalarda ”acından, yoxsulluqdan” öldürdüyünüz, boşaldıb “ermənisiz” qoyduğunuz erməniyə, erməniliyə niyə gücünüz çatmır, niyə onlar bizi bir belə itkiyə uğradırlar?

Bütün günü teleradiolardan belə soraqlar eşidilir: “Bu gün erməni silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini 105 dəfə ağır çaplı silahlardan atəşə tutublar. Düşmən 110 cavab atəşilə susdurulmuşdur”. Başqa bir soraqda “bizə 110 atəş açan düşmənin 120 cavab atəşilə susdurulduğu” bildirilir. Beləcə, “batıb gedən, dövlət büdcəsi Azərbaycan ordusunun büdcəsindən qat-qat az olan” “Ermənistan” Azərbaycanı elə hey itkiyə uğradır. Azərbaycan ordusu eləcə sayğac qurub güllə sayır. Görəsən, dünya HƏRB tarixində görünməmiş bu əttökən atış HESABATI nədən ötrüdür?! Çoxillik antixalq siyasətlərindən qaynaqlanan bu HƏRBU DOKTRINANIN baş ştabı haralardadır? Antixalq siyasətlərinin sonucu olaraq ölkədə sosial-ekonomik gərginliyin artıb-azalma tempinə uyğun olaraq ordumuzun atış, itki HESABATLARINDAKI artıb-azalma oxşarlığı nə deməkdir? ATƏT-in Minsk qrupunun arxasında dayanan üç bəlli dövlətin başımıza necə bir QARABAĞ oyunu… açdığını bilib-anlamağımız üçün daha neçə il keçməlidir? Sözsüz, o oyunda dördüncü oyunçu da var – bu, soyğunçuluq-yağmaçılıq axarında ölkəni auksiona çevirən korrupsioner rejimdir. Qarabağla bağlı bütün danışıqlar, gəzişmələr, artıb-azalan atışmalar, itkilər… hamısı, hamısı yalnız rejimi qoruyub saxlamaq üçündür. Bu, içdə də belədir, dışda da. Bu, iç-dış antiAzərbaycan güclərinin birgə siyasətidır!

Belarus prezidenti Lukaşenkoya, ailəsinə, komandasına birdən kəskin sanksiyalar uyğulayan dövlətlər bizə gələndə illərlə yalnız sanksiyalarla qorxutma uyarısı sərgiləyirlər. Beləcə, arxada birinə siyasi, o birinə ekonomik baxımdan yararlı alış-verişdə bulunurlar. Yaxşı da tamaşa qurublar: bugünkü dövlət yetkililəri yarımgizli ekonomik alış-verişdə ikən, dünənin dövlət yetkililəri “antidemokratik Azərbaycan hakimiyətinə sanksiyalar” uyğulamağa çağırırlar. Bizlərsə böyük dövlətlərin böyük oyunlarına bağlı hər belə çağırışdan az qala qanadlanıb uçuruq. Bir az tarix oxusaq, bir az Güney Amerikada, bir az Orta – Yaxın Doğuda 60 son yüz ildə baş verənləri öyrənsək, içdən – dışdan necə ələ salınıb aldadıldığımızı asanca görərik, bilərik.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adına 51 milyard pul oğurlanıb-mənimsəndi. Milyardlarla başqa oğurluq-mənimsəmə, yağıcasına yeyib-dağıtma faktları bir yana, təkcə o 51 milyarda bütün Azərbaycanı dağıdıb yenidən qurmaq olardı. Bunlar dağıtmağına dağıtdılar, ancaq… milyardları oğurlayıb-mənimsəməklə eləcə dağıntı içində buraxıb dururlar. Yox, durmurlar, ölkəni, xalqı borca batırmağa girişiblər…