Ala qarğa bülbül olsa, gülün qədrini nə bilər…

Gülün ömrü az olur…

Bir zamanlar keçmiş SSRI-ni güllə təmin edən Bakı kəndləri indi gülçülük ənənələrini, demək olar, unudub. O zamanlar ölkənin ən zəngin təbəqəsi sırasına daxil olan gülçülər indi məişət problemlərindən şikayətlənirlər. Bəlkə hər kəsdə belə bir sual da yarana bilər. Hazırda Azərbaycanda dünyanın Hollandiya, Yaponiya, Ingiltərə, Ispaniya, Israil və Türkiyə kimi ölkələrində olduğu kimi “Gül bayramı” keçirildiyi halda, niyə gülçülərimiz işsiz qalsın ki? Niyə hər il milyonlarla qazanc gətirən bu sahənin verə biləcəyi qazanc xaricə axıb getsin? Axı indi ölkəmizdə satışa çıxarılan güllərin böyük hissəsinin ayrı-ayrı ölkələrdən baha qiymətə gətirildiyi aydın olur.
Vaxtilə Azərbaycanda onlarla gülçülük təsərrüfatı olub. Abşeronda Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlan gülçülük sovxozları fəaliyyət göstərib. Bu kəndlərin sakinləri nəinki Bakını, ümumən bütün MDB məkanını güllə təmin edib. Ancaq gəlirli sahə olan gülçülük son 10 ildə unudulub. Indi güllər yalnız ayrı-ayrı şəxslərə məxsus istixanalarda yetişdirilir.
Mütəxəssislər deyir ki, əgər Bakı kəndlərində gülçülüyün durumu 20-25 il əvvəlki dövrlə müqayisə edilsə, 20 faiz gülçülük təsərrüfatının qaldığı məlum olar. Çünki Bakı kəndlərində gülçülük təsərrüfatı birbaşa istixanalarla bağlı məsələdir. Gülçülük təsərrüfatının sıradan çıxmasına təsir edən amillərdən biri budur. Ona görə də bu gün Bakı kəndlərində gülçülük təsərrüfatı, demək olar, sıradan çıxmış vəziyyətdədir.
Abşeronda gülçülük təsərrüfatı bir az qalır, məsələn, ötən əsrin 80-ci illərində elə nadir qızılgüllər var idi ki, bu gün onlar yoxdur. Bu gün istixanalarla bağlı elə problemlər yaranıb ki, gül təsərrüfatını inkişaf etdirmək qeyri-mümkündür. Çünki istixanalar üçün veriləcək qaz o qədər bahadır ki, əkin işi ilə məşğul olan adam gəlir götürə bilmədiyinə görə bu təsərrüfatdan uzaqlaşır.
Bu problemlər üzündən Bakı kəndləri nəinki gül, meyvə-tərəvəz bazarını da itirmək üzrədir. Gülçülər deyir ki, Hollandiya və başqa Avropa ölkələrindən elə güllər gətirirlər ki, artıq Bakı kəndləri Azərbaycandakı gül bazarını itirir. Bakıdakı bütün gül mağazalarında satılan güllərin 90 faizi xarici ölkələrdən gətirilən güllərdir. Amma Bakı kəndlərində gülçülüyü bilən adamlar var ki, onlar Hollandiyadan da qat-qat gözəl güllər yetişdirə bilərlər.
“Ağla, qərənfil, ağla…”
Peşəkar gülçülər gülçülüyə dəyən ən böyük zərbəni də 20 Yanvar faciəsi ilə bağlayırlar. Bu böyük faciədən sonra matəm gülünə çevrilən qərənfili indi ancaq məzar üstünə qoymaq üçün alırlar. Bu da onun alışını tamamilə azaldıb və qərənfil əkib-becərməyə marağın azalmasına səbəb olub.ÿÿ
Çoxillik qərənfilin Avropa, Asiya, Afrika ölkələrində təxminən 300, Azərbaycanda 26 növü mövcuddur. Mənbələrə görə, dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır… Qərənfilin becərilməsi çoxlu çətinliklərlə bağlıdır. Qərənfil aprelin 20-dən iyulun axırına qədər əkilir və təxminən sentyabrın 20-dək dərilir.ÿHardasa qərənfilin əkildiyi yerdə minimum +12 dərəcə temperatur olmalıdır.ÿGülçülüklə məşğul olanlar əkdikləri bitkinin normal inkişaf edə bilməsi üçün müxtəlif gübrələrdən istifadə edir. Belə ki, bu cür təsərrüfatlarda duz dərmanı, smer, fundazol, B 58, mikroelementlər və digər gübrələr daha çox işlənir. Bundan başqa, xal üçün “bravo” dərmanından istifadə olunur. Antroxov, stroqi dərmanları da vacib sayılır. Stroqi istifadə olunmasa, güldə pas kimi ləkə olur. Bundan başqa, qərənfilin becərilməsində bir sıra müvafiq dərmanlardan da istifadə olunur. Şitil əkiləndə hər şitilin arasında 20-15-10 santimetr məsafə qoyulur. Əgər oradan çilinq yığılacaqsa, arada 20 santimetr, gül yığılacaqsa, 10 santimetr məsafə kifayətdir. Gül qalxdıqca, kvadrat formada sapların arasına alınır. Hər qönçə bir kvadratdan çıxarılır. Hardasa bir qönçə boy atana qədər 3-4 dəfə kvadrata alınır ki, o əyilməsin. Bu gül çox zəhmət tələb edən sahədir.
Bakı kəndlərinin qərənfilləri keçmiş SSRI məkanında da çox məşhur idi. Bəzi gülçülər o dövrlər bir mövsümdə 50-60 min gül satdıqlarını söyləyirlər. Sovetlər dağıldıqdan, dünyaya yollar açıldıqdan sonra gülün də bazarı bağlanıb. “Bizim güllər keyfiyyətinə, qoxusuna görə Israil, Ispaniya və Türkiyə güllərindən çox yaxşıdır. Bizim qızılgül tez solsa da xaricdən alınan qızılgüldən qoxusuna görə fərqlənir. Oradan gətirilən güllərin qoxusu olmur. Sadəcə olaraq, onlar gec solur, hətta bir ay təravətli qala bilir. Vaxtilə Azərbaycanda zanbaq yetişdirilərdi. Amma indi onu Hollandiyadan alıb gətirirlər. Adını da ”liliya” qoyublar. Birini 5-6 manata satırlar. Bakı kəndlərindəki istixanalarda qızılgül, xrizantem, kala yetişdirilir. Yaxşı olardı ki, bu gülləri bizdən alaydılar. Onda bizim də işimiz olardı. Bunun yerli biznesə də xeyri dəyərdi. Bizdə yetişdirilən nərgizgülü heç yerdə bitmir. Hətta türklər öz ölkələrində yetişdirməyə cəhd edib, ancaq bitməyib. Nərgizgülünün vətəni Azərbaycandır, bizim torpaqdan başqa heç yerdə bitmir. Hətta rəvayətə görə, bir vaxtlar bu gülü peyğəmbərə hədiyyə ediblər. Nərgizgülü yalnız martda açır”(Zakir Həsənov, gülçü).
Gülçülüyü yenidən canlandırmaq olar
Təbii, gülçülərin sözünə haqq qazandırmamaq mümkün deyil. Bakı kəndləri illər boyu aqrar sahə olub, təkcə gülçülüklə yox, meyvə-tərəvəz təsərrüfatı ilə də seçilib. Məsələn, Bakının ənciri, ağ şanısı vaxtilə adıyla çağırılıb. Bu sahələri inkişaf etdirmək üçün isə yerli əhaliyə şərait yaratmaq, kredit vermək və onları həvəsləndirmək vacibdir. Əgər 30 il əvvəl Bakı kəndləri paytaxtı və Sumqayıtı meyvə-tərəvəzlə, başqa ərzaq məhsulları ilə təmin edə bilirdisə, dövlətin bu sahəyə diqqət yetirməsinə dəyər.
Bakıda vaxtilə gülçülükdən böyük qazanc götürən insanlar bu problemin həllini kəndlərə verilən su, işıq və qaz probleminin həlli, gülçülərə kredit verilməsində görürlər. Onlar inanırlar ki, bu sahəyə sərmayə yatırılsa, ölkədə rəngarəng güllər yetişdirmək, hətta MDB-ni də güllə tam təmin etmək olar.
Bilgəhin sakinləri də Türkiyə, Iran, Hollandiya və Ekvadordan gətirilən zanbaq, səhləb çiçəyi, tülpan, çobanyastığı, qızılgül kimi güllərin Azərbaycanda da yetişdirilməsini mümkün sayır. Onların sözlərinə görə, problemlər üzündən gülçülük təsərrüfatının çökməsi Avropadan gətirilən güllərin bazarı tutmasına səbəb olub. Indi bu, əhaliyə həm ucuz, həm də sərfəlidir. Azərbaycan gülünün isə həmişə həm daxili, həm də xarici bazarı olub. Lakin problem yalnız yerli gülün qiymətinin yüksək olmasıdır. Bu üzdən onlar Avropadan gətirilən güllərlə rəqabət apara bilmir.
Məlum olduğu kimi, son zamanlar Bakı kəndlərində təsərrüfat fəaliyyətinin, xüsusilə gülçülüyün inkişaf etdirilməsi üçün dövlət proqramı çərçivəsində gülçülərə müəyyən kreditlər verilməsi nəzərdə tutulub. Bu tədbirlərin nə dərəcədə uğurlu olacağı və gülçülüyün dirçəldilməsinə nə dərəcədə yardım edəcəyi yaxın zamanda öz təsirini göstərəcək.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir