Ankara ilə Avropa Birliyi arasında viza rejimi aradan qalxır
Avropa Birliyinin dünən Brüsseldə keçirilən sammitində Türkiyə ilə bağlı tarixi qərar qəbul olunub. Sammitdə Türkiyə ilə Avropa Birliyi arasında viza rejiminin ləğvinə razılıq verilib. Qərar bu il iyun ayının sonlarında qüvvəyə minəcək.
Sammitdə əldə edilən növbəti razılaşma suriyalı qaçqınlarla bağlı Ankaraya ayrılacaq maliyyə yardımıdır. Belə ki, Türkiyə 2018-ci ilin sonuna qədər Avropa Birliyindən 3 milyard avro yardım alacaq.
Almaniya kansleri Angela Merkel hələ toplantıdan əvvəl miqrant böhranı ilə bağlı müzakirələrin gərgin keçəcəyini açıqlamışdı. Qanunsuz miqrant sayının azalmasına çalışdıqlarını deyən Merkel bu məsələdə açar ölkənin Türkiyə olduğunu bəyan etmişdi.
Bəzi Avropa Birliyi ölkələrinin təktərəfli qərarlar verdiyini deyən Merkel hesab edir ki, miqrant məsələsində ortaq mövqe olmalıdır.
Kansler onu da qeyd edib ki, Şengen sisteminin davamlı olması üçün xarici sərhədlərin təhlükəsizliyi təmin edilməlidir. Bu da Türkiyə ilə əməkdaşlıq çərçivəsində reallaşa bilər.
Sammitdən əvvəl açıqlama verən Türkiyə baş naziri Əhməd Davudoğlu isə Ankaranın Avropa Birliyi ilə əməkdaşlığa və quruma üzvlüyə hazır olduğunu bildirmişdi.



