AXCP sədrinin müavini hakimləri cəsarətsizlikdə ittiham etdi

fuad-qehremanli1

Fuad Qəhrəmanlının apelyasiya şikayətləri təmin olunmadı

Dünən Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan sədr müavini Fuad Qəhrəmanlının iki şikayətinə baxılıb. Apelyasiya şikayətlərinin hər ikisi Nəsimi Rayon Məhkəməsində çıxarılan qərardan verilmişdi.

Qərarlardan biri Fuad Qəhrəmanlının girov müqabilində həbsdən buraxılmasına dair vəsatətin rədd olunması haqda idi. Digər qərara əsasən, Fuad Qəhrəmanlının barəsində həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadılmışdı.

Bakı Apelyasiya Məhkəməsi də şikayətlərin heç birini təmin etməyib. Elə məhkəmə iclaslarında iştirak edən Fuad Qəhrəmanlı özü də hakimlərə bildirib ki, onlar bu cür siyasi sifarişli işlərdə müstəqil qərar qəbul etmək gücündə deyillər.

Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev bildirib ki, hər iki iş üzrə müdafiə vasitələrindən istifadə davam etdiriləcək.

Xatırladaq ki, Fuad Qəhrəmanlı “facebook” səhifəsində yazdığı statuslara görə, dekabrın 8-də həbs olunub. Həmin statuslara görə, ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.