Məmməd İbrahimə qarşı saxtakarlığın üstü açıldı FOTO

mammad-ibrahim

AXCP funksionerinin işi üzrə məhkəmə istintaqı yekunlaşdı

Polis rəisinin məktubu Məmməd İbrahimin üzünə duranları necə ifşa etdi?

AXCP Rəyasət Heyətinin üzvü Məmməd Ibrahimin məhkəməsi yekunlaşmaq üzrədir. Nərimanov Rayon Məhkəməsində keçirilən bu prosesdə dünən məhkəmə istintaqının yekunlaşdığı açıqlanıb. Növbəti məhkəmə iclasında prokuror çıxış edəcək.

Dünənki məhkəmə iclasında əvvəlcə hakim Turqay Hüseynov Nərimanov rayonu, 18-ci polis bölməsinin rəisi Hikmət Usubovun məktubunu elan edib. Bölmə rəisi hakimin sorğusuna cavab verib. Həmin sorğu isə Məmməd Ibrahimin vəkili Yalçın Imanovun vəsatəti əsasında göndərilmişdi. Vəkil 18-ci polis bölməsinə sorğu ilə müraciət edib, oradan məlumatların qeydiyyatı kitabının məhkəməyə gətirilib cinayət prosesi tərəflərinin birgə iştirakıyla ona baxış keçirilməsini istəmişdi. Çünki iş materiallarında yazılıb ki, Məmməd Ibrahimin həbsindən sonra daha iki nəfər polis bölməsinə şikayət edib, davada ayırmaq istəyərkən onun tərəfindən vurulduğunu, təhqir olunduğunu göstərib. Məmməd Ibrahim isə o adamları ümumiyyətlə, tanımadığını, ilk dəfə üzləşmə zamanı gördüyünü və ona verilən maddəni ağırlaşdırmaq üçün ortaya atıldıqlarını bildirib. Yalçın Imanov da zərəəkmiş qismində tanınan həmin şəxslərin bölməyə nə vaxt müraciət etməsi məsələsinin araşdırılması məqsədilə qeydiyyat kitabına baxış keçirilməsini istəmişdi.

Hikmət Usubov cavab məktubunda yazıb ki, 15 iyul 2015-ci ildən vətəndaşların ərizə və şikayətləri kitablarda qeydiyyata alınmır, o vaxtdan qeydiyyat kompüterdə aparılır. Zərəəkmiş Oruc Vəliyev isə bölməyə 5 oktyabrda müraciət edib. Onun müraciəti kompüterdə qeydə alınıb.

Daha sonra Məmməd Ibrahim məhkəmədə ifadə verib. O bildirib ki, həbs olunmamışdan əvvəl “facebook”da naməlum profillərdən təhqir olunurdu, hədələnirdi. Bununla əlaqədar Nərimanov Rayon Polis Idarəsinə şikayət edib. Onun şikayəti araşdırılması üçün 17-ci polis bölməsinə göndərilib: “Bölmədə mənə yazılanları Azər adlı təhqiqatçıya göstərdim. Orada, hətta məni oğlumun başını kəsməklə hədələyirdilər. Həmin ərəfədə Mikayıl Quliyev də yazdığı statuslarda məni açıq-aşkar təhqir edirdi. Sentyabrın 29-da onu görəndə elə buna görə yaxınlaşıb soruşdum ki, məni niyə təhqir edirsən? Mən həmin vaxt ona heç bir xəsarət yetirməmişəm, heç təhqir də eləməmişəm. Çünki mən bilirdim ki, nəticəsi nə ola bilər. Bundan əvvəl dəfələrlə görüşmək üçün xəbər göndərmişdi. Amma getmirdim, çünki bilirdim ki, getsəm, şərlənəcəm. Hətta ”Facebook”da yazılan təhqirlərə, hədələrə də cavab vermirdim. Məlumat almışdım ki, əgər bircə kəlmə təhqiramiz cavab versəm, məni kompüterimlə birlikdə aparıb həbs eləyəcəklər. Ona görə də səbr edirdim”.

Siyasi fəaliyyətinə görə sifarişlə həbs olunduğunu vurğulayan Məmməd Ibrahimin sözlərinə görə, onun işi üzrə istintaqı aparan müstəntiq də bunu gizlətməyib: “Cinayət işinin qondarma olduğunu dəfələrlə müstəntiq Mübariz Süleymanov özü də mənə etiraf edib. Mənə deyirdi ki, çox dərinə getsən, silah, bıçaq, hətta plastmas butılka da əlavə edib, maddəni daha da ağırlaşdıracağıq. Sonradan Oruc Vəliyev və Məhəmməd Qurbanovu tapıb onları da zərəəkmiş kimi təqdim edib maddəni dəyişəndə dedi ki, biz buna məcbur olduq, çünki vəkilin hər yerə şikayət edir”.

Məmməd Ibrahim deyir ki, Məhəmməd Qurbanov və Oruc Vəliyev ümumiyyətlə, hadisə yerində olmayıb. Onları ilk dəfə üzləşmə zamanı görüb: “Bir dəfə müstəntiqdən soruşdum ki, bunlar kimdir, hardan tapmısız, dedi ki, heç mən də bilmirəm”.

Məmməd Ibrahim ifadəsinin sonunda məhkəmədən ona bəraət verilməsini istəib: “Mən, ancaq bəraət istəyirəm. Hətta ən yüngül cəzanı belə, siyasi sifarişin nəticəsi kimi qiymətləndirəcəm”.

Daha sonra cinayət işinin materiallarındakı sənədlər, o cümlədən ekspert rəyləri elan olunub.

Bundan sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi martın 14-nə qədər təxirə salınıb.

Məhkəmədən sonra vəkil Yalçın Imanov jurnalistlərə açıqlamasında bildirib ki, bölmə rəisinin məktubu Məmməd Ibrahimə qarşı saxtakarlığı bir daha sübut etdi: “Hikmət Usubovun imzası ilə məhkəməyə göndərilən məktubda isə yazılıb ki, Oruc Vəliyev bölməyə 5 oktyabrda ərizə ilə müraciət edib. Iş materiallarında isə yazılıb ki, Oruc Vəliyev oktyabrın 1-də ərizə ilə müraciət edib, 3-də tibbi ekspertiza təyin olunub, 5-də ekspertin rəyi istintaqa daxil olub və elə həmin gün də Məmməd Ibrahimin əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən 221.2.2-ci maddəsinə tövsif edilib. Bu məqam Məmməd Ibrahimin həmin adamların hadisə yerində olmadığı, sonradan onun məsuliyyətini ağırlaşdırmaq üçün ortaya atıldıqları barədə dediklərinin sübutudur”.

Xatırladaq ki, Məmməd Ibrahim AXCP-dən uzaqlaşdırılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd Ibrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov ortaya çıxıb və iddia olunub ki, insident zamanı Məmməd Ibrahim onları da vurub. Bundan sonra Məmməd Ibrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub.