Ulviranın əri haqda yeni məlumat yayılıb
ANS-in “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın bıçaqlanan həyat yoldaşı Tərlan Mustafayev (Dağlı) ilə bağlı yeni məlumat yayılıb. “Yeni Müsavat” qəzetinin saytında yer alan məlumata görə, Tərlan Mustafayev bıçaqlanmamışdan bir neçə gün öncə dələduzluq etməkdə günahlandırılıb. Bununla bağlı Səbayel Rayon Polis İdarəsində araşdırma aparılıb. Məlumata görə, Tərlan Mustafayev bir nəfərdən pul götürüb və qaytarmayıb.
Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yaydığı xəbərdə T.Mustafayev bir xanıma onu həyat yoldaşı Ulviranın aparıcısı olduğu verilişə çıxaracağı haqda söz verdiyi və bunun müqabilində ondan pul aldığı deyilir. Amma hələlik onun aldığı pulun miqdarı açıqlanmır. Səbayel Rayon Polis İdarəsindən belə bir hadisənin olmasını qəzetə təsdiqləyiblər. Oradan bildiriblər ki, material araşdırılması üçün ərazi üzrə Nizami Rayon Polis İdarəsinə göndərilib. Nizami RPİ-dən isə məlumat almaq mümkün olmayıb. Tərlan Mustafayevin bu məsələ ilə bağlı bıçaqlanması da istisna edilmir.
Xatıladaq ki, hadisə yanvarın 11-də baş verib. Naməlum şəxslər tərəfindən bıçaqlanan Tərlan Mustafayev hazırda xəstəxanada müalicə edilir.
Tərlan Mustafayev hadisə ilə bağlı bunları deyib: “Onlar məni təklədilər. 3-4 nəfər idilər. Bıçaq bağırsağıma girdi. Hadisədir, hər bir insanın başına gələ bilər. Getdiyim yerdə vurdular. Kimin vurduğunu da bilmirəm, onları tanımıram”.