“Azərbaycan beş məmurdan və beş şirkətdən ibarətdir”

«Geri zəkalı bu adamlar hər şeyi öz dar düşüncəsi və geniş mədəsinə uyğunlaşdırmağa çalışır»

Cəmil Həsənli: «Əbülfəz bəy, sonra isə Əli Kərimli ilə çiyin-çiyinə işləmək mənim tərcümeyi-halımın ən yaxşı səhifələridir»

Yanvarın 15-də tanınmış ziyalı, tarix elmləri doktoru, profosser Cəmil Həsənlinin 60 yaşı tamam olur. Bu münasibətlə “Turan” C.Həsənlidən keçdiyi həyat yolu və digər məsələlərlə müsahibə götürüb.

-Cəmil bəy, 60 yaş insanın həyatında bir mərhələdir, onu necə qeyd etməyi düşünürsünüz?
-Vallah, düzünü deyim ki, heç vaxt təm-təraqlı ad günü və şəxsi həyatımla bağlı digər tədbir keçirməmişəm. Belə tədbirləri ailə daxilində qeyd etməyə üstünlük vermişəm.
Bu dəfə də belə olacaq. Bir müddət əvvəl bu barədə söhbət olanda ailəsi ilə birlikdə Dubayda yaşayan qızım xahiş etdi ki, 60-cı ad günümü onlarda keçirək. Etiraz etmədim, Avropada yaşayan oğlum da ora gələcəyini bildirdi. Göründüyü kimi, bütün ailənin bir yerə toplanması üçün bir bəhanə yarandı. Oradakı nəvələri görmək və bir neçə gün onlarla bir yerdə olmaq həvəsi şübhəsiz ki, bu qərarın qəbul edilməsində həlledici rol oynadı. Yubileyim ailəmizin bir yerdə bir şam süfrəsi arxasından yığışmasından o yana keçməyəcək.

Imtahandan çıxanda, məni heç kim gözləmirdi

– Orta məktəbi nə zaman bitirdiniz, tələbəlikdən hansı hadisələr yadda qalıb?
– 1970-ci ildə Cəlilabad rayon Alar kənd orta məktəbini bitirdim. Sənədlərimi xarici dillər institutunun ingilis dili fakültəsinə vermək istəyirdim. Lakin attestatımda həm ana dili, həm də Azərbaycan dili qrafasına qiymət yazıldığı üçün dedilər gərək aydınlaşdıraq. Səhər ora gedəndə universitetin yanından keçirdik. Mənimlə birlikdə sənəd verməyə gəlmiş əmioğlum Adil (o, artıq əsgər gedib gəlmişdi) dedi ki, gəl gedək universitetə, hələ vaxtımız var, bəlkə burada sənədlərini götürdülər. Ədəbiyyat fakültəsinə sənəd vermək istəyirdim, o isə təkid etdi ki, tarix fakültəsinə sənəd verim. Səhər tezdən sənəd verməyə çox uşaq gəlmişdi. Sənəd qəbulu başlanana qədər bir-birimizlə suallaşırdıq. O zaman sənədləri qəbul edən Rəfael Süleymanov (o, indi BDU-nun tarix fakültəsində professordur) başını qaldırıb mənə dedi ki, ay oğlan bura gəl, mən səhərdən qulaq asıram, tarixi bunların hamısından yaxşı bilirsən. Sənədlərini növbəsiz qəbul edəcəyəm. Beləcə, tarixə yaxınlaşdım. Tarixdən ilk imtahanı professor Zakir Abdullayev (o, bir neçə ildir rəhmətə gedib) götürdü, cavablarım xoşuna gəldi, xeyli təriflədi və “əla” qiymət yazdı. O zaman beş alan uşaqlar universitetin qapısından hay-küylə çıxırdılar. Çoxlu valideynlər olurdu qapıda.
Biri məndən soruşdu neçə almısan, dedim beş, inanmadı, qiymət kağızımı göstərdim, gördü ki, həqiqətən beş almışam. Dedi ki, bəs niyə sevinmirsən? Mən imtahana tək gəlmişdim, bu kütlənin içində məni heç kəs gözləmədiyindən sevinc hissi də yox idi. Nəhayət, digər imtahanlardan da müvafiq qiymətlər alıb qəbul olundum.

Imtahan verdiyim otaqda özüm imtahan götürdüm

Çox sonralar tarix imtahanı verdiyim otaqda özüm imtahan götürdüm. Mənimlə birgə imtahan qəbul edən müəllim başlanğıcda xəbərdarlıq etdi ki, gərək, tapşırılmayanları kəsək. Dedim niyə? Dedi ki, bizim adamlara müsabiqədə mane olarlar. Bir anlıq həmin otaqda sısqa bir kənd uşağı kimi imtahan verməyim, bayırda heç kimin gözləmədiyi bu sısqa kənd uşağına Zakir müəllimin beş yazmağı gözümün önünə gəldi. Xəyaldan ayrılıb dedim ki, “incimə, bu otaqda vaxtilə mənim haqqımı veriblər, indi mən başqasının haqqını tapdalasam, Allaha xoş getməz”. Müxtəlif illərdə qəbul zamanı onlarla istedadlı uşaqlara yüksək qiymət yazdım, indi görəndə xatırlayırlar. Tələbəlik illərinin ən maraqlı hadisəsi isə Əbülfəz bəylə tanışlığımız olub. Biz onun, Rafiq Ismayılovun dərslərini səbrsizliklə gözləyirdik. Vətən və millət haqqında ilk sözləri biz bu onlardan eşitdik.

– Universiteti bitirən kimi aspiranturaya girdiniz, yoxsa fasilə oldu?
– Universiteti bitirəndən sonra bir müddət Cəlilabadda tarix müəllimi işlədim. Aspiranturaya gəlincə, universitetdə diplom işimin elmi rəhbəri olmuş professor Ruhulla Orucov zəng edib görüşmək istədiyini bildirdi və dedi ki, saat 5-də işlədiyim Lenin muzeyinə gələcək. Amma nə üçün gələcəyini demədi. Bizə dərs demiş gənc müəllim Rəfael Hüseynovla birlikdə gəldi muzeyə. Mən 50-ci illəri tədqiq edəndə şahidi oldum ki, Ruhulla müəllim Şıxəli Qurbanovla birgə Mərkəzi Komitədə işləyib. 1959-cu ildə Moskvadan Ivan Şikin komissiyası Bakıda yoxlama apardıqdan sonra çoxları kimi onu da partiya orqanlarından uzaqlaşdırıblar. Ruhulla müəllim muzeydə yaxşı perspektivim olduğunu desə də, kafedraya əyani aspirantura yer verildiyini, sənədlərimi verməyimi istədi. Fikirləşməyə bir həftə vaxt verdi, beləliklə 1977-ci ildə əyani aspiranturaya daxil oldum. Şəxsi və elmi həyatımda hər hansı uğur varsa, bunun üçün universitetə borcluyam.

Kitabımı Hidayət Orucov plana salmışdı

– Özünü nə vaxtdan böyük elmdə hiss etdiniz?
– Mən namizədlik dissertasiyasını gec, 1984-cü ildə müdafiə etdim. Bu bir tərəfdən mövzunun uğursuzluğu, digər tərəfdən həddən çox dərs yükü aparmağımla bağlı idi. Doktorluq dissertasiyasını tez, 1992-ci ildə müdafiə etdim.
Mövzu maraqlı idi, 1918-1920-ci illərdəki Azərbaycan respublikasının beynəlxalq aləmə inteqrasiyasını araşdırmışdım. Namizədliyi yazmaq, doktorluğu müdafiə etmək çətin oldu. Böyük müqavimət var idi. Hətta Moskvaya, Rusiya Ali Attestasiya Komissiyasına anonim şikayət də yazmışdılar. Yalnız bir il sonra Moskvada demək olar ki, Ali Attestasiya üzvlərinin qarşısında yenidən müdafiə etdikdən sonra mən doktorluq diplomu ala bildim. Kimsə bu iş barədə həmin vaxt nəşriyyat və poliqrafiya naziri işləyən Sabir Rüstəmxanlıya demişdi. Bir gün Sabir bəy zəng edib dedi ki, o işi gətir mənə. Apardım, vərəqləyib, Azərnəşrin direktoru Azər Mustafazadənin üstünə yazdı ki, növbəsiz nəşr edilsin. Azər müəllim və Əlövsət bəy doğrudan da bu əsəri 10 min tirajla və böyük sürətlə nəşr etdilər. Amma buna qədər mənim “Ağ ləkələrin qara kölgəsi” kitabım 40 min tirajla nəşr edilmişdi və bu kitabı həmin vaxt “Gənclik” nəşriyyatının planına Hidayət Orucov salmışdı. Bu iki kitab mənim elmə gəlişimdə əhəmiyyətli rol oynadı.

– Səhv etmirəmsə, ötən il müsahibələrinizin birində Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz Institutunun direktoru Frederik Starr sizi post sovet coğrafiyasının ən yaxşı tarixçisi adlandırdı.
– Hə, professor Fred Starrın belə bir fikrini mətbuatdan oxudum. Verdiyi qiymətə görə ona təşəkkür edirəm. 2010-ci ilin noyabrında Berlində Humbolt universitetindəki çıxışında da o və professor Yorq Baberovski buna bənzər fikir söylədilər. Professor Starr həm də çox istedadlı bir caz ustasıdır. Onlar hazırda “Azərbaycan Xalq Cümhuriyyəti: müstəqilliyin çətin yolu” kitabımı nəşrə hazırlayırlar.

– Cəmil bəy, 10 il parlamentin üzvü oldunuz, Milli Məclisdəki fəaliyyətinizlə bağlı nələri xatırlayırsınız?
– Milli Məclisin elə də böyük səlahiyyəti yoxdur. Məclisə hakimiyyətin müstəqil qanadı kimi baxmaq doğru deyil. Məclis üzvü olduğum 10 ildə az da olsa bir şeylər etməyə çalışdım. On il ərzində elə bir yazılı və şifahi müraciət olmadı ki, ona biganə qalım. Parlamentə deputatları ilə görüşə gələn seçicilər yaxşı bilirlər, mən çox az millət vəkillərindən idim ki, həmişə gedib görüşə gələnlərin içində məni gözləyən seçicinin olub- olmadığını soruşurdum.

Cəlal Əliyevə cavab verəndə, deyirdilər, qan düşəcək

– Sizin həm də Milli Məclisdə çox sərt çıxışlarınızın şahidi olmuşuq.
– Hə, bu çıxışlardan sonra bəzən elə olurdu ki, öz “həssaslığı” ilə seçilən bəzi deputatlar çalışırdılar ki, mənimlə qarşılaşmasınlar və salamlaşmasınlar. Bir dəfə çıxışımdan sonra zala daxil olan deputatlardan biri gəlib mənimlə görüşəndən sonra onunla oturan deputat onu danladı kı, belə səhvlərə yol verməsin, burada hər şeyə göz qoyurlar. Birinci beş ildə Xalq Cəbhəsinin üzvü kimi Məclisdə olanda bu daha qabarıq hiss edilirdi. Bir dəfə deputat Cəlal Əliyev ünvanıma lazım olmayan ifadələr işlətdi, mən də öz iştirakı ilə cavabını verdim. Orada iştirak edənlərdən biri mənə dedi ki, Cəmil müəllim Allaha and olsun sən o sözləri deyəndə mən az qaldım ki yerimə… Dedim sözü deyən mənəm, sən niyə yerinə…. Dedi elə bilirdim qan düşəcək. Belə günlərimiz olub Məclisdə.

Elçibəy və Əli Kərimli ilə ən yaxşı səhifələr

-Yadımdadır, o zaman siz Xalq Cəbhəsindən deputat idiniz.
– Birinci beş ildə Xalq Cəbhəsi partiyasından deputat olmuşam. Ikinci dönəmdə isə müstəqil deputat kimi fəaliyyət göstərmişəm. Xalq Cəbhəsində olduğum illər həyatımın ən yaxşı illəri idi. Əvvəllər Əbülfəz bəyin rəhbərliyi altında, sonra isə Əli Kərimli ilə çiyin-çiyinə işləmək mənim tərcümeyi-halımın ən yaxşı səhifələri idi. Vaxtı ilə universitetdə müəllimliyə başlayanda birinci dəfə Isa Qəmbərgilin qrupuna dərsə girmişəm. Çox istedadlı tələbə idi. Sonrakı dövrdəki fəaliyyəti də bunu təsdiq etdi.

Bu kökdə ölkəni nəvələrimizə qoya bilmərik

– Bu gün isə “Ziyalı Forumu”ndasınız və yenə sözünüzü deyirsiniz. Yeri gəlmişkən, foruma qarşı çoxlu hücumlar var. Deyirlər ki, gərək adı belə olmayaydı.
-Ziyalı Forumuna qarşı çıxışlar. Əslində, onun adı ilə bağlı deyil, ad məsələsi bir bəhanədir. Əminliklə deyim ki, bu qurum hansı ad altında fəaliyyət göstərsəydi ona qarşı çıxışlar olacaqdı. Bizim idarəçilər həm istəyirlər oğurluq etsinlər, həm də heç kəs onlara oğru deməsin. Biz müsbəti də, mənfini də qiymətləndirməyə tərəfdarıq. Bir daha təkrar edirəm bizim siyasi istəklərimiz yoxdur, lakin ölkənin indiki ağır duruma salınmasına da laqeyd qala bilmərik. Həsən bəy Zərdabinin dəfnində Əhməd Ağaoğlu dedi ki, ey müqqəddəs ruh sənki gedirsən o dünyaya bizdən babalarımıza salam deyərsən və sonra tutub yaxalarında soruşarsan: A kişilər bu nə vətəndir bizim üçün qoymuzunuz. Vəzifəlisi rüşvətxor, məmuru oğru, beş-altı ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Biz nə Zərdabiyik, nə də Əhməd bəy, lakin istəmirik ki, gələcəkdə, ən azından öz uşaqlarımız, nəvələrimiz  – sağ qalsaq – üzümüzə, qalmasaq, gorumuza desinlər ki, siz bu biabırçılıqların, xalqın simasızlaşdırılmasının, beş-altı işbazın öz maraqları naminə bu milləti diz çökdürməsinin şahidi oldunuz, niyə buna öz etirazınızı bildirmədiniz?

Dünya görüşü “plintusdan aşağı” olanlar

– Ağır ittihamdır. Lakin elə siz də beş-altı nəfərsiniz, bununla nəyi dəyişəcəksiniz?
-Düzdür, biz beş-altı nəfərik. Amma bu beş-altı nəfər Rüstəm Ibrahimbəyov, Əkrəm Əylisli, Ramiz Rövşən, Rafiq Əliyev, Eldar Namazovdan ibarətdir. Axı, bu adamların sambalı sayından çox böyükdür. Onlar mövqe qoyurlar ortaya, sözümüzü deyirik, fikrimizi ifadə edirik, heç kəsin adından çıxış etmirik, adba-ad öz adımızdan danışırıq. Bu yaxınlarda “Azərbaycan” qəzeti və hakimiyyətin nəzarətində olan bəzi mətbuat orqanları Rüstəm Ibrahimbəyov haqqında yazı vermişdilər. Dünya görüşü və düşüncə tərzi bir rus ifadəsində deyildiyi kimi “plintusdan aşağı” olan bu bədbəxtlər Rüstəmin Azərbaycan və dünya mədəniyyətində, sənətində nəhəng rolunu, böyük missiyasını təsəvvür edə bilmirlər. Yuxarıların tapşırığı ilə yazılan bu cəfəngiyyatın 1937-ci ildə Hüseyn Cavidə, 50-ci illərdə Boris Pasternaka, 60-cı illərdə Aleksandr Soljenitsinə qarşı yazılanlardan heç bir mahiyyət və məzmun fərqi yoxdur. Dünyagörüş fərqinə görə insanları damğalamaq totalitarizmin ayrılmaz atributudur.
Qarabağ münaqişəsi başlayanda mənim 38 yaşım var idi. Indi 60 yaşım var. Azərbaycan torpaqları daha neçə il işğal altında qalmalıdır? 20 il bir ölkənin torpaqlarının 20 faizinin təxminən 20 ilə yaxın hökumətlik edən eyni hakimiyyətin fərsizliyi ucbatından düşmən əsarətində qalmasına bəraət qazandırmaq olmaz. Nə vaxta qədər hansısa toplantılardan “ərazi bütövlüyünün” tanınması barədə gətirdikləri arayışları bizə qələbə kimi təqdim edəcəklər? Mən bu hakimiyyətin bu gedişlə işğal olunmuş torpaqları azad edəcəyinə ümidimi itirmişəm.

Hər şey bu çetə kapitalizmin memarlarının əlindədir

-Bundan çıxış yolunu nədə görürsünüz?
-Korrupsiya Azərbaycanda dövlət siyasətinə çevrilmiş idarəçilik şəbəkəsidir. Ölkə on illərlə eyni adamların istifadəsinə verilib. Bir sıra nazirlik və idarələrdə tətbiq edilən bir pəncərə sistemi rüşvəti bir pəncərədən toplamağa yönəlib. Korrupsiya ölkədə o qədər “qanuni” xarakter aldı ki, indi iş adamlarına bankda hesab nomrəsi verirlər ki, get rüşvəti bu hesaba köçür. Hansı beynəlxalq rüşvət qalmaqalı olur Azərbaycanın adı oradadır. Bu millətin 40 il ağır sənayedə, qul əməyindən o qədər də fərqi olmayan kənd təsərrüfatı sahəsində çalışmış pensiyaçısı 100 manata qədər pensiya alır. Bu gün Azərbaycanla həmsərhəd olan ölkələrin hamısında isə müəllim, həkim, mədəniyyət işçisi, orta və aşağı məmur təbəqəsi bizimkilərlə müqayisədə 3-8 dəfə artıq əmək haqqı və pensiyalar alırlar. Bəs analoqsuz inkişafın xalqın həyatında, güzaranında ifadəsi hanı? Gömrük, vergi, bazar, ölkənin altı-üstü, səsini çıxaranın can güvənliyi, bir sözlə hər şey bu çetə kapitalizminın memarlarının əlindədir. Ölkə iqtisadiyyatının yüksək vəzifəli məmur biznesmenlərin nəzarətinə keçməsi xırda və orta biznes mühitinin formalaşma yolunu bağladı. Milyonlarla adam ölkəni tərk etmək məcburiyyəti ilə üzləşdi. Danışana da deyirlər ki, Qarabağ boyda problemimiz var, biz gərək səsimizi çıxarmayaq. Necə olur ki, bu problemi bilə-bilə siz öz korrupsiya, rüşvət, yerliçilik, qohumbazlıq əməllərindən qalmırsınız. Amma bir-iki tənqidi fikri belə, eşitmək istəmirsiniz.

– Insan haqları ilə bağlı da eyni vəziyyətdir, bəlkə durum bir az da ağırdır.
– Təəssüf ki, insan haqları və demokratiya ilə bağlı vəziyyət son illər ağır həddə gəlib. Bu məsələlərə son vaxtlar keçirdiyimiz müzakirələrdə dəfələrlə toxunmuşuq. Günahsız insanlar həbs edilir. Heç kəsin sabaha ümidi qalmayıb. Ölkədə elə bir mühit yaradılıb ki, kimliyindən asılı olmayaraq hər kəsi həbs edə bilərlər. Ölkədə adı hala dönən insanların cibinə narkotik, maşınına silah, döşəyinin altına qumbara, qoltuq cibinə qranat qoymaq kimi sayğısız əməllər ötən əsrin 37-38-ci illərinin üsullarıdır. Hətta, Sovet hökuməti kimi, antibəşəri hakimiyyət 37-38-ci illərdən sonra belə əməllərdən çəkinməyə çalışırdı. Bunun bir sonu olmalıdır. Ona görə Ziyalı Forumu olaraq qanunsuz həbslərə məruz qalmış adamları müdafiə edirik. Ölkədə on minlərlə adamın mülkiyyət haqqı pozulur. Bunun bir çarəsi olmalıdır.

Etiraz edənin başına torba keçirirlər

-Yəqin ki, şəhərin mərkəzində adamların evlərinin uçurulmasını nəzərdə tutursunu…
– Bəli, onu və geniş əhali kütləsinin mülkiyyətsizləşdirilməsini nəzərdə tuturam. Indi yüksək vəzifəli məmurların gözü nəyi tutubsa, bəri başdan bunu ona vermək lazımdır. Çünki, ölkənin qanunları, məhkəmə-hüquq sistemi vətəndaşın mülkiyyət hüququnu təmin etmir. Etiraz edən kimi başına torba keçirib mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, əslində isə “mütəşəkkil cinayətkarlıq idarəsi”nə aparıb, notariusu da ora dəvət etməklə cinayətə “qanuni” don  geyindirirlər. Yeni təyin edilən bir sıra icra başçılarının ilk işi əhalinin böyük çətinliklə əldə etdiyi xırda və orta mülkiyyəti əlindən almaq olur. Dövlətçilik düşüncəsinə yad olan, əhalinin cibinə girməyin yeni üsullarını kəşf edən, ona tapşırılmış rayonla əsir götürülmüş ərazi kimi rəftar edən bu təsadüfi adamlardan əhalinin canı qurtarmalıdır. Geri zəkalı bu adamlar rayonları bərbad günə qoyur, hər şeyi öz dar düşüncəsi və geniş mədəsinə uyğunlaşdırmağa çalışır. Bu adamların pul və mal hərisliyi ölkədə orta və xırda mülkiyyətin belini qırıb. Bu gün Azərbaycan beş məmurdan və beş şirkətdən ibarətdir. Nə varsa bunlarındır. Bunu Allah götürməz.
Hər nazirliyin, dövlət şirkətinin hərbiləşdirilmiş dəstəsi var. Korrupsiya pulları ilə bəslənən bu dəstələrin başlıca strateji vəzifəsi Azərbaycan vətəndaşını qana bulaşdırmaq, haqqını müdafiə edənləri “haqqa tapındırmaqdır”. Neft şirkətinin nələr törətdiyini bu ölkəni idarə edənlər görmürlər. Bütün bunlar hamısı ölkədə azad, ədalətli, demokratik seçkilərin olmaması ilə bağlıdır.

Belə idarəçiliyin sonu yoxdur

-Seçkilər məsələsi doğrudan da  Azərbaycanın taleyində düyün nöqtəsinə çevrilib.
-Yüksək korrupsiya olan yerdə azad seçki ola bilməz. Korrupsiyanın həcmi artdıqca xalq hakimiyyətin formalaşdırılması prosesindən uzaqlaşdırılır. Və getdikcə anlamağa başlayır ki, müstəqil olmaq, hələ azad olmaq demək deyil. Azərbaycan getdikcə hakimiyyətin seçki yolu ilə formalaşdırılması prinsipindən uzaqlaşır. Bütün dünyada seçki sistemi genişləndiyi bir vaxtda bizdə seçki sistemi məhdudlaşdırılır. Insanlara imkan vermək lazımdır, kənddə də, rayonda da, şəhərdə də onları idarə edən şəxsləri onlar özləri seçsinlər. Əhalinin yarısının yaşadığı Bakı şəhərində Böyük şəhər bələdiyyəsi yoxdur. Olan bələdiyyələr də icra orqanlarının əlavəsinə dönüb. Ali məktəblərin rektorları bütün dünyada kollektivlərin rəyi ilə seçilir. Bizdə isə hətta dekan və kafedra müdirləri belə rektorların yanındakı əlaltı komissiyalar vasitəsi ilə “seçilirlər”.
Belə idarəçiliyin sonu yoxdur.