Qara kəmər ustasının qatilinə niyə layiq olduğu cəza verilmir?
“Prokurorluq və məhkəmə oğlumun qanını batırmaq istəyir”. Bu barədə “Azadlıq”a 2014-cü ilin sentyabrın 5-də keçmiş qaynı Ürfan Rzayev tərəfindən amansızcasına qətlə yetirilən Kamal Rüstəmovun atası Əli Rüstəmov bildirib. Qeyd edək ki, Kamal Rüstəmov MTN-dəki məlum şəbəkə tərəfindən şərlənərək həbs olunan tanınmış jurnalist Pərviz Həşimlinin qaynıdır.
fevralın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Ürfan Rzayev barəsində hökm çıxarılıb. Ürfan Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Əli Rüstəmov isə hökmdən narazıdır. Onun sözlərinə görə, verilən cəza Ürfan Rzayevin törətdiyi əmələ adekvat deyil. Əli Rüstəmov bir daha israrla bildirir ki, karate üzrə qara kəmər ustası olan övladını onun qaynı təkbaşına öldürə bilməzdi və qatilin ən azı iki köməkçiksi olub. Hadisə yerində müxtəlif qan nümunələrinin olması barədə ekspertizanın rəyini bir daha diqqətə çatdıran Əli Rüstəmov bu hökmlə heç cür razılaşmayacaqlarını, apelyasiya şikayəti verəcəklərini və oğlunun qatillərinin hamısı məsuliyyətə cəlb edilərək haqq etdikləri cəzanı alanadək gücü daxilində mübarizə aparmaqda davam edəcəyini bildirib. Əli Rüstəmov onu da əlavə edib ki, hökmün üstündən 10 gündən artıq vaxt keçsə də, prokuror protest verməyib: “Bütün bunlar onu göstərir ki, prokurorluq və məhkəmə oğlunun qanının batırmağa çalışır. Lakin mən qatilin və bu cinayətdə rolu digər şəxslərin layiqli cəzalarını alması üçün sona qədər mübarizə aparacam”.
fevralın 22-də Ürfan Rzayevə dövlət ittihamçısı törətdiyi ağır cinayətə görə 14 il cəza istəsə də, hakim Elbəy Allahverdiyev qatilə 10 il verməklə kifayətlənib. Halbuki törədilən cinayətin ağırlığına görə həmin maddədə nəzərdə tutlan 9 ildən 14 ilədək cəzanın dörddə üçündən az cəza verilməməliydi. Ancaq hakim görünür qatilə qarşı hədsiz humanizm nümayiş etdirmək qərarına gəlib və qətlə yetirilən Kamal Rüstəmovun ruhunun narahatlığını, yeganə oğullarını itirtmiş valideynlərinin fəryadını nəzərə almağı lazım bilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin adı Azərbaycan oxucusuna yaxşı tanışdır və bir müddət öncə onun oğlu Rüfət Allahverdiyevin krallara layiq həyat tərzi sürməsiylə bağlı mətbuatda çoxsaylı materiallar getmişdi. Təkcə Google axtarış şəbəkəsində Elbəy Allahverdiyevin ad-soyadını yazmaq kifayətdir ki, onunla bağlı mətbuatda gedən informasiyalarla tanış olmaq mümkün olsun. Bu heç də hakimi qaralamaq niyyəti daşıyan xatırlatma deyil, əksinə, cəmiyyətdə mənfi reputasiya qazanan bir şəxsin ədalətli hökm çıxarmaqla iddiaların yanlış olduğunu, onun üçün qanunun şah olduğunu isbatlamaq üçün əlinə düşmüş fürsəti dəyərləndirə bilməməsi təəssüf doğurur.