Elxan Şahinoğlu: «Azərbaycan hökuməti münasibətlərin pozulmaması üçün Türkiyənin PKK istəyinə «yox» cavabı verməyəcək»
PKK-nın Azərbaycandakı fəaliyyəti ilə bağlı bir neçə gün öncə yeni faktlar ortaya çıxdı. Türkiyənin Milli Istihbarat Təşkilatının (MIT) erməni jurnalist, “Aqos” qəzetinin redaktoru Qrant Dinkin öldürülməsi işi üzrə hazırlanan yeni ittihama əlavə edilmiş məxfi hesabatının üzə çıxması bir sıra suallar yaratdı. Türkiyənin mətbuatının yazdığına görə həmin hesabatda PKK-nın Azərbaycan da daxil olmaqla bəzi ölkələrdəki fəaliyyətindən bəhs edilir. Məxfi məruzə 2011-ci il martın 1-dən 31-nə qədər olan kəşfiyyat məlumatları əsasında hazırlanıb.
Sənəddə “Terror təşkilatları” bölməsində PKK, DHKPC və digər radikal solçu terror təşkilatları, habelə PKK-nın aralarında Fransa, Almaniya, Azərbaycan və Ukrayna başda olmaqla bir çox ölkələrdəki fəaliyyətləri barədə kəşfiyyat məlumatlarına yer verilib. Lakin MIT-in məruzəsinin həmin hissəsinin detalları mətbuatda yayılmayıb.
Bəs, hazırda bütün səylərini bu terror təşkilatının zərərsizləşdirilməsinə yönəldən Türkiyə Azərbaycandan hansı istəklər irəli sürə bilər?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, PKK-nın Azərbaycanda fəaliyyətinin aktiv olduğu barədə məlumatlar öncə 90-cı illərdə üzə çıxırdı. Sonra Türkiyə ilə Azərbaycan arasında münasibətlər sıxlaşandan sonra bu cür məlumatların azaldığını deyən E.Şahinoğlu bildirdi ki, bir müddət sonra “Nurçular” məsələsi gündəmə gəldi. Son 7-8 il məhz bu mövzu əsas müzakirə predmetini təşkil edir: “Amma PKK ilə bağlı yenə də məlumatlar üzə çıxır və bu məlumatlar Türkiyə gündəmini zəbt edir. Amma mən düşünmürəm ki, Azərbaycan hökuməti Türkiyə tərəfinin bəzi məlumatlar ötürəcəyi və istəkdə bulunacağı təqdirdə, müvafiq addımlar atmasın. Çünki Türkiyənin bu istiqamətdə istəyinə Azərbaycan tərəfinin mənfi cavab verməsi Ankaraya mənfi jest olardı”.
Öcalanın məhkəmədə “PKK-nın ən böyük dayaqlarından biri Azərbaycandadır” cümləsinə aydınlıq gətirilmədiyini, bu istiqamətdə heç bir araşdırma aparılmadığını deyən E.Şahinoğlu vurğuladı ki, bu ifadənin sadəcə olaraq üstündən keçildi: “Əgər PKK-nın Azərbaycandakı fəaliyyətiylə bağlı Ankaranın əlində konkret faktlar varsa, onları Azərbaycana ötürmək olar. Inanmıram ki, Azərbaycan hökuməti Türkiyənin istəyi əsasında bu şəxslərin fəaliyyətini neytrallaşdırmasın”.
Xəyal