Azərbaycana kazino ilə turist cəlb etmək mümkündümü?

eldeniz-quliyev-yeniEldəniz Quliyev: «Burada məqsəd turizmi inkişaf etdirmək deyil…»

Xəbər verildiyi kimi, Milli Məclisin son iclasında Maliyyə  Bazarlarına Nəzarət Palatası haqqında qanun müzakirəyə çıxarılıb. Dövlət başçısı Ilham Əliyev  də bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında fərman imzalayıb.

Azərbaycanda mərc oyunlarına nəzarət funksiyası yeni yaradılan “Maliyyə Bazarlarına Nəzarət Palatası” publik hüquqi şəxsə verilir. Digər dəyişikliyə əsasən isə, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir.

Müzakirələr zamanı deputat Qüdrət Hüseynquliyev ölkənin turizm zonalarında kazinoların yaradılması təklifi ilə çıxış edib. Deputatın sözlərinə görə, bir çox ölkələr kazinolar vasitəsilə ölkəsinə turist cəlb edir: “Gürcüstan kazinolar vasitəsilə ölkəsinə çoxlu sayda turist cəlb edə bilib. Biz də bu təcrübədən istifadə edərək, turizm bölgələrində kazinolar yarada bilərik. Hətta ilkin olaraq həmin kazinolara öz vətəndaşlarımızın buraxılması qadağan da oluna bilər. Pullarını gedib başqa ölkələrdə uduzunca, gəlib Azərbaycanda uduzsunlar. Bu da iqtisadiyyatın inkişafına öz töhfəsini vermiş olar”.

Deputatın təklifilə bağlı fikirlərin “Azadlıq”a bildirən tanınmış ziyalı, kinossenarist Eldəniz Quliyev kazinoların yenidən bərpa olunmasının əleyhinədir. Bu tip oyunların Islama da zidd olduğunu deyən E.Quliyevin fikrincə, burda məqsəd turizmin inkişafının  qayğısına qalmaq deyil. Məqsəd turizmi inkişaf etdirməkdirsə, o zaman xidmətlərin keyfiyyətini  yüksəltməklə qiymətləri  aşağı salmalıdırlar: “Səviyyəli istirahət  yerləri yaradılmalıdır. Belə olan halda, əhali Gürcüstana və ya digər xarici ölkələrə getməyəcək. Kazinonu az qala, qumarxanaya döndəriblər. Mən müzakirə edilən bu məsələnin qəti əleyhinəyəm”.

Sosial şöbə