Jurnalistlər üçün nəqliyyat pulsuz olacaqmı?

Əflatun Amaşov: «Jurnalistlərin şəhərdaxili nəqliyyatdan pulsuz istifadəsi məsələsi Mətbuat Şurasının gündəmindədir»

“Şəhərdaxili nəqliyyatdan pulsuz istifadə üçün hər kütləvi informasiya vasitəsindən 10-a qədər əməkdaş vəsiqə ilə təmin olunsa, problemi müəyyən zaman çərçivəsində həll etmək olar”.
Bunu jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov bildirib ki, mətbuat nümayəndələrinin şəhərdaxili nəqliyyat vasitələrindən pulsuz istifadəsi məsələsi çoxdandır Mətbuat Şurasının gündəmindədir. Bununla bağlı dəfələrlə müvafiq qurumlarda müzakirələr aparılıb: “Xarici ölkələrdə jurnalistə işlədiyi redaksiya tərəfindən mənzilin verilməsi, nəqliyyatla təmin olunması kimi təcrübələr var. Əsasən iqtisadi baxımdan güclü nəşrlərdə belə hallar olur. Təəssüf ki, Azərbaycanda belə təcrübə yoxdur. Çünki redaksiyaların maliyyəsi yetərincə deyil.
Bir vaxtlar bəzi qrup insanlar nəqliyyatdan pulsuz istifadə edirdilər və jurnalistlər də həmin qrupa daxil idi. Son illərdə isə bu güzəştlər götürüldü”.Ə.Amaşov Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası rəhbərliyi ilə bu barədə müzakirələrin aparıldığını da diqqətə çatdırıb.