Bu iki quruma tikiləcək yeni binalar büdcəni talan edəcək
Məlum olduğu kimi, Dövlət Neft Fondu üçün nəzərdə tutulan yeni binanın tikintisi 85 mln avroya başa gələ bilər. Binanın inşasını Belçikanın “N.V. Besix S.A.” şirkətinin həyata keçirəcəyi gözlənilir. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi imzalanıb. Xatırladaq ki, Dövlət Neft Şirkəti üçün də yeni binanın inşası nəzərdə tutulub. ARDNŞ-nin yeni ofisinin isə dövlət büdcəsinə 1,5 mlrd dollara başa gələcəyi gözlənilir. Baxmayaraq ki, hər iki qurumun kifayət qədər normal binası var. Belə olan halda dövlət büdcəsindən milyonlarla vəsait ayırıb yeni binaların tikintisinə nə ehtiyac var?
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı özünün də bu sual üzərində düşündüyü deyir. ARDNŞ-nin qeyri-şəffaf bir qurum olduğunu deyən hüquq müdafiəçisi məsələ ilə bağlı ətraflı məlumat ala bilmədiklərini vurğuladı: “Izah eləsinlər ki, bu binalara nə ehtiyac var. Azərbaycanın dövlət qurumları onlara ayrılan pulları xərcləməyə tələsir. Ekspertlər də deyir ki, bu ildən başlayaraq neft hasilatı müəyyən dərəcədə aşağı düşməlidir. Neft daimi deyil. Ancaq neft pulları mənasız layihələrə sərf edilir”.
M.Qəhrəmanlı ARDNŞ və ARDNF-nin böyük binalara ehtiyacının olmadığını da vurğuladı. O, eyni zamanda ARDNŞ-nin özü üçün ofis tikməklə kifayətlənmədiyini də qeyd etdi: “Hazırda ”Bahar-enerji” üçün Qum adasında böyük bina tikilir. Nəyə görə binalara bu qədər pul xərcləyirlər? Bu niyələrin cavabını izah edə bilmirəm. Bina tikməklə Dubayla yarışa girirlər? Axı Dubay 40 il ərzində qazandığı neftdən insanların həyatını çox yaxşılaşdırıb. Dubay neft pulunun hesabına qumluqda şəhər salıb. Azərbaycana isə neft pullarını binalara xərcləyirlər. Heç bir sahədə əhaliyə xeyir vermirlər. Yalandan deyirlər yoxsulluq aşağı düşüb. Heç olmasa bu vəsaitləri işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltsinlər. Bu suallara cavab tapmaq olmur”.
Iqtisadçı-ekspert Nemət Əliyev bahalı binaların tikilməsini növbəti korrupsiya əməliyyatı kimi qiymətləndirdi. Bununla hakimiyyətin məqsədi ölkənin problemli məsələlərini gündəliyə gətirib həll etmək deyil.
Ekspertin sözlərinə görə, hakimiyyət qurumları hansısa korporativ maraqların gerçəkləşdirilməsini dövlətin, xalqın maraqlarından önə çəkir. Iki qurum üçün bu qədər bahalı binaların tikintisi də ölkədə həyata keçirilən siyasətin məntiqi yekunudur: “Bunların məqsədi maksimum dərəcədə daha çox sərvətə sahib olmaqdır. Insanları daha çox problemlərin məngənəsində sıxmaq istəyirlər ki, sabah bunlar başqa iddialarla çıxış etməsinlər. Ona görə də biz hələ bu cür ”sürprizlərin” daha çox şahidi olacağıq”.
Ekspertin fikrincə, tənqidi fikir söyləməklə bu cür əməllərin qarşısını almaq mümkün deyil. Bunun üçün xalq ayağa qalxmalı, sözünü deməlidir. Başqa yolla bunların öhdəsindən gəlmək mümkün deyil: “Əminəm ki, Azərbaycan xalqı hansısa zamanda hökmən bu cür qanunsuzluqların, maliyyə maxinasiyalarının hesabını soracaq. Nə qədər gec deyil, hökumət bunu başa düşməlidir. Bu binaların tikintisi ölkədə tüğyan edən rüşvət, korrupsiya, monopoliya əməliyyatlarının dalğasının tərkib hissəsidir”.
Fizzə



