Amerikalı ekspert: «Azərbaycan BTC-nin təhlükəsizliyinin qorunmasında ABŞ-dan yardım tələb etməlidir»
Son vaxtlar ABŞ analitikləri və ekspertlərini bir məsələ düşündürür: ABŞ və Iran müharibəyə nə qədər yaxındır? Amerika Sahibkarlıq Institutunun eksperti, prezident Buş administrasiyası dövründə Pentaqonun Iran və Iran tematikası üzrə müşaviri Maykl Rubin bu durumun Iranın yaxın qonşusu Azərbaycana necə təsir göstərəcəyini “Turan”ın Vaşinqton müxbirinə şərh edərkən deyib:
“Vəziyyət çox ciddidir. Lakin bu, Amerikanın Irana daxil olmasına gətirib çıxarmayacaq. Hətta bu gün Irana qarşı hərbi əməliyyatların aparılmasını müzakirə edənlər də amerikalılar bu ölkəyə girdiyi halda belə variant tapa bilməyəcəklər. Ən yaxşı halda ABŞ hava zərbələri ilə kifayətlənəcək”, – o qeyd edib.
Sanksiyalar istənilən effekti vermir
Rubinin sözlərinə görə, artıq 25 ildir ki, iranlılar beynəlxalq sulara təhlükə törətmirlər. Sonuncu dəfə bu 1988-ci ildə baş verib. Onlar Fars körfəzini minalamışdılar.
Bununla yanaşı, vəziyyətin kəskinləşməsi təhlükəsi qalır. Belə ki, Iran hakimiyyətinin hərbi ritorikası onunla nəticələnə bilər ki, vəziyyət nəzarətindən çıxar və onlar amerikalılar ilə vuruşmalı, ya da simalarını itirmiş olar.
Eyni zamanda analitik ehtimal edir ki, Irana qarşı sanksiyalar onların təşəbbüsçülərinin istədiyi kimi effektiv deyil, amma iranlıların özlərinin etiraf etdiyi qədər effektivdir. “Məsələ bundadır ki, nə qədər ki, onlar tam təcrid olunmayacaqlar, sanksiyalar iranlıların davranışını dəyişməyəcək. Məhdud sanksiya isə sadəcə olaraq, işləməyəcək”, -analitik hesab edir.
Azərbaycan Amerikadan kömək istəməlidir
Eyni zamanda iranlıların Fars körfəsinə mümkün hücumları müzakirə olunur. Yaddan çıxarmaq olmaz ki, Tehran kifayət qədər din xadimi hazırlayıb ki, onlar da Azərbaycanda problemlər yaradacaqlar. “Bakı bunu unutmamalıdır və Azərbaycan hakimiyyəti bu məsələdə də sərt mövqe tutmalıdır”, – o vurğulayıb. Bundan əlavə, Iran “Azərbaycan üçün əlavə problemlər yaratmaq” məqsədilə Ermənistandan istifadə edə bilər. Azərbaycan Bakı-Ceyhan neft kəmərinə Iran tərəfdən mümkün hücumun qarşısının alınmasında ABŞ-ın dəstəyinə ümid edə bilərmi? Bu sualın cavabında Rubin deyib ki, terrorizmin spesifikası ondadır ki, demək olar ki, bu, hər yerdə gözlənilmədən baş verir. “Lakin bu məsələdə ABŞ-ın tam dəstəyini qazanmaq Azərbaycanın rəsmi şəxslərinin məsuliyyətidir. Əgər Türkiyə PKK ilə mübarizə məsələsində ABŞ-ın dəstəyini əldə edirsə, Azərbaycan da sözsüz ki, BTC-nin qorunması məsələsində Amerikadan hərtərəfli yardım tələb etməlidir”,- o bildirib.
Rubin hesab edir ki, Irana qarşı hərbi aksiya ona gətirib çıxaracaq ki, bu gün öz hökumətinin əleyhinə çıxan iranlılar Iran bayrağının ətrafında birləşəcəklər. O, həmçinin Iranın hər hansı etnik qrupunun kifayət qədər birləşdiyinə inanmır. Yada salmaq kifayətdir ki, bu ölkənin ali dini rəhbəri Əli Xamneyi etnik azərbaycanlıdır.
Iran qonşu ölkələrə hücum edə bilər
Iran məsələsi üzrə digər ekspert, Iran Islam Qvardiyası haqda araşdırmaların müəllifi, Virciniyadan olan Əlirza Nader hesab edir ki, nə ABŞ, nə də Iran müharibə istəyir.
O, “Turan”ın müxbiri ilə söhbətində bildirib ki, Iranın nüvə silahı yaratmaq ehtimalı Tehrana beynəlxalq təzyiqlərin artırılmasını qaçılmaz edir. “Odur ki, Tehranın Hörmüz boğazını blokadaya almaq barədə hədələri Vaşinqtonun və digər dövlətlərin yadına salır ki, Iran Mərkəzi Bankına qarşı sanksiyalar gücləndirilməlidir”, – Nader hesab edir.
O ehtimal edir ki, martda keçiriləcək parlament seçkiləri ərəfəsində Iran rejimi kifayət qədər kövrəkdir. Bundan əlavə, Iran regional dövlət kimi zəifləyir və sanksiyalar da buna xidmət edəcək, baxmayaraq ki, nüvə proqramını dayandırmayacaq. “Əlbəttə, bütün bunlar o demək deyil ki, münaqişənin eskalasiyasi mümkün deyil və vəziyyət qonşu dövlətlərin cəlb olunması ilə nəzarətdən çıxa bilər”, – ekspert qeyd edib. “ABŞ ilə münaqişə yaranarsa, Iran qonşu ölkələrə, ilk növbədə Fars körfəzindəki ərəb ölkələrinə hücum edə bilər. Eyni zamanda iranlılar qonşu ölkələrdə Amerikanın diplomatik missiyalarına və digər obyektlərinə hücum edə bilər”, – Nader vurğulayıb.