Azərbaycan bayrağının müxtəlif rəsmi görüşlər zamanı tərs asılması artıq ənənəyə çevrilib. Maraqlıdır ki, bu hallar daha çox yüksək çinli məmurların qatıldığı tədbirlər zamanı baş verir. Bunu necə dəyərləndirmək olar – Azərbaycan rəsmilərinin diqqətsizliyinin, ya dövlət atributlarına sayğısız münasibətlərinin nəticəsi kimi? Belə hadisələrin tez-tez təkrarlanması, həm də ciddi ictimai qınaqdan sonra təkrarlanması, baş verənləri diqqətsizlik yox, sayğısızlıq kimi dəyərləndirmək üçün daha çox əsaslar verir. Hər dəfə ciddi ictimai qınaqdan sonra belə halların son olacağını düşünsək də, bu baş vermir.
Növbəti bayraq birabırçılığı martın 4-də Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri zamanı baş verib. Abdullayev Gürcüstanda bu ölkənin dövlət rəsmiləri ilə geniş tərkibdə görüş zamanı bayrağımızın tərs asılmasına etinasız yanaşıb. Hadisə Kvemo Kartlidə baş verib. Abdullayev və nümayəndə heyəti Kvemo Kartlinin qubernatoru Paata Xizanaşvili ilə Gürcüstanın enerji naziri Kaxa Kaladzenin də iştirak etdiyi görüş keçirib. SOCAR prezidenti Azərbaycanın hədiyyəsi olaraq Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 ədəd traktor və kotanı Kvemo Kartli quberniyası adminstrasiyasına təqdim edib. Görüşdə SOCAR ilə Kvemo Kartli qubernatorluğu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bayraq da masanıən üzərinə bu imzalanma mərasimində tərs qoyulub. Bayrağımıza hörmətsizlik görüşdə iştirak edən Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslərin də diqqətini cəlb etməyib. Hətta görüşdən sonra bayrağımızın tərs asıldığını əks etdirən fotolar heç nə olmamış kimi Gürcüstan və Azərbaycan mətbuatında da tirajlanıb.

Daha maraqlısı budur ki, Azərbaycan dövlət agentliyi Azərtac çoxlu sayda informasiya mənbələrində və sosial şəbəkələrdə yayılan bu fotoya “əl gəzdirib”, yəni bayrağı fotoşopla düz vəziyyətinə gətirib. SOCAR-ın rəsmi saytında isə Abdullayevin Kvemo Kartli səfəri barədə xəbərə bir neçə foto əlavə olunsa da, məhz imzalanma mərasimindən foto “yada düşməyib”. Bunu rəsmi informasiya mənbələrinin növbəti bayraq rüsvayçılığını gizlətmək cəhdi kimi qiymətləndirmək olar.
Xatırladaq ki, Azərbaycan bayrağı hətta ölkə başçısı İlham Əliyevin bəzi görüşlərində də tərsinə asılıb. Onun Brüsseldə Avropa Komissiyasının ovaxtkı prezidenti Barrozo ilə görüşü zamanı da bayrağımız tərsinə asılmışdı və onda da dövlət agentyliyi fotoşopla bu səhvi “düzəltmişdi”.



