Yaxud, qoz-fındığa vəkillik etməyin sirri
İlham Hüseyn
Bəzi adamlar haqqında heç vaxt yazmaq istəməmişəm. Çünki onuncu dərəcəli adamlara “şillə” vurmaq onlara nəfəslik açmaq kimidir. Amma bəzən bu unudulmuş, ictimai rəydə “2” qiyməti almış adamlar havanı elə korlayır ki, “pəncərə”ni açıb havanı dəyişmək lazım gəlir. Bir daha təkrar edirəm ki, “səngərdənqaçanlar” heç vaxt rəqibimiz olmayıb və ola da bilməz.
Bir neçə gün öncə AXCP sədri Əli Kərimli öz “facebook” səhifəsində ölkəyə gətirilən meyvə və quru meyvələrin gömrükdə bazar qiymətindən 20-30 dəfə ucuz qiymətlərlə rəsmiləşdirilməsi haqda məlumat yaydı. Bu məlumat böyük rezonansa səbəb oldu və hökumətin növbəti ifşasını təmin etdi. Amma həmişəki kimi həqiqətlərə “cırmaq” atanlar oldu. İqtisadçı ekspert Natiq Cəfərli əsassız ittihamlar səsləndirdi və cəbhəçilər də buna tutarlı cavab verdilər. Amma bu yazının məqsədi həmin polemikaya yenidən işıq tutmaq deyil. Sadəcə olaraq “əbədi susmuşlar”dan birinin bu polemikaya müdaxiləsinə münasibət bildirmək istəyirəm.
Belə ki, eramızdan əvvəl müxalifətdə olmuş, hazırda deputat kürsüsünü “zanit” etmiş biri (adını çəkmək həvəsim yoxdur) öz aləmində Natiq bəyə dəstək vermək istəyib. Amma bu “üfunətli müdafiə” taktikasından da görünür ki, məqsəd Natiq Cəfərliyə dəstək vermək yox, “zəhər” tökməkdir.
Məsələ belədir ki, bu adamlar uzun müddətdir unudulub, hökumətin bu adamlara təlabatı azalıb və növbəti mərhələdə gözə girmək üçün vasitə tapmaq lazımdır. Yoxsa, uzun illərdi parlamentdə 70-cı dərəcəli məsələlərə münasibət bildirən, gömrükdəki süründürməçiliyə, korrupsiyaya bir dəfə etiraz etməyən adam, qəfil quru meyvələrin “hüquqlarını müdafiə etməyə” qalxmazdı.
Yəqin ki, qarşıdan bayram gəlir və bu “xüsusi təyinatlılar” gömrüyün “xaç atası”nın yanına əliboş getmək istəmirlər. Yəni, belə bir prinsipial məqamda gömrük maxinasiyasına boya vurmaq cəhdini “ağsaqqal”a bayram hədiyyəsi kimi təqdim edəcəklər.
Görünür, “səngərdənqaçanlar” böhranın təsirini hiss etməyə başlayıblar və buna görə də qozun, fındığın gömrükdə rəsmiləşdirilən qiymətinə “qoz” qoymaqla vitrinə qayıtmaq istəyirlər.
Depuat məlum yazısında cəbhəçiləri debil, qaraguruh adlandırıb, partiyanın keçmişdə hökumətlə separat danışıqlara getdiyini yazıb və mandatına yaraşmayan tərzdə məsəl çəkərək fikrini tamalayıb.
Əgər prinsipiallıq, əqidəyə xəyanət etməmək, dünya malına satılmamaq qaraguruhluqdursa, biz bununla qürur duyuruq. Əsas odur ki, qara qüvvələrin xidmətçisinə çevrilməyəsən, tərcümeyi-halın qara halqalardan ibarət olmasın.
Hökumətlə separat danışıqlara gəlincə, deputat gərək pənah apardığı rejimə belə pislik etməzdi. Çünki deputat bu sözlərlə hökumətin separatçılqla məşğul olduğunu bəyan edir. Amma Əli Kərimlinin bütün ittihamlara qısa cavabı kifayət etdi ki, kimin hara xidmət etdiyi aydınlaşsın. Deputat kürsüsündə oturub, qərargahsız qalanları, şərlənib həbsə atılanları, səsi oğurlananları saxtakarlıqda ittiham edə bilmək də bir başqa “qabiliyyət” tələb edir. Allah bu “qabiliyyət imtahanı”ndan keçməyi bizlərə nəsib etməsin.
Yeri gəlmişkən, etirafına görə deputata təşəkkürümü bildirirəm. Çünki deputatın məlum satatusunun altından “millətin faciəsi o zaman başladı ki, sizin kimilər millətə vəkillik etdi” yazmışdım. Deputatımız da cavabında “mən sizin millətə vəkillik etmirəm. Öz cahil sürünüzün vəkillərini başqa yerdə axtarın” cavabını verdi.
Bəli, özü də fərqindədir ki, millətə yox, hökumətə vəkillik edir. Hökumətə vəkillik edənlər üçün isə millət cahil sürüdən başqa bir şey deyil.
“İmanlı deputat”ın qeyri-etik məsəl çəkməsinə isə eyni ritorika ilə cavab vermək istəmərəm. Çünki mənim üçün ən böyük mandat şəxsiyyətmidir və yaraşamyan ifadələr işlədə bilmərəm. Kimsə 40 min seçicisi qarşısında utanmaya bilər, amma mən lazımsız ifadə işlətsəm ilk növbədə özümdən utanaram.
Sadəcə olaraq demək istəyirəm ki, indi varlının da, kasıbın da çatışmayan cəhəti bilinir. Bəlkə də deputatın bu “el məsəli”nə bu qədər mötəbər yanaşması hansısa təcrübədən irəli gəlir. Amma indi vəziyyət dəyişib və varlının da, kasıbın da çatışan-çatışmayan cəhəti görünür. Allah bizi pis yollarla varlanmaqdan qorusun.
Bəlkə də “gömrükçü” deputatın qoz-fındıq söhbətinə bu qədər aqressiv müdaxiləsi təbiidir. Çörək gələn yerə sədaqət nümayiş etdirir. İstənilən halda əqidənin gömrüyünə xəyanət etdikdən sonra, qoz-fındığın gömrüyünə sədaqət effekt vermir. Çünki, insanlar sənə bir “qoz” qoymuş olur.