Rəsul Quliyev yeni təşkilatın təsis konfransında İctimai Palata üzvünə nələr dedi?
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatın təsis konfransında Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə İctimai Palatanın nümayəndəsi Yeganə Əmiraslanova arasında polemika olub.
APA-nın məlumatına görə, yığıncaqda iştirak edən Y. Əmiraslanova “skape” vasitəsilə toplantıya qoşulan R. Quliyevə üzünü tutaraq deyib ki, bu qurumun yaranması müxalifəti və iqtidardan narazı olan toplumu çətin seçim qarşısında qoyub: “Artıq neçə müddətdir iqtidarın keçirdiyi son seçkidən narazı olanlar və müxalifətdə olan bir sıra partiyalar İctimai Palatada təmsil olunurlar. Ötən dövr də onu göstərdi ki, İctimai Palata mübarizəsində inamlıdır. Burada İctimai Palatanın işində iştirak edən dostları da görürəm”. O qeyd edib ki, yeni təsis olunan hərəkatda da onun mübarizədə yoldaş hesab etdiyi insanlar cəmləşib. Lakin bu qurumun yaradılması onu və onun kimi digər müxalifətçiləri ciddi seçim qarşısında qoyub: “Rəsul bəy, sizin vəziyyəti düzgün qiymətləndirmək bacarığınızı bilirəm. Aydınlıq gətirin görək, İctimai Palata olduğu halda bu qurumun yaradılmasına nə lüzum var idi? Biz seçim qarşısında qalmışıq. Nə edək?”
Rəsul Quliyev isə İP nümayəndəsinin fikirlərindən təəccübləndiyini və məsələnin yanlış yerə yozulduğunu deyib: “İctimai Palata bizim təbii müttəfiqimizdir”.
R. Quliyev qeyd edib ki, İctimai Palata konsensusla işləyən təşkilat olduğundan, fəaliyyətində bir sıra problemlər meydana çıxa bilir: “İctimai Palatada qərar verib, icra etmək problemdir. Ancaq bu hərəkatın formatında bu problemlər yoxdur. Məsələni başqa yerə yönəltmək olmaz və sizin də İctimai Palatada iştirakınız məqbul sayılır”.
Konfrans bitdikdən sonra da toplantıda iştirak edən bəzi şəxslər Y. Əmiraslanovanı bu mövqeyinə görə tənqid ediblər. Y. Əmiraslanova isə mövqeyini öz arqumentləri ilə əsaslandırıb və bu yığıncağa dost kimi qatıldığını bildirib.


