“Haber1”: “Bu duruma Azərbaycan tərəfdən ilk qarşı çıxan müxalifət lideri Əli Kərimli oldu”
Fransanın saxta erməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanun qəbul etmək istəyini kəskin tənqid edən AXCP sədri Əli Kərimlinin çıxışı Türkiyənin daha bir media orqanında əksini tapıb.
Xatırladaq ki, AXCP sədri İctimai Palatanın 8 yanvar tarixli sessiyasında çıxışı zamanı belə bir qanunla rəsmi Parisin yanlışa imza atacağını, bunun Fransaya xeyir gətirməyəcəyini bəyan edib, eyni zamanda Azərbaycan hakimiyyətini baş verənlərə seyrçi yanaşdığı üçün sərt şəkildə qınayıb.
Əli Kərimlinin çıxışındakı bu hissə sonrakı günlərdə Türkiyənin bir neçə saytında tirajlanıb. Yanvarın 12-də isə AXCP sədrinin çıxışı “haber1” internet-qəzetində yayılıb. Qəzetin köşə yazarı Ulduzə Qaraqızı “Fransaya mesaj” başlıqlı yazısında Əli Kərimlinin dediklərinə yer verib.
Fransanın məlum qanunu qəbul etmək istəyinin hələ də medianın əsas müzakirə mövzusu olduğunu qeyd edən yazar AXCP sədrinin çıxışını belə təqdimatla verib: “Qanun layihəsinin qəbuluna Türkiyə etriaz etsə də, Azərbaycan hökuməti bu durumu sakit qarşılayıb. Bu duruma Azərbaycan tərəfdən ilk qarşı çıxan müxalifət lideri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli oldu”.


