İsa Qəmbərdən “başqanlıqda qal” təklifinə reaksiya

“Müzakirələrin dayanması üçün birinci açıqlamam kifayət etməli idi”

Müsavat Partiyasının mart ayına təyin edilən qurultayında başqan postuna yenə də İsa Qəmbərin seçilə biləcəyi haqda partiyanın Məclis sədri Arzu Səmədbəylinin açıqlaması maraq doğurub. Xatırladaq ki, A.Səmədbəyli partiyada İ.Qəmbərdən başqa üzvlərin əksəriyyətinin qəbul etdiyi ikinci liderin olmadığını deyib. Onun fikrincə, bir nəfərin iki dəfədən artıq başqan seçilməsini qadağan edən Nizamnamə maddəsi qurultayda dəyişidirilə və İ.Qəmbər yenidən bu posta seçilə bilər.
Məclis sədrinin fikirlərinə münasibət öyrənmək üçün Müsavat başqanı İsa Qəmbərə müraciət etdik. İ.Qəmbər iki müddətdən artıq partiyanın başqanı vəzifəsində qalmayacağı və budəfəki qurultayda başqanlığa namizədliyini irəli sürməyəcəyi haqda bundan əvvəl dəfələrlə təkrarladığı mövqeyində qaldığını bildirdi.
“Bu mövzuda dəfələrlə danışmışam, hərçənd bu istiqamətdə müzakirələrin dayanması üçün birinci açıqlamam kifayət etməli idi” deyən İ.Qəmbər bildirib ki, bununla belə partiyanın hər bir üzvünün öz fikrini ifadə etmək hüququ var.
Partiyanın başqan müavini Tofiq Yaqublu da “Media forum” saytına bildirib ki, İsa Qəmbərin başqan vəzifəsindən getmək mövqeyi birmənalı və dəyişməzdir. Hətta qurultay qərar verib bir şəxsin iki dəfədən artıq Müsavat başqanı olmasına yasağı ləğv etsə də, İ.Qəmbər bu posta namizədliyini irəli sürməyəcək.
T.Yaqublu həmçinin belə hesab edir ki, partiya nizamnaməsində bir şəxsin iki dəfədən artıq başqan olmasına qoyulan məhdudiyyət demokratik normadır və müstəsna əhəmiyyət kəsb etdiyindən dəyişməməlidir.

Hikmət