Üç yol polisi daxili işlər orqanlarından qovulub

İnternetdə yayılan video görüntülərlə bağlı toplanmış materiallar isə prokurorluq orqanlarına göndərilib

Dövlət yol polisi əməkdaşlarının sürücülərdən rüşvət alması ilə bağlı internetdə yayılan video görüntülərə dair aparılan araşdırma başa çatıb, həmin şəxslərin kimliyi müəyyənləşib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov bildirib. S. Gözəlovun sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan həmin üç nəfər daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Qeyd edək ki, bir neçə gün əvvəl internetdə yol polisi əməkdaşlarının qayda pozan sürücülərdən rüşvət almasını əks etdirən video görüntülər yayılıb.