Kompromis və güzəştlər zamanı

avropa_birliyi-bina-bayraqBrüssel strateji tərəfdaşlıq haqqında yeni saziş üzərində işləyir

Avropa İttifaqı Azərbaycanın strateji cəhətdən müasirləşdirilməsini sərtləşdirir

Yüksək vəzifəli iki Avropa siyasətçisi – Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini və Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramuntun fevralın sonu – martın əvvəlində Bakıya səfərləri Azərbaycanın ciddi əlavə təhlükələr, xüsusən maliyyə böhranı ilə qarşılaşdığı çətin bir vaxta təsadüf edib.

Şahmat dili ilə desək, prezident Ilham Əliyev avropalı qonaqları ÜDM-in iki dəfə düşməsi, işsizliyin, yoxsulluğun artması, ən əsası isə, neftin bahalı olduğu dövrdə həddindən artıq böyük gəlirlər sayəsində əldə edilmiş sosial nailiyyətin itirilməsi ilə qeydə alınan zəif mövqedə qəbul edib.

Qərb siyasətçiləri rəsmi Bakının qarşılaşdığı problemlərdən xəbərdardır, rejimin zəif yerlərini və ilk növbədə nisbi daxili inkişafın və sabitliyin qorunub saxlanması üçün zəruri olan maliyyə vəsaitinin əksikliyini yaxşı bilirlər. Hazırkı səfərə gələcək addımlar üçün zəmin axtarışı kimi baxmaq olar.

Bu, Mogerininin ifadələrindən hiss olunurdu. Onun səfər ərəfəsində “Turan”a müsahibəsindən anlaşılırdı ki, insan hüquqları və demokratiya mövzusu adətən daha çox ikitərəfli münasibətlərin digər məsələləri ilə əlaqələndirmədən, təcrid edilmiş şəkildə energetika mövzusunda əməkdaşlıq haqqında danışmağa üstünlük verən rəsmi Bakı ilə gələcək danışıqların tərkib hissəsi olacaq.

Bakıda əsaslı şəkildə hazırlıq görülən səfər ərəfəsində görünürdü ki, Əliyev administrasiyası 1996-cı ildə “Avropa Ittifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında” sazişin imzalanması ilə start verilmiş Avrointeqrasiya problemlərinin həllinə kompleks yanaşmaya hazır deyil. Avropanın enerji təhlükəsizliyi problemi üzərindən uğurla oynayan rejim əməkdaşlığın bütün başqa formalarını məzmunsuzlaşdırmağa və ölkənin demokratikləşməsi prosesini zərərləşdirməsinə müvəffəq olub.

Mogerininin səfəri ərəfəsində cəmiyyət AI-yə qarşı ikiüzlü siyasətin şahidi oldu. Xarici işlər naziri Mahmud Məmmədquliyev Azərbaycanın AI-dən yeni saziş üzrə danışıqlar aparmaq üçün mandat almağı gözləmədən Avropa Ittifaqı ilə əməkdaşlıq perspektivlərinin ilkin müzakirəsinə başladığını deyirdisə, həmkarı Araz Əzimov hökumətin adından Azərbaycanın AI-yə daxil olmağa hazırlaşmadığını və belə bir məqsədi olmadığını bildirib. XIN rəhbəri Elmar Məmmədyarov isə 2015-ci ilin mayında Riqaya gətirdiyi, sonradan avropalı tərəfdaşlarını çaş-baş qoyaraq gizləndiyi strateji müasirləşmə haqqında hüquqi cəhətdən heç bir öhdəlik yaratmayan sazişi imzalamağa hazır olduğunu bildirib.

Göründüyü kimi, yüksək vəzifəli avropalıların səfəri ərəfəsində Əliyev administrasiyası AI ilə Sovet rejiminin dağılmasından və ölkə müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycan cəmiyyətinin əksəriyyətinin can atdığı real inteqrasiya haqqında danışıqlara hazır deyildi.

Lakin AI rəsmi Bakının Şərq Tərəfdaşlığının Riqa sammiti zamanı dondurduğu Azərbaycanın strateji cəhətdən müasirləşdirilməsi haqqında sazişin işə salınmasının, yeri gəlmişkən, ölkəni əhatə etmiş dərin iqtisadi böhran şəraitində, heç vaxt omadığı qədər vaxtına düşmüş görünə  bilər. Avropada hesab edirlər ki, böhran və Əliyev administrasiyasının qarşılaşdığı yeni təhlükələr yeni reallıqlar şəraitində rəsmi Bakının praqmatik və konstruktiv olmasına səbəb olacaq.

“Yüksək səviyyədə danışıqlarım Azərbaycanın bir sıra təhlükələrlə qarşılaşmasından sonra dəyişikliklər küləyini hiss etməyimə imkan verib”, deyə heç cür avtoritar rejimin düşməni adlandıra bilməyəcəyimiz Aqramunt bildirib.

Aqramuntun prezident, spiker və XIN rəhbəri ilə görüşlərdən sonra gəldiyi nəticələr “bu dəyişikliklərin energetika və insan hüquqları məsələlərindən daha geniş olduğunu və maliyyə böhranı, qanunun aliliyinin və şəffaflığın təmin edilməsi ilə xarici investorların cəlb edilməsi zərurətini və bütün bunlar Azərbaycanın düşdüyü həssas geosiyasi vəziyyət fonunda olduğunu” göstərir.

Hər iki Avropa siyasətçisinin yekun nitqindən ehtiyatla belə bir nəticə çıxarmaq olar ki, indi Əliyev administrasiyası kompromislərə, xüsusən insan hüquq və azadlıqları sahəsində güzəştlərə heç vaxt olmadığı qədər hazırdır. AŞ PA prezidenti qeyd edib ki, Avropa Insan Hüquqları Konvensiyasının səmərəli tətbiqi üçün 52-ci maddə çərçivəsində AŞ Baş Katibi ilə əməkdaşlığa hazır olduğu haqqında hakimiyyətdən təminat alıb.

Mogerininin səfərini yekunlaşdıran AI-nin uzunmüddətli inkişaf və rifaha gedən yolun açıq cəmiyyətdən və azadlıqlara hörmətdən keçdiyi haqqında ifadəsi də mesajın prezident Əliyevə çatdırılması və gələcək əməkdaşlığın hansı şərtlərlə olacağı baxımından səciyyəvidir.

Hələlik isə, Mogerinidən bəlli olduğuna görə, Brüssel strateji tərəfdaşlıq haqqında yeni hərtərəfli saziş üzərində işləyir. Azərbaycanın düşdüyü mürəkkəb vəziyyəti nəzərə alsaq, bu saziş şərtlərinin və müddəalarının bir il əvvəl Əliyev administrasiyasının heç bir əhəmiyyət kəsb etməyən sənəd kimi pozduğu əvvəlki sazişdə nəzərdə tutulanlardan xeyli sərt olacaq.

“Turan” Analitik Xidməti