Hakimiyyətin yalanı ifşa olundu

Avropa Yayım Birliyinin BBC-ni “Eurovision” əleyhinə kampaniya aparmaqda suçlaması haqda xəbər təkzib olundu

“Eurovision” təşkilatçıları BBC-ni mahnı müsabiqəsi əleyhinə kampaniyada suçlayan məktub göndərdikləri barədə xəbərləri qətiyyətlə təkzib ediblər. “Biz BBC-yə bu cür məktubun yazıldığını inkar edirik”, – deyə Avropa Yayım Birliyinin (EBU) nümayəndəsi BBC Azərbaycancaya bildirib. Anonim qalmaq istəyən rəsmi BBC-yə məktubun müzakirə olunmadığını bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycanın dövlət mediası Avropa Yayım Birliyində BBC-nin “Azərbaycan hökuməti və “Eurovision” müsabiqəsi əleyhinə kampaniya aparmasından” narahatlığın mövcud olduğunu xəbər verib.
Burada xüsusən mahnı müsabiqəsi üçün salonun tikintisi gedən ərazidə binaların uçurulması planı barədə internet məqaləsinə istinad edilir. Dövlət Bayrağı Meydanı yaxınlığındakı evin sakinləri onların əmlakına təklif olunan kompensasiyanın bazar dəyərindən xeyli aşağı olduğu üçün özlərini “Eurovision qurbanları” adlandırıblar. Bu məqaləyə istinad edən dövlət mediası isə BBC-ni Azərbaycana qarşı qara PR-da ittiham edib.
Avropa Yayım Birliyinin nümayəndəsi insan haqlarının pozulması iddiaları üzündən “Eurovision” brendinə xələl gələ biləcəyindən narahatlıq keçirmədiklərini deyib: “Azərbaycan hakimiyyətinə sorğumuza cavabda müsabiqənin keçəcək Büllur Zalının (Crystal Hall) indiyədək boş olmuş sahədə tikiləcəyi bildirilib”.
Rəsminin sözlərinə görə, yaşayış binasının uçurulma planının əsas səbəbi göründüyü kimi, Büllur Zalının inşası deyil: “Hakimiyyət binanın şəhər infrastrukturunun yenidən qurulması və inkişafı üzrə geniş plan çərçivəsində uçurulacağını bildirib”.
Nümayəndə “Eurovision”a ev sahibliyi edən ölkənin diqqət mərkəzinə keçdiyini və müəyyən problemlərlə bağlı qeyri-dövlət təşkilatları, habelə kampaniya qruplarının tənqidinin artdığını bildirib. Onun fikrincə, “Eurovision” bu mənada problemi qabardaraq onun çözümü üçün təzyiqin artmasına xidmət etdiyinə görə faydalıdır.
Nümayəndə Avropa Yayım Birliyinin siyasətə müdaxilə etmək istəmədiyi üçün şərh verməkdən çəkindiyini də deyib: “Biz Azərbaycan hökumətinin işinə müdaxilə etsək Avroviziya müsabiqəsi əyləncə kimi yoxa çıxaraq başqa şeyə çevrilə bilər və buda brendimizə ciddi xələl gətirə bilər”