Heç bir halda hökm vermək fikrim yoxdu. Sadəcə, özüm üçün bəzi sualların cavabını tapmaq istəyirəm. Məsələn, əsas olan dini və dini olmayan başqa təlimlərdi, ya bütün dinlərin yaradıcısı, müjdəçisi, onu işlək vəziyyətə gətirən, irəli aparan, təbliğ edən, yayan, onun üstündə bütöv bir həyat tərzi quran və nəhayət, onu yüksəklərə qaldırdığı kimi gözdən salan insan?
Bu sualı özüm-özümə verərkən cavab şəklində çıxardığım nəticələr, gəldiyim qənaətlər də təbii ki, yalnız mənim özümə aiddi, özüm üçündü, kimsəyə bu fikirləri sırımaq arzusunda deyiləm, ama yenə də bölüşməkdə bir zərər olmayacağını düşünürəm.
Təlimlərdən, ideyalardan üz döndərən nə qədər adamlar görmüşük. Bir var, təlimin prinsiplərini qəbul eləməyəsən, bir də var, o təlimdən yararlananların, öz mənfəətləri üçün min hoqqadan çıxıb istəklərini o təlimlərin adına gerçəkləşdirənlərin ucbatından aralanasan. Bu qaydayla hansısa dindən (hansı olmasının burada fərqi yoxdu), sosial təlimdən, fəlsəfi xətdən, ədəbi axından, hətta siyasi partiyadan uzaqlaşmalar var. Bu addıma qarşı daim kontr-arqument bu olub ki, dinə (və s.) hansısa mollalara, keşişlərə, ravvinlərə görə qiymət vermək doğru deyil. Məsələn, protestantlığa Kalvinə, ümumiyyətlə, xristianlığa “Qara Keşiş”ə və ya onlarla belə tiplərə, Islama hansısa Şeyx Nəsrullahlara və ya hansısa ərəb kralına, ya da elə Iran teokratik rejiminə, ayətullahların fitva institutuna görə qiymət verməməlisən. Ya da tutaq ki, bu yaxınlarda Israildə baş verən iyrənc hadisə. Kimsəyə sirr deyil ki, mənfi tiplər həmişə daha bol olur, hər yerdə onlarla qarşılaşırsan. Hər bir dini və ya başqa təlimi yürüdənlər daha çox onlardı. Cahilin kamildən çox olduğunu kim bilmir ki? Bütün dünya və dini hakimiyyətlər həmişə bu cahillərin əlində olmayıbmı? Əlbəttə, bu ciddi arqumentdi – din gözəldi, ilahidi, naqis əməlli insanlara görə ona ikrahla yanaşmaq lazım deyil. Lakin baxaq, hansı təlim insanlığın əleyhinə, onun mənəvi və maddi dirçəlişinə qarşıdı? Kommunist ideologiyasımı? Sosial-demokratiya, buddizm, konfusiçilik, krişnaizm, islam, xristianlıq, iudaizm, hətta Hitlerin faşizmi? Hər biri insanın, ən azı bir millətin yüksəlişini hədəfləyir. Hətta düşüncə mexanizmində totalitarizm olsa belə, yenə də bu təlimlərin hər biri insanı xoşbəxt görmək istəyir. Insan isə nəinki xoşbəxt olur, öz xoşbəxtliyini bu təlimlərin üstündə iyrənc əməliyyatlar aparmaqla çıxarmağa çalışır. Nəticə nə oldu? Kommunistlər bir-bir gizli xüsusi mülkiyyətçiyə, rüşvətxor və korrupsionerə, şəxsiyyətə pərəstiş azarlısına, ayrı cür düşünən insanların cəlladına çevrildilər. Faşistlər də təxminən elə. Xristianlıqda inkivizisiya məhkəmələri, keşişlərin ölçüsüz dünyəvi və “ilahi” hakimiyyəti, alternativ düşüncəyə düşmənçilik, islamda şaqqalamalar, daşqalaqlar, dəri soymalar, başqa dəhşətli əza-cəzalar, mollaların yaydığı cəhalət, gerilikçilik, şər hakimiyyətlərinə yarınmalar və s. Əgər hər şey, hər təlim elə insanın əlilə iyrənc şəklə salına bilirsə, o zaman o təlimlərin gözəlliyinin zərrəcə önəmi qalırmı?
Bir evin təməli gözəl atılıb, divarları heyrətamiz düzgünlük və harmoniya ilə hörülüb, gözəl üzlənib, hər cür gözəl yaşam şəraiti yaradılıb, insanın mənəvi və fiziki rahatlığı üçün hər tələbə cavab verirsə, lakin bu evdən yalnız pis əməllər üçün istifadə edilirsə, məsələn, o ev bir əxlaqsızlıq yuvasına çevrilibsə, o zaman o evin gözəl olmasının bir dəyəri varmı?
Dövlətlər də eləcə. Ancaq onu yönəldən məmurlar təpədən dırnağa, böyük üstünlüklə, kiçik istisnaları nəzərə almasaq, əliəyridisə, o dövlətə necə “gözəl” demək olar? “Siz məmurlara görə bu dövlətə yanaşmayın” demək nə qədər məntiqlidi? Dövlətin yürüdülmə sistemində naqislik olmasa, məmur neynəyə bilər?
Bəlkə bundandı Yaradanıyla özünüzü bağda hiss eləyən insanların tənhalığı? Məgər dünya gözəl deyilmi? Fəqət hamı bir-bir onu da tərk edir…